Son günlər Bakıda nəqliyyat sıxlığının azaldılması və şəhərin artan əhali yükünün nisbətəm yüngülləşdirilməsi istiqamətində müxtəlif təkliflər müzakirə olunur. Bu baxımdan yalnız yolların genişləndirilməsi və nəqliyyat infrastrukturunun yenilənməsi deyil, şəhərdə insanların gündəlik hərəkətini formalaşdıran obyektlərin yerləşmə prinsipi də mühüm məsələlərdən biri kimi ortaya çıxır.
Bu obyektlər arasında sözsüz ki, universitetlər birinci sırada dayanır. Belə ki, Bakıda yerləşən ali təhsil müəssisələri hər gün on minlərlə tələbənin müxtəlif istiqamətlərdən şəhərin mərkəzinə və digər universitet ərazilərinə hərəkət etməsinə səbəb olur. Tələbələrin böyük hissəsinin ictimai nəqliyyatdan istifadə etməsi ilə yanaşı, onları universitetlərə gətirib-aparan şəxsi avtomobillərin sayı da xüsusilə günün pik saatlarında yollardakı yükü artırır.
Digər tərəfdən, Bakının mərkəzində yerləşən bir sıra ali təhsil müəssisələrinin ərazi imkanları kifayət qədər məhduddur. Tələbə sayının artması, yeni fakültə və ixtisasların yaradılması, laboratoriyaların, yataqxanaların, kitabxanaların, idman və digər sosial obyektlərin genişləndirilməsi üçün universitetlərin daha böyük ərazilərə ehtiyacı yaranır. Şəhərin sıx məskunlaşmış hissəsində yerləşən universitetlər üçün isə belə genişlənmə imkanları hər zaman mümkün olmur.

Bu baxımdan universitetlərin Bakıdan kənara və ya paytaxtın ətraf ərazilərinə köçürülməsi, onların müasir kampuslar şəklində yenidən qurulması ideyası diqqət çəkir. Xarici ölkələrdəki nümunələr göstərir ki, belə kampuslarda tədris binaları ilə yanaşı, tələbə yataqxanaları, laboratoriyalar, kitabxanalar, idman kompleksləri, sosial və istirahət məkanlarının yaradılması mümkün ola bilər. Digər tərəfdən, belə bir addım regionların inkişafına da müsbət töhfə verə bilər. Belə ki, böyük universitetlərin Bakıdan kənarda yerləşdirilməsi həmin ərazilərdə yeni yaşayış və xidmət infrastrukturlarının formalaşması, ictimai nəqliyyatın inkişafı, tələbə şəhərciklərinin və yeni iş yerlərinin yaranması deməkdir.
Bəs Bakıda yerləşən universitetlərin ətraf bölgələrə köçürülməsi nə dərəcədə real görünür?

Təhsil eksperti Elçin Əfəndinin fikrincə, universitetlərin Bakıdan köçürülməsi cəmiyyət tərəfindən artıq uzun illərdir müzakirə olunan məsələlərdəndir. Lakin böyük ali təhsil müəssisələrinin paytaxtdan başqa ərazilərə köçürülməsi üçün həmin bölgələrdə yeni infrastrukturun yaradılması, universitet binalarının və tələbə şəhərciklərinin inşa edilməsi tələb olunur. Bu isə həm uzun zaman, həm də ciddi maliyyə vəsaiti tələb edə bilər.
Ekspert hesab edir ki, yaxın illər üçün daha optimal variant Bakıda yerləşən universitetlərdə plan yerlərinin tədricən azaldılması, bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə qəbul imkanlarının genişləndirilməsi ola bilər.
Elçin Əfəndinin sözlərinə görə, bu yanaşma bir tərəfdən paytaxtda universitetlərə görə formalaşan tələbə və nəqliyyat sıxlığının müəyyən qədər azalmasına, digər tərəfdən isə regionlardakı ali təhsil müəssisələrinin inkişafına imkan verə bilər.
Ekspert qeyd edib ki, müəyyən universitetlərin paytaxtdan kənara köçürülməsi üçün əvvəlcə həmin ərazilərdə müvafiq infrastrukturun yaradılması vacibdir. Yeni universitet binalarının, laboratoriyaların, yataqxanaların və tələbə şəhərciklərinin inşası isə qısa müddətdə başa çatdırıla biləcək proses deyil.
“Bu məsələ cəmiyyət tərəfindən illərdir müzakirə olunur. Bir çox universitetin paytaxtdan kənara çıxarılması təklif edilir. Amma bununla paralel olaraq paytaxtda olan universitetlərdə plan yerlərinin azaldığı qədər bölgələrdəki universitetlərin plan yerlərini artırmaqla bu çıxış yolu müəyyən qədər kompensasiya etmək olar. Bəzi universitetləri paytaxtdan çıxarmaq üçün yenidən müəyyən ərazilərdə universitet binaları tikilməli, infrastrukturlar yaradılmalıdır. Bu da kifayət qədər həm zaman, həm də maliyyə resursu tələb edir. Bu nöqteyi-nəzərdən plan yerlərini paytaxtda azaldıb bölgələrdə artırmaqla ilkin mərhələdə belə bir qərar qəbul etmək olar”, – deyə ekspert bildirib.
Elçin Əfəndi diqqətə çatdırıb ki, paytaxtın yükünün azaldılması ilə bağlı dövlət səviyyəsində qəbul edilmiş sənədlərdə də bəzi ali təhsil müəssisələrinin paytaxtdan kənarda yerləşdirilməsi və tələbə şəhərciklərinin yaradılması məsələsi nəzərdə tutulub. Onun sözlərinə görə, bu yanaşmanın tam şəkildə reallaşdırılması daha uzunmüddətli perspektiv tələb edir.
Ekspert hesab edir ki, qarşıdakı 25-30 il ərzində universitetlərin paytaxtdan kənara köçürülməsi istiqamətində daha geniş addımlar atmaq mümkün olsa da, yaxın illər üçün ən optimal həll yolu Bakıdakı universitetlərin plan yerlərinin mərhələli şəkildə azaldılması və həmin yerlərin bölgələrdəki ali təhsil müəssisələri arasında bölüşdürülməsidir.
E. Bəyməmmədli
"AzPolitika.info"


Şərhlər
Universitetlərin regionlara köçürülməsi cox xərc tələb edir, tələbə sayını azaltmaq lazımdır, onsuzda qurtarıb iş tapmırlar , bəli özəlləri rayonlara köçürmək lazımdır,və ən əsası rayonlarda fabrik, zavodlar acmaq, kicik, orta sahibkarlara sərait ysratmaq,vergini azaltmaq, kənar müdaxilələrə qadağa qoymaq, hec kim evini, kəndini qoyub səhərə getməz, əgər onun işləyib ailəsini dolandırmağa şəraiti olsa....
O qədər lazımsız işlərə tikinti quraşdırma işləri adı altinda, sonra abadlaşdırma, conra rekonstruksiya ....milyardlar xərclənib ki.....
Salam. Universitetlərin bölgələrə köçürülməsi ilk növbədə özəl universitetlərdən başlamaq lazımdır. Bunu həyata keçirmək üçün onlara maksimum 10 il vaxt vermək lazımdır. Abutirientlərin yerlərdəki universitetlərə cəlb etmək üçün o universitetlərin təhsil haqqını 25-40% azaltmaq lazımdır. Həmin universitetləri tikinti-abadlıq işləri aparılan dövrdə vergidən azad etmək lazımdır. Professor-müəllim heyəti üçün də yaşayış şəraiti yaratmaq lazımdır.
Mənim fikrimcə birinci növbədə rayonlarda iş yerləri açılmalıdır rayon sakinləri öz kəndlərinə,rayonlarına qaytarilmalıdir,belə olsa Bakı boşalar,tələbələr getsə də Bakı yenə boşalmayacaq,çunki rayonlarda adam qalmayıb hamı işlə bağlı köcub paytaxta gəlib
Bunu indi müzakirə etmək ayıbdır. Mən sadə bir vətəndaş bilirəm ki çoxdan lazımdır ki universitetin çoxu gərək çoxdan kocməliydi rayonlara iki yaxın rayona bir universitet.Bircə Bakı Dövlət Universiteti qalsın ona da kvota müəyyən edilsin
Мое мнение нужно всех вернуть в свои деревни создать условия заработка. Таким образом разгрузить Баку.
Bəli məndə o fikirdəyəm, rayonlarda, kəndlərdə iş yerləri açılsa(vaxtilə 1000lərlə əhalinin öz ərazi bölgüsü üzrə nə qədər obyektləri, qarajları, fermaları var idi, hamısı öz evinə çörək qazandırıb aparırdılar) əla olar, şəhərdədə sıxlıq azalar
Ümumiyyətlə Bakı kimi neft qaz sənayesi "şəhərləri" insanların yaşayışı üçün nəzərdə tutulmayıb. Buna baxmayaraq bütün investisiya bura olunub görünür "ağıllılar" işidir bu....
Bölgələrdə insanlar iş yerləri ilə təmin edilsələr Bakının yükü azalar insanlar da rahat nəfəs alar Əgər insanların rahat nəfəs almasını istəyirsinizsə
Mən Bakıya deyil başqa dövlətlərə gedərəm oxumağa işləməyə
Ekspertin sözlərində səf var, inistutu başqa rayona köçürtmək elədə çətin və maliyyə tələb edən iş deyil.o ki,qaldı gara köçürülməyə,ağdam,gəncə,xankəndi ola bilər
Burda yazılanlar sadəcə yazı xatirinədir... Bakıdakı söküntü-tikinti məmurların qara kapitalının yuyulması üçün çox əlverişli məkandır...
Rayonlarda işlərin olmaması çox çətindi amma olsa yaxşı olar
Cox yaxşı olardı ki ölkemizin böyük rayinlarında universitetler yaradılsın. Telebelerin coxu ele öz rayinlarındakı universitede oxusunlar. .... Bakıda sakitcilim olması lazımdır şeher günü gündün sıxlaşır ve gerginlik artır hem yeraltı yer üstü neqliyyat sıxlıgı hemde insabların aqresssiyyası heddinden aetıg artır.
Bakıya gələn abituriyentlər bakalavr olduqdan sonra rayonlarlna qayltsalar belə bir vəziyyət yaranmaz.Həm də zəhmət olmasa rayonlarda iş yeri acln ki şəhərə acln olmasln
Universitetlərin Bakidan regionlara köcürməklə vəziyyət dahada pisləşəcək. Ən optimal variant reqionlarda yeni iş yerləri yaratmaq.
Yeni iş yerləri açılmalıdır ki, camaat kəndən şəhərə axın etməsin. Regionlarda iş yoxdu. Bunlar isə universitetləri köçürməklə sayı azaldırlar ))))
Bakını "Bağlı şəhər" elan etməyin vaxtıdır. Kənddə kəsəkdə camaat qalmayıb daha.
Bakıya ilk önce sıxlıq mueyyen etmek lazımdır. İlk önce (20 yanvar- Sumqayit) isti qam etdirir. Her gün, 200-300 taksi bu yolda işleyir. Onu metro ile evez edilmelidir. Day o elektricka ile yox. Bir seher işleyir, bir axşam. İnterval, birde süret olsun. En sonda Men ona minende, o elektricka vağzalında maşinima dayanacaq yaradılmalı. Yoxsa, dayanacaq pulludursa, Elə o pulu benzinin verib, gederem Bakıya. 2-Metro, o metronun yeri münasib olmalı, Sumqayıtda en elverişli yer, kohne şerq bazarın yeri. Bakıdan Sumqayitin,6 9, 10, 13, qızıl qum, teze Corat, etirafları bu metrodan gediş-geliş ede biler. Sumqayıt universitetin 10 deq. yaxinliqidir. Hemcinin Xırdalan, Saray, Masazır haqda bunu etmek olar.
Rayonlarda iş olsa bakıda heç kim,qalmaz
Regonlarda yeni iş yerləri zavodlar fabriklər yaradılmalı, Bakı kende qayıtmalıdır. Kəndlərdən şəhərə axın da bu yolla durdurulmalıdır. Əksini düşünmək isə artık fəlakəıtdir. Bakıda sıxlıq dolanışıq üçün şəhərə gedən axın edən regionlardakı işsizlər ordusu səbəbindəndir. Tələbə hər zaman olub.
Görün bölgədəki şəhərləri də Bakının gününə sala bilərsinizmi.
Əsas məsələ universitetlər deyil əsas məsələ iş yerləri gərəkdir reqilnlarda. Bu gün universiteti bitirən hər bir məzun iş tapa bilirmi? Qəbul 70% azaldılmalıdır. Mənasız təhsil kimə lazımdır və ya savadsız mütəxəsis heç bir yerdə gərək deyil
Qan xəstələri dərman almaq ucun hami bakiya qedir o dərmani reqionlara qondərin
Unverstetləri köçürməklə məsələ bitmir.Rayonlarda iş yeri açıb dolanışıq yaratmaq lazımdır.Tutaq ki,100 000 tələbəni Bakıdan çıxardın.Onunla tıxacın qarşısı alınmayacaq.İş adamlarını,istehsal müəsisələrini Bakıdan rayonlara çıxarmaq lazımdır ki,işçi qüvvəsi azalsın.
Kəndlilərə təsərrüfatda çalışmaq üçün şərait yaratmaq, mallarını sata bilmələri üçün kömək ğöstərmək,ümumiyyətlə,kənd təsərrüfatının inkişafına dair dövlət proqramının həyata keçirilməsi
salam . kreditlə masin almag yogisdirilsa. parking yerləri odənislə olsa. xanimlarin da masin surməyinə qadaga qoyulsun. coxu isləmir. ...
Regonlarda münbit şərait yaradılmalı, Bakı kende qayıtmalıdır. Kəndlərdən şəhərə axın da bu yolla durdurulmalıdır. Əksini düşünmək isə artık fəlakəıtdir