Qayıdanların işi və sosial təminatı necə olacaq?
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində vətəndaşların doğma yurdlarına köçürülməsi davam edir. Yeni yaşayış məntəqələrinin salınması ilə yanaşı, qayıdan ailələrin sosial təminatı və məşğulluq məsələləri də xüsusi əhəmiyyət daşıyır. Əhalinin həmin ərazilərdə uzunmüddətli və dayanıqlı məskunlaşması üçün iş yerlərinin yaradılması və sosial xidmətlərin əlçatan olması vacib şərtlərdən hesab olunur. Bu baxımdan, Böyük Qayıdışın növbəti mərhələsində sosial və iqtisadi imkanların genişləndirilməsi əsas məsələlərdən biri olaraq qalır.
İşğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsi üçün hansı imkanlar yaradılır? Yeni məskunlaşan ailələrin sosial xidmətlərə və zəruri infrastruktura çıxışı hansı səviyyədədir?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində vətəndaşların doğma yurdlarına köçürülməsi mütəmadi olaraq davam edir.
Onun sözlərinə görə, Böyük Qayıdış yalnız məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi ilə məhdudlaşmır. Proqram eyni zamanda bölgələrdə zəruri infrastrukturun yaradılmasını, bərpa və quruculuq işlərinin aparılmasını, iqtisadi fəallığın artırılmasını və əhalinin məşğulluğunun təmin edilməsini əhatə edir.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi statistik məlumatlara əsasən, Böyük Qayıdış çərçivəsində köçürülən şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində işlər görülür. Bununla yanaşı, 2 minə yaxın şəxsin özünüməşğulluq proqramlarına cəlb olunduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilir. İşsiz şəxslərin isə məşğulluq proqramları çərçivəsində 6 aylıq peşə kurslarına cəlb edilməsi nəzərdə tutulur. Bu layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılır. Lakin Böyük Qayıdış prosesinə yalnız köçün təşkili kimi yanaşmaq düzgün deyil. Çünki ərazilərdə məskunlaşmanın davamlı olması üçün sosial və iqtisadi infrastruktura olan tələbat da qarşılanmalıdır. Biz işğaldan azad edilmiş əraziləri yalnız köç prosesinin həyata keçirildiyi məkan kimi görməməliyik. Ayrı-ayrı kənd və yaşayış məntəqələrində səhiyyə ocaqları, məktəblər və digər sosial obyektlər yaradılmalıdır. Eyni zamanda, turizmin inkişafı, özəl sahibkarlıq subyektlərinin fəaliyyət göstərə bilməsi və yeni layihələrin həyata keçirilməsi üçün əlverişli şərait formalaşdırılmalıdır. Bütün bunlar Böyük Qayıdış proqramının tam və davamlı şəkildə həyata keçirilməsi baxımından vacibdir”, – ekspert deyib.

İqtisadçı vurğulayıb ki, keçmiş məcburi köçkünlərin böyük hissəsi uzun illər ərzində Bakı və digər şəhər və rayonlarda yaşayıb. Bu səbəbdən onların yeni yaşayış məntəqələrində əvvəlki həyat şəraitinə uyğun infrastruktur və xidmətlərə çıxışının təmin edilməsi mühüm məsələlərdəndir:
“Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə yolların çəkilməsi, xidmət sahələrinin yaradılması və digər infrastruktur layihələrinin icrası davam etdirilir. Eyni zamanda, paytaxtda və digər bölgələrdə yaşayan qohumlarla əlaqələrin, gediş-gəlişin və müxtəlif xidmətlərə çıxışın təmin edilməsi də nəzərə alınır”.
Ekspert qeyd edib ki, Laçın, Füzuli və Xocavənd istiqamətində hava nəqliyyatı imkanlarının yaradılması da bölgəyə çıxışın təmin edilməsi baxımından əhəmiyyət daşıyır: “İşğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsi Böyük Qayıdış proqramının əsas istiqamətlərindən biridir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif proqramlar həyata keçirilir.
Həmin proqramlardan biri qayıdan vətəndaşların ödənişsiz 6 aylıq peşə kurslarına cəlb edilməsidir. Bu kursların məqsədi insanların yeni əmək bazarına uyğun peşələrə yiyələnməsinə və məşğulluq imkanlarının artırılmasına şərait yaratmaqdır”.
G.Hüseynova əlavə edib ki, yeni yaşayış məntəqələrinə köçürülən ailələrin sosial xidmətlərə və zəruri infrastruktura çıxışı təmin edilmədən köç prosesi həyata keçirilmir: “Hər hansı kəndə və ya yaşayış məntəqəsinə köç başlamazdan əvvəl həmin ərazidə sosial xidmətlərin, məktəblərin, səhiyyə obyektlərinin, yolların və digər zəruri infrastrukturun vəziyyəti nəzərə alınır. Bu, başlı-başına həyata keçirilən bir köç proqramı deyil. Məsələn, hər hansı kəndə müəyyən tarixdə köçün həyata keçirilməsi üçün əvvəlcə həmin ərazinin infrastrukturu, sosial xidmətləri, məktəbi, səhiyyə imkanları və digər zəruri ehtiyacları müəyyən səviyyədə təmin olunmalıdır. Bundan sonra köç prosesi başlayır.
Böyük Qayıdışın əsas məqsədi yalnız vətəndaşların doğma yurdlarına qaytarılması deyil, onların həmin ərazilərdə davamlı və təhlükəsiz həyat qurması, işləməsi və sosial xidmətlərdən yararlanması üçün zəruri şəraitin formalaşdırılmasıdır”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər