Azərbaycanda pensiya yaşını keçmiş vətəndaşların kredit əldə etmək imkanları bank sektorunda müzakirə olunan məsələlərdən birinə çevrilib. Bəzi bankların 70 yaşdan yuxarı, hətta 73 yaşadək şəxslərə kredit verdiyi barədə məlumatlar yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı suallar yaradır. Pensiya gəlirlərinin kredit öhdəliklərinin qarşılanmasında təminat kimi qəbul edilməsi, eləcə də yaşlı borcalanların ödəmə qabiliyyətinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, bankların pensiyaçıların kredit müraciətlərinə hansı meyarlarla yanaşdığı və mümkün riskləri necə idarə etdiyi maraq doğurur.
Azərbaycanda pensiya yaşını keçmiş şəxslərə, xüsusilə 70-73 yaşlı vətəndaşlara kredit verilməsi hansı şərtlərlə mümkündür? Banklar yaşlı şəxslərə kredit ayırarkən hansı yaş həddini, gəlir göstəricilərini və təminat mexanizmlərini əsas götürürlər?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, Azərbaycanda pensiya yaşını keçmiş şəxslərin kredit əldə etməsi mümkündür. Lakin burada əsas məsələ yalnız borcalanın yaşı deyil, kreditin son ödəniş tarixi, pensiya gəlirinin məbləği, mövcud borc yükü və kredit tarixçəsidir.

Onun sözlərinə görə, bankların yaşla bağlı tətbiq etdiyi limitlər vahid deyil və əsasən onların daxili risk siyasəti ilə müəyyən olunur: “Məsələn, bəzi banklarda maksimum kredit yaşı 70 olduğu halda, müəyyən məhsullar üzrə 73 yaşadək pensiyaçılara da kredit verilir. 70-73 yaş qrupunda əsas üstünlük şəxsin stabil və rəsmi pensiya gəlirinin olmasıdır. Bank üçün pensiya əməkhaqqı kimi dəyişkən gəlir deyil, nisbətən sabit və proqnozlaşdırılan gəlir mənbəyidir. Lakin bank yalnız pensiyanın mövcudluğuna baxmır; həmin gəlirin kredit üzrə aylıq ödənişi qarşılamaq üçün kifayət edib-etmədiyini, şəxsin digər kreditlərini və kredit tarixçəsini də qiymətləndirir.
Məsələn, 71 yaşlı şəxsin aylıq pensiyası 700 manatdırsa və onun başqa kredit öhdəliyi yoxdursa, bank müəyyən müddətə nisbətən kiçik məbləğli istehlak krediti təklif edə bilər. Əgər həmin şəxsin aylıq kredit ödənişi 200-250 manat səviyyəsindədirsə, bu, bankın risk qiymətləndirməsindən keçə bilər. Əksinə, eyni şəxsin artıq 300-400 manatlıq aylıq kredit ödənişi varsa, yeni kreditin verilməsi daha problemli olacaq.
Yəni yaş təkbaşına nə kredit almaq üçün kifayət edən, nə də kreditdən imtina üçün həlledici meyardır. 70 yaşdan yuxarı müştərilərdə bank üçün əlavə risklər də mövcuddur. Bunlara, əsasən, kredit müddəti ərzində borcalanın ödəmə qabiliyyətinin dəyişməsi, sağlamlıq vəziyyəti ilə bağlı risklər və ölüm halında kredit öhdəliyinin necə təmin ediləcəyi daxildir. Bu səbəbdən bəzi hallarda zamin, girov və ya həyat sığortası kimi əlavə təminat mexanizmlərindən istifadə edilə bilər. Lakin bunların məcburi olub-olmaması konkret bankın və kredit məhsulunun şərtlərindən asılıdır”.
Ekspertin diqqət çəkdiyi əsas məqamlardan biri də budur ki, pensiya kartının kredit verilən bankda olması yaşlı borcalanın kredit əldə etmək imkanını artıra bilər: “Çünki bank həmin şəxsin pensiya gəlirini birbaşa müşahidə edir və kredit ödənişinin pensiya hesabından avtomatik tutulmasını təşkil edə bilir. Digər tərəfdən, yaş həddi ilə kredit müddətini qarışdırmaq olmaz. Məsələn, bank 70 yaşadək kredit verirsə, bu, mütləq 70 yaşlı şəxsin 5 illik kredit götürə bilməsi demək deyil. Bir çox banklarda əsas şərt kreditin son ödəniş tarixində borcalanın müəyyən edilmiş maksimum yaş həddini keçməməsidir. Buna görə də 69 yaşlı müştəriyə 5 illik kredit əvəzinə daha qısa müddətli kredit təklif edilə bilər.
Hazırda bazarda yanaşmaların fərqli olması da bunu göstərir. Məsələn, bəzi banklarda maksimum yaş həddi 70 olduğu halda, Bank of Baku-nun pensiyaçılar üçün nəzərdə tutulmuş ayrıca məhsulunda kredit öhdəliyinin son ödəniş tarixinə borcalanın maksimum yaşı 75 müəyyən edilib. Həmin məhsul üzrə pensiya məbləğinə ayrıca minimum tələb qoyulmur və müəyyən hallarda zaminsiz də kredit götürmək mümkündür”.
E. Quliyev sonda əlavə edib ki, nəticə etibarilə, 70-73 yaşlı şəxsin kredit götürməsi qeyri-adi və ya avtomatik olaraq mümkün olmayan hal deyil: “Bank üçün əsas sual “Müştərinin neçə yaşı var?” deyil, daha çox “Bu kredit hansı gəlirlə, hansı müddətdə və hansı risk səviyyəsində geri qaytarılacaq?” sualıdır. Pensiyanın sabit olması, aşağı borc yükü, müsbət kredit tarixçəsi və lazım gəldikdə əlavə təminat mexanizmləri olduqda yaşlı şəxsin kredit əldə etmək imkanları əhəmiyyətli dərəcədə genişlənir”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər