Menu

Regionlarda yeni iqtisadi mərhələ: Hansı dəyişikliklər gözlənilir?

16.11.2026, 14:04
Regionlarda yeni iqtisadi mərhələ: Hansı dəyişikliklər gözlənilir?

2027-ci ildə Azərbaycanın dövlət büdcəsində regionların maliyyə müstəqilliyinin artırılması istiqamətində mühüm dəyişikliklərin baş verməsi gözlənilir. Maliyyə naziri Sahil Babayevin açıqlamasına görə, növbəti ildən etibarən bütün rayonlar öz gəlirləri hesabına xərclərini tam qarşılaya biləcək və beləliklə, tarixdə ilk dəfə olaraq dotasiyadan asılı rayon qalmayacaq. Bu, regionların iqtisadi potensialının genişləndirilməsi, yerli gəlirlərin artırılması və büdcə vəsaitlərindən istifadənin səmərəliliyi baxımından mühüm addım kimi qiymətləndirilir. Bəs rayonların dotasiyadan asılılığının aradan qalxması onların sosial-iqtisadi inkişafına, yerli infrastruktur layihələrinə və əhalinin rifahına necə təsir edəcək? Bu dəyişiklik regionlarda hansı yeni imkanlar yaradacaq?

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, regionlərin büdcədən ayrılan dotasiyalardan asılılığının aradan qalxması ilk növbədə yerli iqtisadi fəallığın və maliyyə müstəqilliyinin artması baxımından əhəmiyyətlidir:

"Bu, o deməkdir ki, rayonlar öz ərazilərində formalaşan gəlirlər hesabına büdcə xərclərini qarşılamaq imkanına malik olacaqlar. Belə bir dəyişiklik yerli idarəetmə orqanlarının maliyyə məsuliyyətini artırmaqla yanaşı, onların iqtisadi potensialdan daha səmərəli istifadə etməsinə də stimul yarada bilər. Bununla belə, rayonların dotasiyadan asılılığının aradan qalxmasını avtomatik olaraq həmin ərazilərdə əhalinin rifahının yüksəlməsi və iqtisadi inkişafın sürətlənməsi kimi qiymətləndirmək düzgün olmaz. Çünki büdcə gəlirlərinin artması ilə real iqtisadi inkişaf eyni anlayış deyil. Əsas məsələ həmin gəlirlərin hansı mənbələr hesabına formalaşmasıdır. Əgər artım yeni müəssisələrin açılması, istehsalın genişlənməsi, məşğulluğun və sahibkarlıq fəaliyyətinin artması hesabına baş verirsə, bu, regionların dayanıqlı inkişafı üçün müsbət göstəricidir. Lakin gəlir artımı əsasən mövcud vergi və digər ödənişlərin yığılması hesabına təmin edilirsə, bunun iqtisadi fəallığa təsiri daha məhdud ola bilər".

Ekspertin sözlərinə görə, digər tərəfdən, regionların öz gəlirləri hesabına xərclərini qarşılaması yerli infrastrukturun inkişafı, kommunal xidmətlərin yaxşılaşdırılması, yolların təmiri və sosial layihələrin maliyyələşdirilməsi üçün daha geniş imkanlar yarada bilər: 


"Eyni zamanda, yerli büdcələrin gəlirlərinin artması dövlət büdcəsinin üzərindəki maliyyə yükünü azaldacaq və həmin vəsaitlərin digər strateji istiqamətlərə yönəldilməsinə şərait yaradacaq. Ancaq burada bir məqamı da nəzərə almaq lazımdır. Bütün rayonların maliyyə imkanları eyni deyil. Sənaye, turizm, kənd təsərrüfatı və xidmət sektorunun inkişaf etdiyi ərazilərlə iqtisadi potensialı məhdud olan rayonların gəlir imkanları arasında fərqlər mövcuddur. Buna görə də dotasiyadan imtina edilməsi regionlararası iqtisadi bərabərsizliyin aradan qalxması demək deyil. Əksinə, zəif inkişaf etmiş ərazilərdə dövlət investisiyalarının və məqsədli dəstək mexanizmlərinin davam etdirilməsi vacibdir. Fikrimcə, əsas hədəf rayonların sadəcə büdcə gəlirlərini artırması deyil, bunun real iqtisadi inkişafın nəticəsi olmasıdır. Bunun üçün regionlarda özəl investisiyalar təşviq edilməli, yeni istehsal müəssisələri yaradılmalı, kənd təsərrüfatı və turizm potensialından səmərəli istifadə olunmalı, qeyri-neft sektorunda məşğulluq genişləndirilməlidir. Əgər dotasiyadan asılılığın aradan qalxması bu proseslərin nəticəsidirsə, onda bu, regionların iqtisadi müstəqilliyinin güclənməsi istiqamətində ciddi irəliləyiş hesab oluna bilər".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol