Bankomatdan pul çıxaran zaman əskinasın cırılmış, ləkələnmiş və ya digər formada zədələnmiş olduğunu görmək vətəndaşlar üçün gözlənilməz problemlər yarada bilər. Belə hallarda bir çoxları həmin pulu harada və necə dəyişdirəcəyini, bankın məsuliyyət daşıyıb-daşımadığını bilmir. Bəs bankomatdan zədəli pul çıxarsa, vətəndaş hansı addımları atmalı və hüquqlarını necə qorumalıdır?
Mövzunu "Azpolitika"ya şərh edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir bildirib ki, bankomatdan zədələnmiş əskinasın çıxması ilk növbədə bankların pul dövriyyəsinin təşkili və bankomatların nağd pulla təmin edilməsi prosesinə məsuliyyətlə yanaşmasının vacibliyini gündəmə gətirir.
Onun sözlərinə görə, vətəndaş bankomatdan pul çıxararkən aldığı əskinasın keyfiyyətinə görə əlavə problemlə üzləşməməlidir. Çünki bankomatların nağd pulla təmin edilməsi, eləcə də ora yerləşdirilən əskinasların yararlılığının yoxlanılması bankların məsuliyyətinə daxildir:
"Azərbaycan Mərkəzi Bankının müvafiq qaydalarına əsasən, bankomatlara yalnız dövriyyəyə yararlı milli pul nişanları yerləşdirilməlidir. Bu baxımdan bankomatdan pul çıxararkən cırılmış, ciddi şəkildə ləkələnmiş və ya başqa formada zədələnmiş əskinasla qarşılaşan vətəndaş ilk növbədə həmin pulu saxlamalı, zədələnmiş hissələrin fotoşəkillərini çəkməli, bankomat çekini və əməliyyatla bağlı məlumatları qoruumalıdır. Daha sonra bankın müştəri xidmətlərinə və ya müvafiq filialına müraciət edərək əskinasın dəyişdirilməsini tələb etməlidir".

Ekspertin fikrincə, bankomatlara yerləşdirilən əskinasların yararlılığına nəzarət bankın öhdəliyi olduğu üçün müştərinin əsaslı müraciətinə formal yanaşılması yolverilməzdir:
"Banklar belə halların qarşısını almaq üçün bankomatlara yerləşdirilən pul nişanlarının yoxlanılmasına daha ciddi nəzarət etməli, müştərilərin müraciətlərinə operativ reaksiya verməli və problemin həlli mexanizmini sadələşdirməlidirlər. Vətəndaşlar bank xidmətindən istifadə edərkən əlavə maliyyə və vaxt itkisi ilə üzləşməməlidirlər. Bank əskinasın dəyişdirilməsindən imtina etdiyi və ya problemi həll etmədiyi təqdirdə vətəndaş Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilər. Zədələnmiş manat əskinaslarının dəyişdirilməsi Mərkəzi Bankın müəyyən etdiyi meyarlar əsasında həyata keçirilir. Əskinasın qorunub saxlanılmış hissəsinin ölçüsü və digər fiziki xüsusiyyətləri onun nominal dəyəri ilə dəyişdirilməsinin mümkünlüyünü müəyyən edən əsas amillərdəndir".
Müşviq Tofiqoğlu
Azpolitika.info


Şərhlər