Menu

KORONAVİRUSUN YENİ VARİANTI ORTAYA ÇIXIB - "Azərbaycanda yayılma ehtimalı da istisna edilmir"

12.11.2026, 09:26
KORONAVİRUSUN YENİ VARİANTI ORTAYA ÇIXIB - "Azərbaycanda yayılma ehtimalı da istisna edilmir"

Şimali Amerika və Avropada yayılmağa başlayan koronavirusun PJ.2.1 variantı qrip və soyuqdəyməyə bənzər simptomlarla müşayiət oluna bilər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri məlumat veriblər.

ÜST-dən bildirilib ki, yalnız simptomlara əsaslanaraq xəstəliyə hansı tənəffüs virusunun səbəb olduğunu dəqiq müəyyənləşdirmək mümkün deyil. Bəzi hallarda düzgün müalicə taktikasının seçilməsi üçün laborator müayinələrə ehtiyac yarana bilər.

Təşkilatın açıqlamasına görə, hazırda PJ.2.1 variantının digər COVID-19 variantlarından fərqli simptomlara və ya daha ağır xəstəliyə səbəb olduğunu təsdiqləyən kifayət qədər elmi sübut yoxdur.

ÜST vurğulayıb ki, PJ.2.1 koronavirusun ayrıca növü deyil, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun yeni variantıdır. Təşkilat yeni variantın dünya üzrə yayılmasını diqqətlə izlədiyini də bildirib.

İnfeksionist və virusoloq, tibb elmləri doktoru Yelena Malinnikovanın sözlərinə görə, PJ.2.1 variantına yoluxma zamanı güclü boğaz ağrısı və xəstəlikdən sonra uzun müddət davam edən halsızlıq müşahidə oluna bilər.

Bəs koronavirusun yeni variantının Azərbaycanda yayılma ehtimalı nə qədərdir? Bu variant ölkəmizdə əlavə epidemioloji problemlərə səbəb ola bilərmi?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan infeksionist Mərdan Əliyev bildirib ki, koronavirusun PJ.2.1 variantı yeni variantdır və onun müəyyən ölkələrdə yayılması artıq müşahidə olunur.


Onun sözlərinə görə, hazırda dünyada koronavirusun bir neçə variantı dövr edir və müxtəlif xəstəlik hallarına səbəb olur: "PJ.2.1 variantı da bəzi ölkələrdə daha dominant xarakter daşıyır. Buna görə onun Azərbaycanda yayılması ehtimalı da istisna edilmir. Yeni variantın ölkəmizə gəlməsi, əsasən, miqrasiya və beynəlxalq gediş-gəlişlə əlaqəli ola bilər. Xəstəliyə yoluxmuş şəxs başqa ölkədən Azərbaycana gələ və burada yoluxmaya səbəb ola bilər. Yəni yeni variantın ölkəmizə gəlməsi nəzəri baxımdan mümkündür. Lakin bunun Azərbaycanda ciddi problemlərə yol açacağını düşünmürəm".

"Çünki yeni variantlar meydana çıxsa da, artıq orqanizmimiz koronavirusla tanışdır və müəyyən kollektiv immunitet formalaşıb. Buna görə də hesab edirəm ki, bu variant ölkəmizdə ciddi epidemioloji problem yaratmayacaq. Təbii ki, onun Azərbaycana gəlməsi mümkündür. Ancaq geniş şəkildə yayılacağını düşünmürəm. Çünki koronavirusun digər variantları onsuz da ölkəmizdə mövcuddur. Hazırda mövsümi xəstəliklərin yayıldığı dövrdür və koronavirusun bəzi variantları da dövr edir. Bu baxımdan, PJ.2.1 variantının ölkəmizə gəlməsi və yayılması ciddi əlavə problem yaratmaya bilər, - deyə o bildirib.

E. Bəyməmmədli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol