Menu

QƏLBİNDƏ ALLAHIN YERİNİ NƏ TUTUB?

25.09.2026, 13:45
QƏLBİNDƏ ALLAHIN YERİNİ NƏ TUTUB?

Rəsul Mirhəşimli

Allahı tapmağın yolu bəzən onu axtarmaqdan əvvəl nələri rədd etməli olduğunu bilməkdən keçir. Çünki insanın Allahla arasına həmişə görünən divarlar girmir. Bəzən ən böyük maneə insanın öz içində yaratdığı bütlərdir. İnsan daşdan büt düzəltməyə bilər, amma öz arzularından, qorxularından, var-dövlətindən, vəzifəsindən, şöhrətindən, ehtiraslarından və hətta öz “mən”indən büt yarada bilər. Büt yalnız qarşısında səcdə edilən heykəl deyil, insanın həyatının mənasını və istiqamətini müəyyən edən, onun qarşısında daxili olaraq əyildiyi hər şey bir gün bütə çevrilə bilər.

Qurani-Kərim insanın bu təhlükəsinə diqqət çəkərək soruşur: “Nəfsinin istəyini özünə ilah edən kəsi gördünmü?” (“Casiyə” surəsi, ayə 23). Bu sual qədim bütpərəstlikdən daha dərin bir həqiqətə işarə edir. İnsan Allahın varlığına inanıb eyni zamanda nəfsinin istəyini həyatının son hakiminə çevirə bilər. Dilində Allah, həyatında isə pul, şöhrət, məqam və mənlik hökm sürə bilər. İmanın əsas sınağı da məhz burada başlayır.İnsanın dili ilə etiqad etdiyi həqiqət onun həyatında həqiqətən də hökm edirmi?

“Lə iləhə illəllah” kəlməsinin dərinliyində əvvəlcə rədd, sonra qəbul dayanır. “Lə iləhə” kəlməsi Allahdan başqa ilahların rəddidir, “illəllah” isə bütün bağlılıqların və itaətlərin yalnız Allaha yönəldilməsidir. İmam Qəzzali imanın inkarla başladığına diqqət çəkir. O deyirdi ki, əvvəlcə ilahları inkar et, sonra Allahın varlığına iman et. Buna görə iman yalnız Allahın varlığını təsdiq etmək deyil, Allahın yerini tutmağa çalışan hər şeyi öz qəlbindən çıxarmaqdır. İnsan özünün yaratdığı ilahları tərk etmədən Allahı tapa bilməz.

İnsanın ən böyük ziddiyyəti də budur, öz əli ilə yaratdığı şeyin qulu olmaq. Pul qazanır, sonra pulun əsirinə çevrilir. Vəzifə əldə edir, sonra onu itirmək qorxusu ilə yaşayır. Şöhrət qazanır, sonra başqalarının fikrindən asılı olur. Özünə bir obraz yaradır və ömrünün qalan hissəsini həmin obrazı qorumağa sərf edir. Nəticədə insan özünün qurduğu dünyanın içində azadlığını itirir.

Halbuki azadlıq hər şeyə sahib olmaq deyil, heç nəyin insanın ruhuna sahib çıxmasına imkan verməməkdir. İnsan var-dövlətə sahib ola bilər, amma var-dövlət onun sahibinə çevrilməməlidir. Dünyada yaşamalıdır, amma dünya onun qəlbində ilahlaşmamalıdır. Qurani-Kərim dünya həyatının keçiciliyini xatırladaraq onu “oyun və əyləncə, bəzək-düzək, aranızda öyünmək, mal-dövləti və övladı çoxaltmaq yarışı” kimi təsvir edir (“Hədid” surəsi, ayə 20). Problem dünyaya sahib olmaqda deyil, dünyanın insana sahib olmasındadır.

İslam fəlsəfəsinin və təsəvvüf düşüncəsinin əsas mövzularından biri də insanın öz “mən”inin əsarətindən çıxmasıdır. İmam Qəzzalinin əsərlərində nəfsin insanı necə aldatması, dünyəvi istəklərin qəlbi necə məşğul etməsi geniş şəkildə araşdırılır.

Mühyiddin İbn Ərəbinin düşüncəsində isə insanın öz məhdud varlığını mütləq həqiqət hesab etməməsi mühüm yer tutur.

Mövlana Cəlaləddin Ruminin təsəvvüf irsində də insanın öz dar mənliyindən çıxaraq, daha böyük həqiqətə yönəlməsi əsas mövzulardandır. Bu düşüncələrin ortaq nöqtəsi budur, insan özünü dünyanın mərkəzi hesab etdikcə həqiqətdən uzaqlaşır, öz məhdudluğunu dərk etdikcə isə Allaha yönəlir.

Bəlkə də insanın içindəki ən böyük büt elə özüdür. İnsan özünü başqalarından üstün görməyə, həmişə haqlı olduğuna inanmağa, tənqidi qəbul etməməyə və öz istəyini həqiqətin ölçüsünə çevirməyə başlayanda mənliyini ilahlaşdırır. Təkəbbür yalnız başqasına yuxarıdan baxmaq deyil; insanın öz məhdud “mən”ini mütləq həqiqət hesab etməsidir. Qurani-Kərim buyurur: “Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilərsən, nə də boyca dağlara çata bilərsən” (“İsra” surəsi, ayə 37).

Təvazökarlıq isə insanın özünü dəyərsiz sayması deyil, öz yerini düzgün bilməsidir. İnsan sahib olduğu ağılın, istedadın, imkanın və nemətin ona verilmiş bir əmanət olduğunu dərk etdikdə özünü mütləq sahib kimi görməkdən uzaqlaşır.

“Özünü tanıyan Rəbbini tanıyar” hədisi də məhz bu mənada düşünülə bilər. Bu hədisin İslam düşüncəsində işarə etdiyi məna geniş yer tutur. İnsan öz zəifliyini, faniliyini və ehtiyacını dərk etdikcə Yaradan qarşısındakı yerini daha aydın görür. Özünü tanımaq burada insanın özünü ilahlaşdırması deyil, əksinə, ilah olmadığını anlamasıdır.

İnsan başqasının bütlərini görməkdə mahirdir, öz bütlərini görməkdə isə çox vaxt kor olur. Başqasının pula bağlılığını qınayır, özü şöhrətin əsirinə çevrilir; başqasının təkəbbürünü görür, amma özünü haqlı çıxarmaqdan əl çəkmir. Həqiqi mənəvi yol isə başqasını mühakimə etməzdən əvvəl öz qəlbinə baxmaqdan başlayır. Çünki insanın özünə bəraət qazandırmaq qabiliyyəti sonsuzdur.Tamahını məqsədyönlülük, təkəbbürünü özünəinam, şöhrətpərəstliyini uğur arzusu, qəzəbini isə haqq uğrunda mübarizə adlandıra bilər.

Allahı tapmaq bu saxta adların arxasındakı həqiqəti görməkdir. İnsan nəfsinin, qorxularının, ehtiraslarının və dünyaya bağlılığının qarşısında “xeyr” deməyi bacarmalıdır. “Mən insanların alqışlarının qulu deyiləm, var-dövlətin qulu deyiləm, məqamın qulu deyiləm, öz təkəbbürümün qulu deyiləm” deyə bildiyi yerdə daxili azadlıq başlayır. Sonra “illəllah” gəlir, yalnız Allah, yalnız Ona yönəlmək və yalnız Onun qarşısında həqiqi mənada əyilmək.

Allah Qurani-Kərimdə buyurur: “De: Şübhəsiz, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür” (“Ənam” surəsi, ayə 162). Bu, dünyadan imtina etmək çağırışı deyil. Bu, dünyadakı hər şeyin öz yerinə qaytarılmasıdır. Pul vasitədir, məqsəd deyil. Vəzifə məsuliyyətdir, ilah deyil. Şöhrət keçicidir, həqiqət deyil. İnsanların rəyi dəyişkəndir, Allah qarşısında məsuliyyət isə qalıcıdır.

İman insanın yalnız “Allah var” deməsi deyil, həm də “mən ilah deyiləm” həqiqətini qəbul etməsidir. İnsan öz təkəbbürlü formasını aşdıqca, keçici olanı əbədi hesab etməkdən vaz keçdikcə və qəlbində Allahdan başqasına verdiyi mütləq hakimiyyəti geri aldıqca həqiqi azadlığa yaxınlaşır.

Bəlkə də “Lə iləhə illəllah”ın insan həyatındakı ən böyük mənası budur. Əvvəlcə bütün saxta ilahları rədd etmək, sonra qəlbi yalnız Allaha açmaq. İnsan öz əlləri ilə yaratdığı bütlərin qarşısında baş əyməyi dayandırdığı gün anlayır ki, azadlıq Allahdan uzaqlaşmaq deyil. Əsl azadlıq Allahdan başqa hər şeyin qulu olmaqdan qurtulmaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol