Donald Trampın kürəkəni və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Vladimir Putini "siyasi qrossmeyster" və "tarixi şəxsiyyət" hesab edir.
“AzPolitika” xəbər verir ki, Axel Springer media qrupunun baş direktoru Matthias Döpfner ilə müsahibəsində C.Kuşner Vladimir Putini danışıqlar aparmaq tərzinə görə xeyli tərifləyib. Üstəlik, onun fikrincə, Rusiya başçısı ABŞ ilə münasibətlərdə sülhə və dəyişikliklərə hazırdır.
"Bəzi insanlar onun (Putinin-red.) etdiklərini bəyənə bilər, bəziləri bəyənməyə bilər, amma o, şübhəsiz ki, siyasət qrossmeysteridir. O, tarixi şəxsiyyətdir. O, həmişə çox, hazırlıqlı, çox düşüncəli olur. Biz danışanda çoxlu qeydlər aparır və sonra mövqeyini dəqiq şəkildə bildirir. Onun məsələləri çox dərindən başa düşdüyü və onlarla bağlı çox sərt mövqe tutduğu olduqca aydındır. Mənim qiymətləndirməmdə və Stivin (Uitkoffun - red.) qiymətləndirməsində o, sadəcə sülh istəmir, o, Amerika ilə münasibətləri dəyişdirməyə çalışır və yenidən başlamağın bir yolunun olub-olmadığını görmək istəyir", - deyə Kuşner bildirib.
Müsahibə zamanı Kuşner həmçinin deyib ki, Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar ərazi məsələsinə görə hazırda dalana dirənib. Ona görə də danışıqçılar gələcək sülhlə bağlı digər məsələlərə daha çox vaxt ayırırlar.
"Mənim şəxsi fikrim və Stiv [Uitkoff - red.] ilə birgə Prezident Putinlə uzun saatlar keçirdikdən, Rusiya tərəfi ilə danışıqlardan sonra gəldiyimiz qənaət budur ki, ərazi məsələsi hazırda bir qədər dalana dirənib", - deyə Kuşner etiraf edib.
Trampın xüsusi nümayəndəsinin sözlərinə görə, məhz bu vəziyyətə görə o, mümkün "ərazi güzəştləri"ni müzakirə etməzdən əvvəl müharibədən sonrakı nizamlama üzrə danışıqlar aparmaq istəyir.
"Bəlkə də hər iki tərəfin müharibədən sonra təhlükəsizlik mövqelərini yaxşılaşdıra biləcəyi bir yol tapıla bilər", - deyə Trampın nümayəndəsi bildirib.
Kuşner həmçinin, Vladimir Putinin Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməməyə razılaşdığını və Amerika tərəfini belə bir niyyətinin olmadığına əmin etdiyini bildirib: "İndiyə qədər Putin təmkin nümayiş etdirib. O, nüvə silahından istifadə etməməyə razılıq verib ki, bu da açıq-aydın çox vacibdir və o bizi belə bir niyyətinin olmadığına əmin etdi".
Kuşner dünyanın "son dərəcə təhlükəli bir dövrdə" yaşadığını vurğulayıb. O, müharibənin Ukrayna ilə məhdudlaşsa da, faktiki olaraq proksi münaqişəyə çevrildiyini və Avropa İttifaqının Kiyevi Rusiyaya qarşı mübarizə aparmaq üçün maliyyələşdirdiyini, silahlandırdığını qeyd edib.
Bununla bərabər, Kuşner daha drammatik ssenarilər barədə xəbərdarlıq edib: "Vəziyyətin kəskin şəkildə pisləşməsi üçün yalnız kiçik bir səhv hesablama da kifayətdir".
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Çindəki görüşdə Vladimir Putini “dostum” adlandırıb və daha sonra eyni məzmunda paylaşım edib. ABŞ Prtezidenti buna görə ABŞ-də və Avropada xeyli tənqidlərə məruz qalıb.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər