2027-ci il üçün açıqlanan makroiqtisadi proqnozlar gələn ilin iqtisadi mənzərəsi ilə bağlı bir sıra mühüm məqamları gündəmə gətirir. Proqnozlara əsasən, manatın ABŞ dollarına nisbətdə məzənnəsinin 1,70 səviyyəsində qalacağı, illik inflyasiyanın isə 5,3 faiz təşkil edəcəyi gözlənilir. Eyni zamanda, gələn il dünya bazarında Azeri Light markalı Azərbaycan neftinin bir barelinin orta satış qiymətinin 65 dollar olacağı nəzərdə tutulur. Bu göstəricilər ölkənin iqtisadi inkişaf perspektivləri, dövlət büdcəsinin gəlirləri, qiymətlərin dinamikası və əhalinin sosial rifahı baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə, inflyasiya səviyyəsinin əhalinin alıcılıq qabiliyyətinə təsiri, manatın sabitliyinin qorunması və neft gəlirlərinin büdcə imkanlarına təsiri 2027-ci ilin əsas iqtisadi müzakirə mövzularından olacaq.
Bəs bu göstəricilər ümumi iqtisadi vəziyyətlə bağlı hansı proqnozlar verməyə imkan yaradır?
Mövzunu "AzPolitika"ya şərh edən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, hökumət həm bu, həm də gələn il üçün iqtisadi artım proqnozlaşdırır:

"Gözlənilən rəqəm 3,5 faiz idi. Amma iqtisadi artım ilin son 8-9 ayında 1,5 faiz arasındadır. Gələn il üçün də iqtisadi artımın davam edəcəyi gözlənilir. İnflyasiya isə 5,3 fazi proqnozlaşdırılır. Mərkəzi Bank da bu rəqəmdən məmnundur. Banka görə, rəqəmin 6 faizdən aşağı olması bizim üçün uyğundur və risk müşahidə edilmir. Neftin qiyməti isə kifayət qədər yaxşı proqnozlaşdırılıb. Baxmayaraq ki, "qara qızıl" hazırda dünya bazarında 80-90 dollara satılır, amma müharibə faktoru mövcuddur. Dünyadakı münaqişələrdə yumşalma olsa, qiymətlər aşağı düşəcək. Ona görə də, neftin qiyməti ilə bağlı kifayət qədər real proqnoz verilib. Makroiqtisadi vəziyyətin stabilləşməsi, sosial xərclərin artması, minimum əməkhaqqının yüksəlməsi gözlənilir. Bu cür iqtisadi tədbirlərlə inflyasiyanın sosial vəziyyətə mənfi təsirini azaltmağa çalışacaqlar".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər