Menu

Ankara İraqın şimalını tərk edir: Pərdəarxasında hansı razılaşma var?

10.11.2026, 15:08
Ankara İraqın şimalını tərk edir: Pərdəarxasında hansı razılaşma var?

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Zlikan hərbi bazasından çıxarılması ilə bağlı açıqlama regionda yeni müzakirələrə yol açıb. 2026-cı ilin sonunadək türk hərbçilərinin bazanı tamamilə tərk edəcəyi bildirilir. Bu qərar Ankaranın PKK-ya qarşı mübarizə strategiyasında dəyişiklik deməkdir, yoxsa Bağdadla əldə olunan yeni təhlükəsizlik razılaşmasının nəticəsidir? Türk ordusunun bölgədən çıxması İraqın şimalında qüvvələr balansına və Ankaranın regional maraqlarına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı "Azpolitika"ya danışan Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, bu məsələ bir sıra mühüm geosiyasi məqamları ön plana çıxarır:

"Hər şeydən öncə qeyd etmək lazımdır ki, Türkiyə İraqın ərazi bütövlüyü və mərkəzi hakimiyyətinin güclənməsi məsələsini öz milli təhlükəsizlik maraqlarından ayrı qiymətləndirmir. Başqa sözlə, İraqın suverenliyinin möhkəmlənməsi Türkiyəyə qarşı fəaliyyət göstərən qeyri-dövlət silahlı strukturlarının zəiflədilməsi ilə birbaşa əlaqəlidir. Rəsmi Ankara üçün bu son dərəcə həssas amildir. Digər bir məsələ Türkiyə-İraq münasibətlərində iqtisadi əməkdaşlığın ön plana çıxmasıdır. Söhbət İnkişaf Yolu layihəsindən, ticarət və logistika əlaqələrinin genişləndirilməsindən gedir. Burada da təhlükəsizlik amili son dərəcə vacibdir. Yəni təhlükəsizlik daha geniş strateji və iqtisadi əməkdaşlığın əsas komponentlərindən biri kimi çıxış edir. Digər mühüm məqam Türkiyənin regional siyasəti və bu siyasətdə hərbi güc amilinin rolu ilə bağlıdır. Çünki Ankara bir tərəfdən regiondakı hərbi mövcudluğunu genişləndirməyə çalışırsa, digər tərəfdən müəyyən ərazilərdə bu mövcudluğu azaltmağa və ya balanslaşdırmağa üstünlük verir. Bu, Türkiyənin regional təhlükəsizlik siyasətində hərbi vasitələrlə yanaşı, siyasi və diplomatik mexanizmlərə də yer verdiyini göstərir. İraq hökumətindən isə Türkiyə öz təhlükəsizlik maraqlarına cavab verən konkret addımlar gözləyir. Məhz buna görə də prosesin gələcək nəticələri İraq dövlətinin Sincarda real nəzarət qurmaq imkanlarından, PKK-nın silahsızlaşdırılması prosesinin nəticələrindən və Ankara-Bağdad təhlükəsizlik əməkdaşlığının davamlılığından asılı olacaq".


Politoloqun sözlərinə görə, bu addımı yekun nəticə kimi qiymətləndirmək də doğru deyil:

"Bu, daha geniş bir prosesin başlanğıcıdır. Çünki regional təhlükəsizliyin təmin olunması qısa müddət ərzində baş verə biləcək proses deyil. Bunun üçün siyasi iradə, institusional mexanizmlər və konkret praktiki addımlar tələb olunur. Şübhəsiz ki, burada müəyyən təhlükəsizlik boşluğunun yaranması ehtimalı da mövcuddur. Əgər İraqın təhlükəsizlik qüvvələri bölgədə sabit və effektiv nəzarəti təmin edə bilməsələr, silahlı qruplaşmaların fəaliyyəti yenidən artacaq. Digər tərəfdən, bu proses Ankara ilə Bağdad münasibətləri üçün yeni sınaq mərhələsi kimi də qiymətləndirilə bilər. Çünki tərəflər arasında təhlükəsizlik məsələləri ilə bağlı fikir ayrılıqlarının yenidən üzə çıxması istisna deyil. Təbii ki, burada ən mühüm məsələlərdən biri regional güc balansıdır. İraqın şimalında hərbi və siyasi nəzarətin dəyişməsi heç şübhəsiz ki, Türkiyənin, İraq Kürdüstanı Regional Administrasiyasının, İranın və ABŞ-ın maraqlarına da təsir göstərə bilər. Yəni söhbət yalnız Türkiyənin və İraqın atacağı addımlardan yox, eyni zamanda, bu prosesin regional və beynəlxalq güc mərkəzlərinin maraqları kontekstində hansı nəticələr doğuracağından gedir. Digər tərəfdən, məsələyə Türkiyənin İraqın şimalındakı bütün hərbi mövqelərini tərk etməsi kimi yanaşmaq da düzgün olmazdı. Hazırkı razılaşma konkret olaraq Başika-Zlikan hərbi bazasının İraq Federal Hökumətinə təhvil verilməsini nəzərdə tutur. Beləliklə, regionda yeni təhlükəsizlik reallığının formalaşması ehtimalı ilə qarşılaşırıq. Düşünürəm ki, iqtisadi və geoiqtisadi əməkdaşlığın genişlənməsi də tərəfləri daha balanslı və praqmatik addımlar atmağa vadar edəcək. Çünki Türkiyə və İraq üçün təhlükəsizliklə yanaşı, iqtisadi maraqların qorunması və regional nəqliyyat-logistika imkanlarının reallaşdırılması da strateji əhəmiyyət daşıyır".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol