Menu

Rusiya Ukraynaya rekord sayda dronla zərbə endirdi - Ölən və yaralananlar var

01.11.2026, 14:17
Rusiya Ukraynaya rekord sayda dronla zərbə endirdi - Ölən və yaralananlar var

Noyabrın 1-nə keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə qarşı irimiqyaslı hava hücumu həyata keçirib. Hücum zamanı "Şahed" zərbə PUA-ları, "Gerbera", həmçinin "Parodiya" tipli imitator dronlar olmaqla ümumilikdə 433 ədəd pilotsuz uçuş aparatı tətbiq olunub. Onlardan 64-nün reaktiv dron olduğu bildirilir.

Ukrayna Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, səhər saat 07:30-a olan ilkin məlumatlara əsasən, hava hücumundan müdafiə (HQM) qüvvələri və radioelektron mübarizə vasitələri ilə 371 dron zərərsizləşdirilib. Lakin hücumun miqyası böyük olduğundan ölkənin müxtəlif bölgələrində ciddi dağıntılar və fəsadlar qeydə alınıb. Rəsmi məlumatlara görə, ümumilikdə 16 yerdə birbaşa düşmə, 14 ünvanda isə vurulan dronların qırıntılarının düşməsi nəticəsində dağıntılar baş verib.

Hücumun əsas istiqamətlərindən biri Sumı vilayəti olub. Bölgədə silsilə zərbələr nəticəsində 6 nəfər xəsarət alıb. Sumı və Konotop icmalarında mülki infrastruktur obyektləri, avtomobillər və qeyri-yaşayış binaları hədəfə tuş gəlib.

Qluxov icmasında isə Rusiya dronları gecə saatlarında yaşayış sektoruna hücum edib. Yanğınsöndürənlər alovlanan yeri söndürən zaman Rusiya qüvvələri həmin əraziyə təkrar zərbə endiriblər. Xoşbəxtlikdən, xidmət əməkdaşları xəsarət almayıblar. Bütün yanğınlar söndürülüb, ərazilər yoxlanılıb.

Paytaxt Kiyevdə vəziyyət kritik olaraq qalır. Noyabrın 1-də səhər saatlarında Kiyevdə təcili elektrik enerjisi kəsintiləri tətbiq olunub. "DTEK" şirkətindən bildirilib ki, məhdudiyyətlər Rusiya qüvvələrinin enerji sisteminə endirdiyi davamlı zərbələrlə bağlıdır. Təhlükəsizlik şəraiti imkan verdikcə energetiklər zədələnmiş avadanlıqları bərpa etməyə çalışırlar.

Şənbə günü, oktyabrın 31-də Kiyevin bəzi rayonlarında elektrik enerjisi sutkada cəmi iki saat verilib. Şirkət enerji obyektlərinin, o cümlədən istilik-elektrik mərkəzlərinin ciddi zədələndiyini açıqlayıb.

Kiyev vilayət Hərbi Administrasiyasından verilən məlumata görə, bölgədəki enerji infrastrukturu zərər görüb, Obuxov rayonunda isə bir qadın yaralanaraq xəstəxanaya yerləşdirilib.

Jitomirin hərbi administrasiyası isə bildirib ki, hücumlar nəticəsində vilayətin 650-dən çox yaşayış məntəqəsi işıqsız qalıb.

Vinnitsa vilayətinin hakimiyyəti də dron hücumuna məruz qaldıqlarını, nəticədə mobil rabitə qülləsinin zədələndiyini, çoxmərtəbəli binaların pəncərələrinin qırıldığını və digər mülki obyektlərin dağıldığını təsdiqləyib.

Rusiya ordusunun Donetsk vilayətindəki hücumları da ağır nəticələr doğurub. Oktyabrın 31-i axşam saatlarında Rusiya zərbəsi nəticəsində Kramatorsk şəhər administrasiyasının binası tamamilə dağıdılıb.

Kramatorsk Şəhər Hərbi Administrasiyasının rəhbəri Aleksandr Honçarenko sosial şəbəkədə yazıb: "Binanı dağıtmaq, torpağımızı yandırmaq və xatirələrimizi oğurlamaq olar, lakin onların bizim gələcək hüququmuza son qoymağa gücü çatmayacaq".

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol