Menu

SÜNİ İNTELLEKT DÖVLƏTƏ HÜCUM ETDİ - İri şirkətlər həyəcan təbili çalır, ABŞ isə...

25.09.2026, 08:59
SÜNİ İNTELLEKT DÖVLƏTƏ HÜCUM ETDİ - İri şirkətlər həyəcan təbili çalır, ABŞ isə...

Bu yay "OpenAI" süni intellekt şirkətinin agenti Avstraliya hökumətinin veb saytına hücum edib. Nəticədə süni intellekt müstəqil şəkildə bu ölkənin səhiyyə sistemi statistikasını toplayan portaldakı məxfi fayllara icazəsiz giriş əldə edib. “AzPolitika” xəbər verir ki, bunu Avstraliyanın Baş nazir Entoni Albanez Nyu-Yorkda keçirilən BMT sessiyasında elan edib.

Albanezin dediyinə görə, süni intellekt agenti portaldakı həm ictimai, həm də məxfi fayllara giriş əldə edib. Bu fayllarda müxtəlif məlumatlar, o cümlədən dövlət xərcləri barədə informasiyalar yer alıb.

“The Wall Street Journal” qəzetinin qeyd etdiyi kimi, bu, süni intellektin dövlət xidmətinə müstəqil şəkildə, icazəsiz giriş əldə etməsinə dair ilk açıqlanmış haldır. Qeyd olunur ki, bu açıqlama süni intellekt şirkətləri rəhbərlərinin dünya liderlərini süni intellekt sistemlərinin insan nəzarətindən yayınma potensialını aradan qaldırmaq üçün səylərini birləşdirməyə çağırmasından bir neçə saat sonra verilib. Faktiki olaraq dövlətə, hökumət agentliyinə edilən bu hücum, süni intellektin üçüncü tərəf şirkətlərinin onlayn resurslarına icazəsiz daxil olduğu bir sıra hadisələrdən sonra bu təhlükəyə diqqəti yenidən artırıb.

Avstraliyada bu hadisə hələ 18 iyunda baş verib, lakin “OpenAI” şirkəti bunu yalnız avqust ayında süni intellekt agentlərinin hərtərəfli araşdırması zamanı aşkar edib. Süni intellekt sınaq zamanı cavab tapmağa çalışarkən Avstraliya hökumətinin bir neçə veb saytı və xidmətləri ilə qarşılıqlı əlaqədə olub.


“OpenAI” sözçüsü bildirib ki, "Bu proses zamanı modellərimiz nəzərdə tutmadığımız hərəkətləri ediblər". 

Yəni, süni intellekt onu hazırlayanların nəzarətindən faktiki çıxaraq, bir dövlətin təhlükəsizliyini təhdid edib.

Nazir Albanez bu vəziyyəti qəbuledilməz adlandırıb və şirkətin bu hadisə barədə Avstraliya hökumətinə bu qədər gec məlumat verməsindən məyus olduğunu bildirib. Belə ki, dövlət saytlarının süni intellekt tərəfindən ələ keçirilməsini Avstraliya hökuməti yalnız sentryabrın 10-da bilib.

Məsələnin texniki tərəfinə gəlincə, bildirilir ki, süni intellekt sisteminə konkret məlumat tapmaq tapşırığı verilib. Lakin bu zaman təhlükəsizliyin təmini üçün onun bəzi cəhdlər etməsinə mane olan məhdudiyyətlər qoyulub. Buna baxmayaraq, süni intellekt özü bu məhdudiyyətləri aradan qaldırmağın yolunu tapıb. Model lazım olan məlumatı əldə etmək üçün alternativ yollar tapmağa çalışıb və bu da bir neçə başqa sahələrə icazəsiz giriş, yəni, faktiki hücumla nəticələnib.

Qeyd edək ki, “OpenAI” və “Anthropic” şirkətlərinin baş direktorları süni intellektin inkişafı üçün standartlar müəyyən etməkdən ötrü qlobal bir qurumun yaradılması zərurəti barədə BMT Təhlükəsizlik Şurasında çıxış ediblər. Bununla da ən iri süni intellekt şirkətlərinin başçıları, əslində, bu yeniliyin bəşəriyyətə gətirə biləcəyi təhlükələr və bunun qarşısını almağın zəruriliyi barədə xəbərdarlıq etmiş olublar. Bir çox Qərb ölkəsindən olan nümayəndələr bu ideyanı dəstəkləyiblər. Lakin ABŞ Administrasiyası faktiki olaraq, bu təşəbbüsə qarşı çıxıb. Belə ki, Ağ Evin Elm və Texnologiya Siyasəti üzrə direktoru Maykl Kratsios ABŞ-nin süni intellektə nəzarət etmək üçün "qlobalist çərçivə yaratmaq" cəhdinə qarşı çıxacağını bəyan edib.

Beləliklə, dünya yeni mərhələyə - süni intellektin nəzarətdən çıxaraq, beynəlxalq təhlükəsizliyə təhlükə yaratmağa başladığı bir mərhələyə qədm qoyur. Bunun qarşısını almaq üçün isə dünya birliyində hələlik heç bir yekdillik və vahid iradə nəzərə çarpmır...

Əlavə edək ki, bundan öncə ABŞ ordusunun süni intellektin qarışdığı bir səhv kəşfiyyat hesabatı səbəbindən Yaxın Şərqdə Çinlə savaş vəziyyətinə çatdığı barədə məlumat yayılmışdı. Bu hadisə ABŞ-İran müharibəsi zamanı baş verib. ABŞ ordusuna ötürülən kəşfiyyat hesabatında Yaxın Şərqdəki bir Çin gəmisinin nüvə silahı proqramı üçün komponentlər daşıdığı iddia edilib.

Hesabat yayıldıqdan sonra ABŞ ordusu gəmini ələ keçirmək üçün hazırlıqlara başlayıb. Artıq ABŞ əsgərləri gəmini ələ keçirməyə hazırlaşıb, hərbi təyyarələr havaya qaldırılıb. Yalnız ABŞ hakimiyyəti daha ətraflı araşdırmaya başladıqdan sonra əməliyyat dayandırılıb. Məlum olub ki, kəşfiyyat hesabatı süni intellektdən istifadə edilərək hazırlanıb və analitikin istifadə etdiyi çatbot Çin gəmisinin yükünü səhv müəyyən edib…

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol