“Prezidentimizin siyasi iradəsinin və müəyyən etdiyi inkişaf kursunun nəticəsi olaraq iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Son illərdə olduğu kimi, cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub. Ötən il sektorun ÜDM-in nominal dəyərindəki payı 71,5%-ə çatıb”.
Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəyan edib.
O bildirib ki, Azərbaycan iqtisadiyyatının karbohidrogen ehtiyatlarından asılılığı ardıcıl və dönməz şəkildə azalmaqdadır.
Doğurdanda son illərin iqtisadi mənzərəsi göstərir ki, Azərbaycanda iqtisadi artımın mənbəyi köklü şəkildə dəyişib. Əgər uzun illər ərzində ümumi daxili məhsulun (ÜDM) dinamikası birbaşa qlobal neft qiymətlərindən və hasilat həcmlərindən asılı olubsa, hazırda bu asılılıq əhəmiyyətli dərəcədə neytrallaşdırılıb.
Belə ki, ötən il qeyri-neft-qaz sektorunun ÜDM-in nominal dəyərindəki payının 71,5%-ə çatması təsadüfi xarakter daşımır. Bu göstərici emal sənayesi, tikinti, turizm, nəqliyyat, logistika və xüsusilə də informasiya-kommunikasiya texnologiyaları sektorlarının sistemli şəkildə böyüməsinin məhsuludur. Cari ilin ilk 10 ayında da iqtisadi artımın məhz qeyri-neft-qaz sektoru hesabına təmin olunması onu göstərir ki, daxili iqtisadi fəallıq xarici şoklara qarşı güclü bir immunitet formalaşdırıb. Neft hasilatında təbii olaraq baş verən azalma artıq ümumi iqtisadi artımı ləngidə bilmir, çünki qeyri-neft sektoru iqtisadiyyatın əsas lokomotivinə çevrilib.
Makroiqtisadi sabitliyin və dövlət suverenliyinin qorunmasında ən həssas indikatorlardan biri dövlət büdcəsinin gəlir strukturudur. Son illərdə qeyri-neft daxilolmalarının payında müşahidə olunan yüksəliş tendensiyası dövlət maliyyəsinin xammal konyunkturasından asılılığını minimuma endirir.
Nazirin dediyi kimi, 2021-ci ildə büdcə gəlirlərində qeyri-neft daxilolmalarının payı 49% təşkil edirdisə, cari ildə bu rəqəm 55%-i ötüb. Bu o deməkdir ki, dövlət xərclərinin yarıdan çoxu artıq daxili iqtisadi dövriyyədən formalaşan vəsaitlər hesabına qarşılanır.

Qeyri-neft büdcə gəlirləri son beş ildə kəskin şəkildə artaraq 2021-ci ildəki 12,9 milyard manatdan 2026-cı ildə 22,2 milyard manata yüksəlib. Qısa müddət ərzində əldə olunan bu 9,3 milyard manatlıq artım ölkənin daxili iqtisadi potensialının necə genişləndiyini əyani şəkildə sübut edir. Bu dinamika hökumətə sosial öhdəlikləri, infrastruktur layihələrini və strateji əhəmiyyətli xərcləri daha etibarlı, proqnozlaşdırıla bilən mənbələr hesabına maliyyələşdirməyə geniş imkanlar yaradır.
Vurğulayaq ki, büdcənin qeyri-neft gəlirlərinin 63%-dən çoxunun birbaşa qeyri-neft sektorundan daxil olan vergilər hesabına formalaşması islahatların institusional uğurunun göstəricisidir. Son illərdə tətbiq edilən sərt vergi inzibatçılığı, rəqəmsallaşma elementləri və kölgə iqtisadiyyatına qarşı aparılan ardıcıl mübarizə tədbirləri biznes subyektlərinin rəsmiləşməsinə güclü təkan verib.
Şəffaflığın artması və vergi intizamının yüksəlməsi nəticəsində sahibkarlıq subyektləri dövlət büdcəsinin əsas vergi ödəyicilərinə çevriliblər. Vergilərin qeyri-neft gəlirlərinin üçdə ikisindən çoxunu təmin etməsi iqtisadiyyatın daxildən özünü maliyyələşdirmək qabiliyyətinin nə qədər gücləndiyini göstərir. Bu, həm də biznes mühitinin sağlamlaşdırılması və haqsız rəqabətin aradan qaldırılması istiqamətində atılan addımların bəhrəsidir.
Bununla belə, onu da qeyd edək ki, Azərbaycanın iqtisadi modelində baş verən bu struktur transformasiya təkcə daxili maliyyə sabitliyini deyil, həm də ölkənin geosiyasi və geoiqtisadi mövqeyini gücləndirir. Qlobal miqyasda enerji bazarlarında baş verən qeyri-müəyyənliklər, logistik zəncirlərin qırılması və iqtisadi böhranlar fonunda güclü qeyri-neft sektoruna sahib olmaq hər bir dövlət üçün böyük üstünlükdür.

Ekspertlər qeyd edirlər ki, gələcək dövrdə bu müsbət tendensiyanın qorunub saxlanılması üçün azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə inteqrasiyası, investisiya mühitinin daha da liberallaşdırılması, eləcə də ixrac yönümlü qeyri-neft sahələrinin (xüsusilə emal sənayesi və kənd təsərrüfatı məhsullarının) dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır.
Beləliklə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun parlamentdə açıqladığı rəsmi rəqəmlər və son illərin formalaşdırdığı makroiqtisadi mənzərə bir daha sübut edir ki, Azərbaycan “neft gəlirlərindən asılı klassik model”dən “şaxələnmiş, daxili istehsal və vergi bazasına əsaslanan modern iqtisadi model”ə keçid prosesini uğurla həyata keçirir. Qeyri-neft sektorunun ÜDM-də 71,5%-lik paya sahib olması və büdcənin yarıdan çoxunun bu sahədən daxil olan vəsaitlərlə formalaşması ölkənin dayanıqlı inkişaf kursunun etibarlı təməllər üzərində qurulduğunu təsdiqləyir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər