Menu

İŞƏ GECİKƏNLƏRİN MAAŞINDAN PUL TUTULA BİLƏR? – Hüquqşünas AÇIQLADI

10.11.2026, 17:02
İŞƏ GECİKƏNLƏRİN MAAŞINDAN PUL TUTULA BİLƏR? – Hüquqşünas AÇIQLADI

İşə gecikən əməkdaşların əməkhaqqından cərimə tutulması məsələsi əmək münasibətlərində tez-tez müzakirə olunan mövzulardan biridir. Bəzi işəgötürənlər daxili intizam qaydalarına əsaslanaraq işə gecikən əməkdaşların maaşından müəyyən məbləğdə pul tuturlar. Lakin belə bir praktikanın qanunvericiliyə uyğun olub-olmaması suallar doğurur.

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən hüquqşünas Tağı Hüseynovun sözlərinə görə, bütün bu münasibətlər Əmək Məcəlləsi ilə tənzimlənir:

"Belə ki, məcələninin 186-cı maddəsində Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri əks olunub.

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

a) töhmət vermək;

b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;

ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. 

Burada icra intizamının pozulmasına görə, ümumi qayda olaraq işəgötürənin işçinin razılığı olmadan onun əməkhaqqından istənilən məbləği tutmaq hüququ yoxdur. Yəni işçinin işə gecikməsi avtomatik olaraq onun maaşından cərimə tutulmasına hüquqi əsas yaratmır".

Ekspert bildirir ki, bu məsələdə diqqət yetirilməli olan məqamlardan biri kollektiv müqavilənin mövcudluğudur:

"Əgər işəgötürənlə işçilər arasında bağlanmış kollektiv müqavilədə işə gecikmə hallarında əməkhaqqından tutulma məsələsi əvvəlcədən nəzərdə tutulubsa, bu zaman həmin şərtlərin tətbiqi məsələsi gündəmə gələ bilər. Beləliklə, işəgötürənin yalnız daxili qərarı və ya şifahi göstərişi əsasında əməkdaşın maaşından cərimə tutulması qanuni hesab edilə bilməz. Bu cür hallarda əmək münasibətlərini tənzimləyən sənədlərin və qanunvericiliyin tələblərinin nəzərə alınması vacibdir".

Müşviq Tofiqoğlu

AzPoitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol