Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) müvafiq əmrləri ilə ölkənin müxtəlif bölgələrində yerləşən ümumilikdə 8 ümumtəhsil müəssisəsinə yeni direktorlar təyin edilib.
"AzPolitika" Müsahibə mərhələsindən uğurla keçən namizədlərin təyinat siyahısını təqdim edir:
Bakı və Sumqayıt şəhərləri üzrə:
- Bakı şəhəri 292 nömrəli tam orta ümumtəhsil məktəbi: İlahə Fərmanlı direktor təyin edilib. O, 2016-cı ildən pedaqoji fəaliyyətlə məşğul olur və bu təyinata qədər 76 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini çalışıb.
- Bakı şəhəri 67 nömrəli tam orta ümumtəhsil məktəbi: İlkin Əflatun oğlu Əliyev təyinat alıb. İxtisasca ingilis dili müəllimi olan İ.Əliyev 2019-cu ildən pedaqoji fəaliyyət göstərir, son olaraq 136 nömrəli məktəbdə direktor müavini olub.
- Sumqayıt şəhər F.Piriyev adına 18 nömrəli tam orta məktəb: Hicran Musa qızı Nəsirova direktor vəzifəsinə gətirilib. BDU-nun Biologiya fakültəsinin məzunu olan H.Nəsirova 2008-ci ildən pedaqoji fəaliyyətdədir. O, əvvəllər Xırdalan şəhər 6 nömrəli məktəbdə direktor müavini, 2022–2024-cü illərdə isə Sumqayıt şəhər 42 nömrəli məktəbin direktoru vəzifəsini icra edib.
Qobustan rayonu üzrə:
Agentliyin direktoru Eşqi Bağırovun əmri ilə rayonun 5 məktəbinə təyin olunan yeni direktorlar artıq kollektivlərə təqdim ediliblər:
- Aleksey Çernyayevski adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi: Ədalət Kamalov
- Təklə kənd tam orta ümumtəhsil məktəbi: Gülnar Atamoğlanova
- Xilmilli kənd tam orta ümumtəhsil məktəbi: Günel İmaməlizadə
- Yaşar Sadiqov adına Çelov kənd ümumi orta ümumtəhsil məktəbi: Şahin İbrahimov
- Rasim Hüseynov adına Cəyirli kənd ümumi orta ümumtəhsil məktəbi: Buğday Azadə
Qeyd edək ki, 27 noyabr 2026-cı il saat 15:00-dan etibarən vakant direktor vəzifələrinə işə qəbul üzrə elektron sənəd qəbuluna başlanılır. Namizədlər 4 dekabr 2026-cı il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.


Şərhlər