Menu

ALVERÇİNİN ÜMİDİNƏ QALAN KƏNDÇİ... - Bu rayonlardakı fermerlər heyvanlarını niyə sata bilmir?

11.11.2026, 09:42
ALVERÇİNİN ÜMİDİNƏ QALAN KƏNDÇİ... - Bu rayonlardakı fermerlər heyvanlarını niyə sata bilmir?

Hökumətin kənd təsərrüfatı sahəsinə xüsusi diqqət ayırdığı, onun inkişafı üçün müxtəlif proqramlar həyata keçirdiyi, subsidiyalaşma və digər istiqamətlərdə önəmli işlər gördüyü məlumdur. İnsafən, bu işlərin müəyyən bəhrələri də var və kənd təsərrüfatının, məsələn, meyvəçilik kimi bir çox sahələrində bunun nəticələrini xüsusi qeyd etmək olar. Lakin eyni zamanda, elə sahələr var ki, orada kəndçilərə, fermerlərə dəstəklə yanaşı, süni maneələr yaradılmasına da rast gəlirik...

Ötən ilin oktyabr ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə fəaliyyət göstərən heyvan bazarlarının müvəqqəti bağlandığını elan etdi. Bu, heyvandarlıq sahəsində ciddi ajiotaja səbəb oldu. Səbəb kimi, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması və bunun Azərbaycan üçün real risk yaratması göstərilmişdi. Qərara əsasən heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılacağı, tədbirlər başa çatdıqdan sonra isə bazarların fəaliyyətinin mərhələli şəkildə bərpa olunacağı nəzərdə tutulurdu.

Həmin vaxtdan bir ildən də çox vaxt ötüb. Bu bir il ərzində, məsələn, mal ətinin qiyməti 15.5-16 manatdan hazırkı 19 manat 50 qəpiyə qədər artıb. Əlbəttə, bu bahalşmanın başlıca səbəbi kimi bazarların bağlanmasını göstərmək doğru olmazdı. Lakin hər halda, bu amilin də bahalaşmada özünəməxsus “payı” var.

Bahalaşma heyvan bazarları bağlanan gündən özünü büruzə verməyə başlayıb və il ərzində daha da sürətlənib. Üstəlik, bir il ötməsinə baxmayaraq, heyvan bazarlarının bir çoxu hələ də fəaliyyətini bərpa etməyib. Bunların arasında xüsusilə də Şəki və Qəbələ(Nic) bazarlarının hələ də açılmaması bütöv bir regionumuzun əhalisi üçün ciddi problemlər yaradır.

İndi Qəbələ, Oguz, Şəki kimi rayonların, onlara aid kəndlərin əhalisi, fermerləri öz iri və xırda buynuzlu heyvanlarını satmaq üçün ən yaxın sayıla biləcək bazara – Göyçay bazarına üz tutmalı olurlar. Bu isə həm uzaq, həm əlverişsiz, həm də heyvanların daşınma xərclərinə görə bahalı seçimdir. Yerli əhalinin bildirdiyinə görə, bir iri heyvanın bir tərəfə daşınması üçün 50-60 manat, bir xırda buynuzlunu çatdırmaq üçün isə təxminən 20 manat tələb olunur. Üstəlik, elə ucqar kəndlər var ki, oradan Göyçaya, yaxud Zaqatalaya heyvan çatdırmaq üçün 100 kilometrdən artıq yol qət edilməlidir. Bu, həm heyvan sahibləri üçün əlavə xərc və əziyyət, həm də heyvanların özləri üçün sarsıdıcır...

Məsələn, Oğuz rayonun ucqar kəndlərini demirik, hətta rayon mərkəzindən belə Göyçaya qədər məsafə 110 kilometrdən çoxdur. Qəbələdəki Nic bazarına isə cəmi 30 kilometr məsafə var. İndi bu rayonun sakinləri Nic bazarı bağlı olduğu üçün 4 dəfə artıq məsafə qət etməli və bir o qədər də artıq pul xərcləməlidirlər ki, min əziyyətlə becərdikəri bir, yaxud bir neçə heyvanı bazara çatdırsınlar. Satılmadığı təqdirdə isə yenidən xərc çəkib onları geri qaytarmalıdırlar.


Bu əziyyətdən və xərclərdən qurtulmaq üçün kəndçi-fermer heyvanını öz qapısında alverçiyə satmaq məcburiyyətində qalır. Alverçi isə (işdir gəlib çıxsa), onu dəyər-dəyməzinə almağa çalışır və alır da. Buna görə əlacsız qalan bir çox mal-qara sahibləri öz heyvanlarını onlara başa gələn qiymətdən də ucuz satmağa məcbur olurlar.

“AzPolitika”-ya danışan yerli sakinlər deyir ki, bu durum bir çoxlarını kənd təsərrüfatı ilə məşğul olmaqdan, heyvan saxlamaqdan vaz keçməyə məcbur edir. Onların dediyi kimi, zatən örüş yerləri və qışlıq ot, yem toplamaqda min çətinlik, əziyyət çəkən, yemi, taxılı, otu pulla almalı olan kəndçi zəhmətinin bəhrəsini normal şəraitdə, normal qiymətə satmağa imkan tapmırsa, bu işlə məşğul olmağın da anlamı qalmır. Nəticədə heyvandarlıqla məşğul olanların sayı azalır. Bu gün heyvan saxlayan kəndçi sabah şəhərə köçməli olur və istehsalçıdan istehlakçıya çevrilir. Nəticədə bazarda təklif azalır, tələb isə artır ki, bu da bahalşmaya səbəb olur...

Bir sözlə, AQTA-nın məlum qadağası və sözügedən zonada hələ də heyvan bazarlarının “naməlum səbəblər”dən açılmaması yerli əhali tərəfindən ciddi narazılıqla qarşılanır. Nəzərə alsaq ki, bu bazarların bağlanmasından bir ildən çox vaxt ötür, yəqin ki, bu vaxt onların müvafiq standartlara gətirilməsi üçün və “yoxlamaların” başa çatması üçün lazım olandan da artıqdır. Ancaq nə işdirsə bu proses heç cür bitmək bilmir, bazarların bəxti açılmır ki, açılmır. AQTA isə onların nə vaxt açılacağı barədə hələlik heç bir açıqlama vermir...

E.Qüdrətoğlu

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol