2027-ci ildən etibarən dövlət payı 51%-dən az olan texnologiya parklarının rezidentləri üçün 20 illik vergi güzəştləri paketi tətbiq olunacaq.
“AzPolitika” xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin komitələrin birgə iclasındakı müzakirəsi zamanı deyib.
Azər Bayramov qeyd edib ki, bu sahibkarlar üçün mənfəət, əmlak və torpaq vergisindən azadolma, sosial siğorta güzəşti, eləcə də işçilərin əmək haqqına sıfır faizli gəlir vergisi nəzərdə tutulur. Onun sözlərinə görə, iri sahibkarlara bu güzəşt müəyyən ixrac şərti ilə tətbiq ediləcək.
Ələt Azad İqtisadi Zonası üçün nəzərdə tutulan vergi güzəştlərinə toxunan nazir müavini qeyd edib ki, gələn ildən bu zonada istehsal olunan, təsdiq edilmiş siyahıya daxil olan Azərbaycan mənşəli məhsulların ən azı yarısı ixrac edildikdə, digər hissəsi daxili bazara gömrük rüsumu olmadan çıxarıla biləcək.
A.Bayramov onu da vurğulayıb ki, “Startap” şəhadətnaməsi almış sahibkarlar üçün vergi güzəştlərinin müddəti 3 ildən 7 ilədək uzadılır və belə sahibkarların sayı artıq 340-ı keçib.
“AzPolitika.info”


Şərhlər