ABŞ və İran iyunda Hörmüz boğazına dair anlaşma memorandumu imzalayarkən qaldıqları yerdən danışıqlara yenidən başlaya bilər. Tehran Vaşinqtona Hörmüz boğazında bir həftə ərzində gəmiçiliyin fəaliyyətinin və münaqişənin yekun həlli ilə bağlı danışıqların bərpa edilməsini təklif edib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Qəzetin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi bunu BMT Baş Assambleyasının sessiyası çərçivəsində bir qrup jurnalist və ekspertlə söhbətində bildirib.
"Biz vasitəçilər vasitəsilə ABŞ-yə müəyyən şərtlər daxilində boğazın yeddi gün ərzində açılacağı planı təqdim etdik", - Əraqçi deyib.
Bundun ardınca Brent markalı xam neftin fyuçerslərinin qiyməti dərhal ucuzlaşmağa başlayıb və bir barel üçün 106 dollardan aşağı düşüb. Bir gün əvvəl isə bu rəqəm 108 dolları keçirdi.
İran tərəfinin bildirdiyinə görə, onların təklifi iyun ayındakı anlaşma memorandumuna əsaslanır. ABŞ və İran nümayəndə heyətləri Qətər nümayəndələri vasitəsilə Nyu-Yorkda vəziyyəti müzakirə ediblər. Hər iki tərəf danışıqların konstruktiv olduğunu bildirib, lakin qəzet yazır ki, iranlılar ABŞ-nin hər hansı bir razılaşmaya əməl edəcəyinə dair şübhələrini də bildiriblər.
Danışıqlarla tanış olan mənbələrin sözlərinə görə, amerikalılar anlaşma memorandumuna qayıtmaq niyyətində olmadıqlarını və təkcə Hörmüz boğazındakı vəziyyəti deyil, həm də Tehranın nüvə proqramını əhatə edəcək daha əhatəli bir razılaşmada israr etdiklərini bildiriblər.
Lakin məsələ ondadır ki, elə memorandumda da nüvə proqramı ilə bağlı uzunmüddətli razılaşmanın əldə edilməsi də nəzərdə tutulurdu. Həmçinin ABŞ-nin İrana qarşı sanksiyaları yumşaltması və bəzi dondurulmuş aktivləri qaytarması, İsrailin isə Livandakı hərbi əməliyyatları dərhal dayandırması planlaşdırılırdı.
Əraqçinin sözlərinə görə, Tehran tələsmir və hər şey Vaşinqtondan asılıdır: ”Plan tamamilə aydındır. Onlar bunu qəbul etdikdən sonra geri sayım ertəsi gün başlaya bilər və boğaz yeddi gün ərzində açılacaq”.
İran dövlət mediasının məlumatına görə, Əraqçi bunun müqabilində Nyu-York danışıqları zamanı bir sıra şərtlər irəli sürüb, o cümlədən ABŞ-nin dəniz blokadasının dərhal götürülməsi, İran aktivlərinin dondurulmasının aradan qaldırılması və "bütün cəbhələrdə" müharibəyə son qoyulması (İsrailin Livanda “Hizbullah”-a qarşı əməliyyatları da nəzərdə tutulur).
Ağ Ev sözçüsü Trampın İranla danışıqlara açıq qaldığını bildirib, lakin ABŞ-nin danışıqlara ehtiyacı olmadığını vurğulayıb, çünki ABŞ sanksiyaların sərtləşdirilməsi və İran iqtisadiyyatına zərbə vuran dəniz blokadası sayəsində güclü mövqe tutur. Hər halda, ABŞ tərəfi belə hesab edir, yaxud da belə bir görüntü yaratmağa çalışır…
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər