Mənzillərin kirayəyə verilməsi zamanı ev sahiblərinin bir qismi kirayəçilərlə yazılı müqavilə bağlamadan, yalnız şifahi razılaşma əsasında hərəkət etməyə üstünlük verir. Bu yanaşma ilk baxışda tərəflər üçün daha asan görünsə də, sonradan kirayə haqqının ödənilməsi, mənzilin boşaldılması və əmlaka dəymiş zərərin qarşılanması ilə bağlı mübahisələr yarada bilər. Yazılı müqavilənin olmaması həm ev sahibinin, həm də kirayəçinin hüquqlarının müdafiəsini çətinləşdirə bilər. Eyni zamanda, mənzilin müqaviləsiz kirayəyə verilməsi vergi öhdəlikləri və qanunvericilikdə nəzərdə tutulan digər tələblər baxımından da suallar doğurur.
Ev sahibinin mənzili yazılı kirayə müqaviləsi olmadan icarəyə verməsi hansı hüquqi və maliyyə riskləri yaradır? Kirayə münasibətlərində tərəflərin hüquqlarını qorumaq üçün müqavilədə hansı əsas şərtlər mütləq əksini tapmalıdır?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, son vaxtlar kirayədən əldə olunan gəlirlər və bu sahədə müqavilə münasibətləri yenidən aktuallaşıb.

Onun sözlərinə görə, mənzilin kirayəyə verilməsi zamanı hər iki tərəf arasında rəsmi müqavilənin bağlanması vacibdir. Bu, həm ev sahibinin, həm də kirayəçinin hüquqlarının qorunması baxımından əhəmiyyət daşıyır: “Rəsmi icarə müqaviləsi ilk növbədə ev sahibinin münasibətləri qanunvericiliyə uyğun qurmasına və mümkün mübahisələr zamanı öz hüquqlarını müdafiə etməsinə imkan verir. Müqavilədə tərəflərin razılaşdığı bütün əsas şərtlər, o cümlədən mənzilin vəziyyəti, orada saxlanılan əşyaların siyahısı və durumu, kirayə haqqı, ödəniş qaydası, mənzilin boşaldılması, müqavilənin ləğvi və ya ona xitam verilməsi ilə bağlı məsələlər əksini tapmalıdır”.
Ekspert deyib ki, depozitin məbləği və hansı hallarda geri qaytarılacağı, eləcə də mənzildə kimin qeydiyyata düşəcəyi kimi məsələlər də əvvəlcədən razılaşdırılmalıdır: “Bu şərtlərin müqavilədə aydın göstərilməsi sonradan tərəflər arasında yarana biləcək anlaşılmazlıqların qarşısını ala bilər. Müqavilənin bağlanmasında kirayəçinin də marağı olmalıdır. Çünki rəsmi sənəd onun mənzildən vaxtından əvvəl çıxarılması, kirayə haqqının əsassız şəkildə artırılması və digər mümkün mübahisələr zamanı hüquqlarını müdafiə etməsi üçün əsas yaradır”.
E.Azadov əlavə edib ki, mənzildəki əşyaların əvvəlcədən siyahıya alınması və vəziyyətlərinin qeyd edilməsi də vacibdir: “Bu, kirayə müddəti başa çatdıqdan sonra hər hansı əşyanın zədələnməsi və ya itməsi ilə bağlı tərəflər arasında mübahisələrin yaranmasının qarşısını almağa kömək edir. Mənzildəki bahalı avadanlıqların sıradan çıxması və ya təmirə ehtiyac yaranması da tez-tez mübahisə mövzusuna çevrilir. Belə hallarda ev sahibi təmir xərclərinin kirayəçi tərəfindən ödənilməsini tələb edə, kirayəçi isə nasazlığın onun təqsiri üzündən yaranmadığını bildirə bilər. Buna görə də avadanlıqların təmiri və mümkün zərərin ödənilməsi ilə bağlı məsuliyyət əvvəlcədən müəyyənləşdirilməlidir. Bəzi hallarda tərəflər bu xərclərin bölüşdürülməsi, məsələn, 50/50 prinsipi ilə qarşılanması barədə razılığa gəlirlər”.
Ekspert yaşayış yerinin qeydiyyatı məsələsinə də diqqət çəkib. Qeyd edib ki, qanunvericiliyə əsasən, vətəndaş yaşayış yerini dəyişərək 12 aydan artıq müddətə başqa ünvanda yaşayırsa, həmin ünvanda qeydiyyata düşməlidir: “Bu məsələnin də kirayə münasibətləri rəsmiləşdirilərkən nəzərə alınması əhəmiyyətlidir. Kirayə müqaviləsi sadəcə formal sənəd deyil, tərəflərin hüquq və öhdəliklərini müəyyənləşdirən, mümkün mübahisələrin qarşısını almağa xidmət edən mühüm hüquqi vasitədir. Buna görə də həm ev sahibləri, həm də kirayəçilər mənzilin kirayəyə verilməsi və götürülməsi zamanı bütün şərtləri əvvəlcədən razılaşdırmalı və yazılı şəkildə rəsmiləşdirməlidirlər”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər