Menu

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

25.09.2026, 13:47
HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının köklü şəkildə yenilənməsini nəzərdə tutan yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklər təkcə Müdafiə Nazirliyinin şəxsi heyətinin maaşlarının nəzərəçarpan dərəcədə artırılmasını deyil, həm də illərdir tətbiq olunan pensiya hesablanması mexanizminin tamamilə dəyişdirilməsini nəzərdə tutur.

Bəs bu qanun layihəsi qəbul edilərsə, mövcud sistemlə müqayisədə hərbçilərin həyatında nə dəyişəcək? Kimlər udacaq, yeni sistem hansı üstünlükləri gətirir?

"AzPolitika" hər iki sistemi müqayisəli şəkildə təhlil edir:

 Vəzifə maaşından "Rütbə maaşı" modelinə keçid

Hazırda qüvvədə olan qaydada hərbçilərin maaşının əsasını vəzifə maaşı təşkil edir. Rütbə maaşının ümumi gəlirdəki payı aşağı idi. Müxtəlif vergi və icbari ödənişlər tutulduqdan sonra ələ dəyən net məbləğ nisbətən aşağı qalırdı.

Yeni layihədə isə əmək haqqı strukturunda baza dəyişikliyi edilir: rütbə maaşının xüsusi çəkisi 70 faizə çatdırılır. Ən əsası, bütün vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra hərbi qulluqçuların xalis əməkhaqqı orta hesabla 22,8 faiz artacaq.

Pensiya hesablannması: "Təminat xərcliyi" ləğv edilir, "Sığorta kapitalı" gəlir

Hazırda qüvvədə olan qaydayə əsasən hərbçinin pensiyası onun sonuncu aldığı təminat xərcliyinin (maaş və xidmət əlavələrinin) müəyyən bir faizi kimi hesablanır. Bu sistemdə pensiya birbaşa dövlət tərəfindən hərbçi maaşlarına edilən artımlarla indeksasiya olunurdu.

Yeni layihəyə görə, pensiya məbləği ilə təminat xərcliyi arasındakı asılılıq tamamilə ləğv edilir. Hərbçilərə mülki şəxslərdə olduğu kimi, fərdi şəxsi hesablarında toplanmış pensiya kapitalı əsasında pensiya təyin olunacaq.

Pensiya əlavələri: Staj faizini sabit "Rütbə ödənişi" əvəzləyir

Hazırda qüvvədə olan qaydaya görə pensiyaya çıxan hərbçiyə xidmət stajına görə faizlə hesablanan pensiya əlavəsi verilirdi.

Yeni layihədə isə qulluq stajına görə verilən faizli əlavə ləğv edilir. Bunun əvəzinə pensiyaya çıxan hərbçiyə daşıdığı hərbi rütbəyə görə müəyyən olunmuş sabit aylıq məbləğdə əlavə ödəniləcək. Yəni pensiyaçı həm topladığı kapitala görə pensiya, həm də rütbəsinə görə sabit ödəniş alacaq.

Pensiya yaşı: Xidmətdə olmanın son yaş həddi prinsipi

Hazırda qüvvədə olan qaydada əsas şərt minimum 25 il xidmət stajının tamamlanması idi (stajı bitən hərbçi yaşından asılı olmayaraq pensiyaya çıxa bilirdi).

Yeni layihədə nəzərdə tutulur ki, hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi doğrudan doğruya pensiya yaşı kimi müəyyən ediləcək. Bu dəyişiklik peşəkar kadrların orduda daha uzun müddət qalmasını həvəsləndirəcək. Xidmət müddəti uzandıqca hərbçinin rütbəsi və maaşı artacaq, bu da onun fərdi hesabındakı pensiya kapitalını və gələcək pensiyasını yüksəldəcək.

Kağız qovluqlarından "elektron pensiya"ya

Hazırda qüvvədə olan qaydadatərxis olunan hərbçi komissarlıqlar və kadrlar şöbəsindən xidmət illəri, təminat xərcliyi barədə kağız sənədlər toplayıb Sosial Müdafiə Fonduna təqdim etməli olurdu.

Yeni layihədə isə vahid sığorta-kapital sisteminə keçid sayəsində pensiya təyinatı tam avtomatlaşdırılacaq. Hərbçilərə pensiya proaktiv (elektron) qaydada, heç bir ünvana getmədən və sənəd toplamadan təyin ediləcək.

Müqayisəli cədvəl

Göstərici Hazırda qüvvədə olan sistem Yeni təklif olunan sistem
Xalis əməkhaqqı Mövcud tariflər üzrə Vergilər çıxıldıqdan sonra orta 22,8% artım
Maaşın strukturu Vəzifə maaşı üstünlük təşkil edir Rütbə maaşı 70%-ə çatdırılır
Pensiyanın mənşəyi Son təminat xərcliyinin faizi Fərdi hesabda toplanan pensiya kapitalı
Pensiya əlavəsi Staja görə faiz əlavəsi Rütbə üzrə sabit aylıq məbləğ
Pensiya yaşı Əsasən minimum xidmət stajı (25 il) Rütbə üzrə xidmətdə olmanın son yaş həddi
Sənədləşmə Kağız sənədlərin toplanması Avtomatik elektron (proaktiv) təyinat

Sonda qeyd edək ki, təklif olunan islahat iki mühüm strateji hədəfə xidmət edir: birincisi, Müdafiə Nazirliyinin şəxsi heyətinin xalis gəlirlərini dərhal 22,8% artırmaqla hərbi xidmətin sosial cəlbediciliyini yüksəltmək; ikincisi, pensiya təminatını mülki şəxslərdə olduğu kimi vahid sığorta-kapital prinsiplərinə uyğunlaşdırmaqla həm elektronlaşmanı təmin etmək, həm də təcrübəli hərbçilərin orduda daha uzun müddət xidmət etməsini stimullaşdırmaq.

E.Rüstəmli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol