Azərbaycan iqtisadiyyatında son illər qeyri-neft sektorunun inkişafı, özəl sahibkarlığın genişlənməsi və maliyyə dayanıqlılığının gücləndirilməsi istiqamətində müəyyən müsbət göstəricilər qeydə alınır. Əmək müqavilələrinin sayının iki dəfədən çox artması, özəl qeyri-neft-qaz sektorunun məşğulluqda payının 57 faizə yüksəlməsi bu sahədə baş verən dəyişikliklərin göstəricisi kimi diqqət çəkir.
Eyni zamanda, qeyri-neft-qaz ixracının 4,2 milyard dolları ötəcəyinə dair gözləntilər yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndiyini göstərir. Bununla yanaşı, Azərbaycanın strateji valyuta ehtiyatlarının xarici dövlət borcunu təxminən 20 dəfə üstələməsi ölkənin maliyyə imkanları və iqtisadi təhlükəsizliyi baxımından mühüm üstünlük hesab olunur.
Bəs İqtisadiyyat naziri Mikayıl Cabbarovun açıqladığı bu göstəricilər 2027-ci ildə Azərbaycan iqtisadiyyatının inkişafına necə təsir edəcək? Qeyri-neft ixracının artımı iqtisadiyyatın şaxələndirilməsinə nə dərəcədə töhfə verə bilər? Güclü valyuta ehtiyatları qarşıdakı ildə hansı iqtisadi imkanları vəd edir?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan iqtisadçı ekspert Razi Abbasbəyli bildirib ki, bu açıqlamada diqqətçəkən əsas məqam qeyri-neft-qaz ixracı ilə bağlı proqnozlardır: “Belə ki, 2026-cı ilin yekunlarına görə qeyri-neft-qaz ixracının 4,2 milyard dolları keçəcəyi, 2027-ci ildə isə 4,5 milyard dollara çatacağı gözlənilir. Bu, Azərbaycan məhsullarının xarici bazarlardakı mövqeyinin daha da möhkəmlənməsi deməkdir. Lakin ixracın həcmi ilə yanaşı, onun strukturuna da xüsusi diqqət yetirilməlidir. Kənd təsərrüfatı və sənaye məhsullarının ixracdakı payı artırılmalı, xüsusilə emal sənayesinin inkişafı ilə bağlı ciddi strateji proqramlar işlənib hazırlanmalıdır. Hazırda Azərbaycandan pambıq, meyvə və digər aqrar məhsullar xarici ölkələrə əsasən xammal şəklində ixrac olunur. Yerli tədarük olunan kənd təsərrüfatı məhsullarını emal edərək hazır məhsul formasında xarici bazarlara çıxara bilsək, ölkəyə daha böyük gəlirlər cəlb edə bilərik. Bunun üçün real istehsal və emal müəssisələri formalaşdırılmalı, eyni zamanda, xarici bazarlara əlverişli çıxış imkanları tapılmalıdır. Belə olan təqdirdə qeyri-neft sektorunun inkişafı daha da sürətlənəcək”.
Ekspertin sözlərinə görə, digər mühüm tendensiya ölkədə əmək müqavilələrinin sayının artmasıdır: “Statistikaya nəzər salsaq, 2019-cu illə müqayisədə əmək müqaviləsi ilə işləyənlərin sayı 541 min nəfər artıb. Təkcə 2026-cı ilin son 10 ayında isə bu artım 49 minə yaxın olub. Bu göstəricilər özəl sektorun iqtisadiyyatdakı payının ciddi şəkildə böyüdüyünü və əmək münasibətlərinin leqallaşdığını sübut edir. Davamlı şəffaflaşma daha çox vergi toplanmasına, pensiya fondunun gəlirlərinin artmasına, vətəndaşların sosial təminat və sosial sığorta sisteminə əlçatanlığının güclənməsinə, eləcə də əmək münasibətlərində digər qanuni kriteriyaların işçilərin xeyrinə formalaşmasına gətirib çıxarır. Bununla belə, nəzərə almaq lazımdır ki, əmək müqavilələrinin sayının artması avtomatik olaraq yüksək əməkhaqqı və ya məhsuldar iş yerlərinin yaradılması anlamına gəlmir. Qarşıdakı illərdə əsas hədəf təkcə müqavilələrin sayını çoxaltmaq deyil, həm də işçilərin real gəlirlərinin artımını təmin etmək olmalıdır..."
"İlkin rəsmi açıqlamalardan görünür ki, 2027-ci ildə həm minimum pensiyanın, həm də minimum əməkhaqqının baza hissəsində artımlar planlaşdırılır. Bu artımlar özəl sektorun maliyyə yükünü müəyyən qədər çoxaltsa da, ümumilikdə ölkədə vətəndaşların leqal və daha təhlükəsiz şəraitdə işlə təmin olunmasına zəmin yaradır və müsbət tendensiya kimi qiymətləndirilməlidir. Nəticə etibarilə, 2027-ci il Azərbaycanda iqtisadi siyasətin əsas sınaq dövrü olacaq. Bu sınağın əsas məqsədi indiyədək əldə edilən makroiqtisadi göstəriciləri əhalinin real rifahının yüksəldilməsinə yönəltməkdir. Bunun üçün müəyyən mühüm məqamlar mütləq diqqətə alınmalıdır. Ölkədə sağlam rəqabət mühitinin qorunub saxlanılmasında zəruri hallarda inzibati resurslardan da istifadə edilməlidir. Kredit siyasətində istehsal və ixrac yönümlü sahibkarlara daha əlçatan və aşağı faizli kreditlər təqdim olunmalıdır. Ümumilikdə, daha əlverişli maliyyə və investisiya mühiti yaradılmalı, təkcə əmək müqavilələrinin bağlanması ilə kifayətlənməyərək sənaye istehsalının artırılması və ixrac yönümlü investisiyaların təşviqi əsas strateji hədəf kimi müəyyənləşdirilməlidir”, - deyə ekspert bildirib.
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər