Menu

Putinlə danışmaq üçün rusiyalı oliqarxı işə salıblar – Baltik dənizində toqquşmanın qarşısını almaq cəhdi

26.11.2026, 11:52
Putinlə danışmaq üçün rusiyalı oliqarxı işə salıblar – Baltik dənizində toqquşmanın qarşısını almaq cəhdi

NATO üzvü olan Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə danışıqların təşkili üçün Kremlə yaxın rusiyalı oliqarxın vasitəçiliyindən istifadə ediblər.

"The Wall Street Journal" qəzetinin yazdığına görə, bu söhbət zamanı onlar Putini inandırmağa çalışıblar ki, NATO-nun sülh şəraitində Baltik dənizini blokadaya almaq planı yoxdur.

"AzPolitika" xəbər verir ki, danışıqların ictimaiyyətə açıqlanan rəsmi mövzusu Ukraynada sülhün müzakirəsi olsa da, Finlandiya və Norveç liderləri Fin körfəzində gəmiçilik məsələsini də qaldırıblar. Nəşrin mənbələri bunu “öz ərazilərində Rusiya ilə hərbi toqquşmanın qarşısını almaq cəhdi” kimi qiymətləndiriblər.

Məqalədə qeyd olunur: “Baltik dənizi Moskva ilə Qərb arasındakı münasibətlərdə ən təhlükəli potensial gərginlik ocaqlarından birinə çevrilib və iki ölkənin liderləri Moskva üçün həyati əhəmiyyət daşıyan gəmiçilik marşrutunu bağlamaq niyyətində olmadıqlarına dair Putinə zəmanət verməklə gərginliyi azaltmaq istəyiblər”.

Moskvada mümkün blokada ilə bağlı narahatlığın artdığını Rusiyanın “kölgə donanması”na aid neft tankerlərinin artıq hərbi gəmilər tərəfindən müşayiət olunması da təsdiqləyir. Bundan sonra sanksiyaya məruz qalmış Rusiya neftini daşıyan tankerlərin saxlanılması halları dayanıb. Qərb diplomatlarının blokada planlarının olmadığı barədə Moskvanı inandırmaq cəhdlərinə baxmayaraq, Aleksandr Stubb bu mesajın birbaşa Putinə çatmayacağından ehtiyat edib: “O, Norveçlə birlikdə Kremlə birbaşa çıxışı olan rusiyalı oliqarxa müraciət edib. Həmin şəxs yüksək rütbəli rəsmilərlə məsləhətləşmələr aparmaq üçün Norveçə gedib, daha sonra isə mesajı Putinə çatdırmaq üçün Moskvaya qayıdıb”.

Bundan bir neçə gün sonra Stubb və Störenin Putinlə telefon danışığı baş tutub.

Xatırladaq ki, noyabrın 21-də Fin körfəzinin mərkəzində dron hücumundan sonra Kalininqrada gedən Rusiyaya məxsus yük gəmisində yanğın baş verib. Söhbət Rusiya Müdafiə Nazirliyinin yeganə rəsmi daşıyıcısı olan “Oboronlogistika” dövlət şirkətinə məxsus “Sparta II” quru yük gəmisindən gedir. Hərbi yüklərin daşınmasına görə ABŞ və Ukraynanın sanksiya siyahısına salınan gəmidəki yanğın finlandiyalı xilasedicilərin köməyi ilə söndürülüb və gəmi Sankt-Peterburq limanına yedəklənib. Hərbi ekspert Andrey Rıjenkonun sözlərinə görə, məhz bu gəmi “Suriya ekspresi” adlanan marşrutda istifadə olunub və 2022-ci ildə Suriyadan Rusiyaya Ukrayna ərazisinə zərbələr endirmək üçün S-300 sistemləri üçün raketlər daşıyıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol