Rusiya Federasiyasının (RF) Nijeqorod vilayəti pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Qleb Nikitin məlumat yayıb.
Onun sözlərinə görə, gecə və səhər saatlarında region üzərində 100-dən çox dron məhv edilib, Kstovo rayonundakı sənaye müəssisəsinə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Nikitin məhz hansı müəssisənin zərbəyə məruz qaldığını dəqiqləşdirməyib. Lakin bir sıra media orqanlarının məlumatına görə, Kstovoda yerləşən "LUKOYL-Nijeqorodnefteorqsintez" neft emalı zavodu (NEZ) hücuma məruz qalıb. İnternetdə yayımlanan videolarda güclü yanğın görünür. Ehtimal olunur ki, yanğın neftin ilkin emalı və ya mazut emalı qurğuları ərazisində baş verib.
"LUKOYL-Nijeqorodnefteorqsintez" NEZ Rusiyanın yanacaq və sürtkü materialları istehsal edən ən böyük neft emalı zavodlarından biridir. Müəssisənin gücü ildə təxminən 17 milyon ton neft və ya gündə təqribən 340 min barel təşkil edir.


Şərhlər