İnsanların gündəlik həyatında vaxt itkisinə səbəb olan əsas problemlərdən biri də nəqliyyat sıxlığıdır. Xüsusən də böyük şəhərlərdə yaşayan insanlar işə, təhsilə və digər zəruri ünvanlara çatmaq üçün hər gün həyatlarının müəyyən hissəsini yollarda keçirirlər. Bəlkə də ilk baxışda 30-40 dəqiqəlik vaxt itkisi gözümüzə ciddi görünməsə də, illər ərzində bu müddət aylarla, hətta illərlə ifadə olunaraq nəzərimizdən kənarda qalır.
"AzPolitika" bu istiqamətdə Bakı şəhərində yaşayan insanların həyatlarının nə qədərini yollara sərf etdiyini araşdırmağa çalışıb.
"Numbeo" portalının "Time Index" göstəricisinə görə, Bakı sakinləri işə və ya təhsil almağa gedərkən (hər hansı bir istiqamətdə) vaxtının orta hesabla 38 dəqiqəsini yollarda keçirirlər. Bu isə həftədə 4 saat 26 dəqiqə, ayda təxminən 19 saat 16 dəqiqə, ildə isə 9,6 gün deməkdir. Təbii olaraq, bu məlumatla ilk qarşılaşan zaman bir çoxlarına 9,6 gün elə də ciddi vaxt itkisi kimi görünməyə bilər. Amma ömrünün uzun illərini Bakı şəhərində keçirən insanlar üçün əslində bu rəqəm kifayət qədər böyükdür.
Belə ki, "Numbeo" portalının "Time Index" göstəricisi bir istiqamət üzrə yola sərf olunan müddəti ifadə edir. Çalışan və oxuyan paytaxt sakinlərinin hər gün getdikləri işdən, təhsildən qayıtdığı zaman da təxminən eyni vaxtı yolda itirdiklərini nəzərə alsaq yollarda kifayət qədər çox vaxt itirildiyini görərik.
İşləmədiyimiz həftəsonlarını, məzuniyyətləri nəzərə alaraq real iş rejimi üzrə hesablama aparsaq, ildə 240 iş günü və gündəlik gediş-gəliş nəzərə alınmaqla:
- 76 dəqiqə × 240 gün = 304 saat;
- bu, ildə təxminən 12,7 sutka ;
- 40 ildə isə təxminən 507 sutka yollarda itirilir.
Orta insan ömrünü 75 il götürsək, bunun təxminən üçdə biri – 25 ili yuxuya gedir (gündə 8 saat). Eyni müddət – 25 il isə gündə 8 saatlıq iş rejimi ilə hesablandıqda işləməyə sərf olunur. Bundan əlavə, insan gündə orta hesabla 1,5 saat yeməyə, 1 saat şəxsi gigiyenaya, daha 2 saat isə digər gündəlik zəruri işlərə vaxt ayırır. Bu da 75 il ərzində təxminən 14,1 il edir. Uzun sözün qısası, iş və gündəlik ehtiyaclara sərf olunan vaxtı çıxsaq, 75 illik ömrün təxminən 10,9 ili sərbəst istifadə üçün qalır ki, bunun da ən azı iki ilə yaxının yollarda itiririk…

Azərbaycanın qonşularına gəldikdə, əslində, onlarda da vəziyyət ürəkaçan deyil. Məsələn, Ermənistanda (İrəvan – red.) gündəlik işə və ya təhsil almağa gedərkən (hər hansı bir istiqamətdə) vaxtının orta hesabla 30 dəqiqəsini yollarda itirir. Eyni vaxtı işdən və təhsildən qayıtdıqda da itirdiyini nəzərə alsaq bu təxminən 60 dəqiqə edir . Gürcüstanın paytaxtı Tbilisidə isə vəziyyət Bakı ilə eynidir – 38 dəqiqə (gün ərzində 76 dəqiqə). İstanbulda bir istiqamət üzrə orta vaxt itkisi 50 dəqiqə (gün ərzində 100 dəqiqə), Moskvada isə 50,5 dəqiqəyə (gün ərzində 101 dəqiqə) çatır. Beləliklə, İstanbul sakinləri ən azı təxminən 1 il 10 ay, Moskva sakinləri təxminən 1 il 10 ay, Tbilisi sakinləri isə təxminən 1 il 5 ay yollarda keçirirlər.
Avropaya gəlincə, burada vəziyyət olduqca fərqlidir. Dünyada gündəlik bir istiqamət üzrə uollarda ən aşağı vaxtın sərf olduğu şəhər Estoniyanın Tartu şəhəridir – 15,1 dəqiqə. Bu hesabla Tartu sakinləri 40 illik iş fəaliyyəti ərzində gediş-gəlişə təxminən 201 gün sərf edir.
Avstriyanın Villax şəhərində 40 illik iş fəaliyyəti ərzində gediş-gəlişə təxminən 213 gün, , Xorvatiyanın Riyeka şəhərində 220 gün, Serbiyanın Novi-Sad şəhərində isə 240 gün, İspaniyanın Valensiya şəhərində 261 gün, Niderlandın Amsterdam şəhərində 304 gün, Avstriyanın paytaxtı Vyanada isə 305 gün təşkil edir.Almaniyanın Frankfurt şəhərində sakinlər 40 illik iş fəaliyyəti ərzində gediş-gəlişə təxminən 309 gün, Niderlandın Rotterdam şəhərində 284 gün, Finlandiyanın paytaxtı Helsinkidə isə 319 gün yollarda keçirirlər.
Təbii ki, yollarda itirilən vaxt yalnız statistik rəqəmlərdən ibarət deyil. Bu, insanların ailələri ilə keçirə biləcəyi, istirahətə, təhsilə və şəxsi inkişafına ayıra biləcəyi vaxtın yollarda boş yerə tükənməsi deməkdir. Bakıda hər gün artan tıxacları nəzərə alsaq paytaxt sakinlərinin yollarda itirdiyi vaxtın statistik göstəricilərdən qeyd ediləndən xeyli yüksək olduğunu söyləyə bilərik.
Maraq üçün tıxacların ən az olduğu və bir istiqamət üzrə yollarda ən az vaxt sərf olunan şəhərlərin siyahısını təqdim edirik:
№ | Şəhər | Ölkə | Gündəlik vaxt |
|---|---|---|---|
| 1 | Tartu | Estoniya | 15,1 dəqiqə |
| 2 | Villax | Avstriya | 16 dəqiqə |
| 3 | Riyeka | Xorvatiya | 16,5 dəqiqə |
| 4 | Osiyek | Xorvatiya | 17,7 dəqiqə |
| 5 | Novi Sad | Serbiya | 18 dəqiqə |
| 6 | Brasov | Rumıniya | 18,1 dəqiqə |
| 7 | Split | Xorvatiya | 18,1 dəqiqə |
| 8 | Qroninqen | Niderland | 19,2 dəqiqə |
| 9 | Valensiya | İspaniya | 19,6 dəqiqə |
| 10 | Den Haaq | Niderland | 20,4 dəqiqə |
| 11 | Reykyavik | İslandiya | 20,5 dəqiqə |
| 12 | Koşitse | Slovakiya | 21 dəqiqə |
| 13 | Rotterdam | Niderland | 21,3 dəqiqə |
| 14 | Plzen | Çexiya | 21,6 dəqiqə |
| 15 | Pattaya | Tailand | 21,9 dəqiqə |
| 16 | Viçita | ABŞ | 22,3 dəqiqə |
| 17 | Maskat | Oman | 22,5 dəqiqə |
| 18 | Amsterdam | Niderland | 22,8 dəqiqə |
| 19 | Vyana | Avstriya | 22,9 dəqiqə |
| 20 | Limassol | Kipr | 23 dəqiqə |
| 21 | Frankfurt | Almaniya | 23,2 dəqiqə |
| 22 | Hannover | Almaniya | 23,3 dəqiqə |
| 23 | Banya Luka | Bosniya və Herseqovina | 23,4 dəqiqə |
| 24 | Kristçörç | Yeni Zelandiya | 23,4 dəqiqə |
| 25 | Eyndhoven | Niderland | 23,5 dəqiqə |
| 26 | Reqina | Kanada | 23,7 dəqiqə |
| 27 | Utrext | Niderland | 23,7 dəqiqə |
| 28 | Roçester | ABŞ | 23,8 dəqiqə |
| 29 | Helsinki | Finlandiya | 23,9 dəqiqə |
| 30 | Vindhuk | Namibiya | 23,9 dəqiqə |
| 31 | Tallinn | Estoniya | 24,3 dəqiqə |
| 32 | Göteborq | İsveç | 24,4 dəqiqə |
| 33 | Axen | Almaniya | 24,4 dəqiqə |
| 34 | Porto | Portuqaliya | 24,7 dəqiqə |
| 35 | Timişoara | Rumıniya | 24,7 dəqiqə |
| 36 | Ştutqart | Almaniya | 24,9 dəqiqə |
| 37 | Leuven | Belçika | 25,1 dəqiqə |
| 38 | Qrenobl | Fransa | 25,1 dəqiqə |
| 39 | Nanaimo | Kanada | 25,2 dəqiqə |
| 40 | Malaqa | İspaniya | 25,2 dəqiqə |
| 41 | Nürnberq | Almaniya | 25,3 dəqiqə |
| 42 | Durban | Cənubi Afrika | 25,3 dəqiqə |
| 43 | Luisvill | ABŞ | 25,5 dəqiqə |
| 44 | Fresno | ABŞ | 25,5 dəqiqə |
| 45 | Gent | Belçika | 25,6 dəqiqə |
| 46 | Ankoric | ABŞ | 25,6 dəqiqə |
| 47 | Tampere | Finlandiya | 25,8 dəqiqə |
| 48 | Vilnüs | Litva | 25,8 dəqiqə |
| 49 | Leypsiq | Almaniya | 25,8 dəqiqə |
| 50 | Albukerke | ABŞ | 25,9 dəqiqə |
E. Bəyməmmədli
"AzPolitika.info"


Şərhlər