Son dövrlər bəzi qurumlardan şikayətlər olduqca çoxalıb. Onlardan elələri var ki, fəaliyyətlərinin ilk günlərindən belə əhalidə ciddi narazılıqlar yaradıblar. Bunların sırasında AQTA və AYNA xüsusi yer tutur…
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı paylaşımında sözügedən qurumların işinə toxunub.

O qeyd edib ki, dünyanın istənilən ölkəsində hökumətdən, dövlət-hökumət qurumlarının işindən böyük əksəriyyətin razı qalması nadir hallarda olur. Lakin bununla yanaşı, əhalinin bir qismi bundan razı qalır və bu da özünü xüsusilə seçkilər dövründə büruzə verir: “Bizdə çox qəribə bir vəziyyət yaranıb, bir çox dövlət-hökumət qurumlarının işindən razı olanları tapmaq mümkün deyil – yaxşı, o zaman bu qurumların məqsədi nədir ki?!
Məsələn, AYNA, fəaliyyəti bütün əhali qruplarına təsir edən dövlət-hökumət qurumudur. Yəni, AYNA-nın fəaliyyətindən razı olan müyyən qrup olmalıdır da, elə deyilmi?!
Ya sərnişin nəqliyyatından istifadə edənlər, ya da sürücülər – bu 2 qrupdan, heç olmasa biri AYNA-dan razı olmalıdır, bunu məntiq deyir də, mən demirəm ki?!
Yaxşı, ictimai nəqliyyatdan istifadə edənlər çox narazıdırlar, avtomobil sürücüləri AYNA-nı hər gün “ən xoş” sözlərlə yada salırlar – tamam, bəs bu AYNA kimin üçün, nə üçün çalışır?! Yəni, bunların məqsədi, məramı nədir?!
Eyni qaydada AQTA – ya vətəndaş keyfiyyətli məhsuldan məmnun olmalıdır, ya da, biznes AQTA-nın fəaliyyətindən zövq almalıdr, elə deyil?! Çünki, onların fəaliyyəti bu iki qrupladır – hər iki tərəf narazıdırsa, niyə belə bir qrum var ki?!”
N.Cəfərli qeyd edib ki, bu siyahını uzatmaq da olar və əslində, onların hədəfi əhalini narazı yox, razı salmaq olmalıdır: “İstənilən dövlət-hökumət qurumları, heç olmasa bir qrup əhalini məmnun etməlidir – istənilən təşkilatdan 95% əhali narazıdırsa, deməli sistemdə problem var. Bu qədər sadə...”
“AzPolitika.info”


Şərhlər