Menu

ERMƏNİSTAN CƏMİYYƏTİNDƏKİ MİFOMANİYA VƏ REALLIQ - "Rəqəmlər hər şeyi deyir"

12.11.2026, 13:43
ERMƏNİSTAN CƏMİYYƏTİNDƏKİ MİFOMANİYA VƏ REALLIQ - "Rəqəmlər hər şeyi deyir"

Azərbaycanda Zəfər Gününün qeyd olunması fonunda Ermənistanın sosial şəbəkə seqmentində növbəti ənənəvi isteriya dalğası başlayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, erməni istifadəçilər hər il olduğu kimi, yenə də “müharibəni Azərbaycana deyil, başqa qüvvələrə uduzduq” tezisini dövriyyəyə buraxaraq ağlasığmaz iddialar irəli sürürlər. 

Onun sözlərinə görə, bu axının yekunu isə hər zamankı absurd tezislə bitir: 

"Heç bir kapitulyasiya olmayıb, əgər Nikol müharibəni dayandırmasaydı, biz indi Bakıda çay içirdik".

T.Zülfüqarov bildirib ki, bu cür əsassız mifləri və reallıqdan uzaq uydurmaları quru təbliğat şüarları ilə deyil, dəqiq rəqəmlər və rəsmi statistika ilə cavablandırmaq lazımdır. Onun təqdim etdiyi son müharibənin acı reallıqlarına dair rəqəmlər belədir:

"Müdafiə Nazirliyi və digər güc strukturlarının məlumatına əsasən, Vətən müharibəsində hərbi qulluqçuların ümumi şəhid itkiləri 2908 nəfər təşkil edib. Bu rəqəmin 14%-ni (hər altıncı nəfəri) zabit heyəti təşkil edir. Keçmiş nazir vurğulayıb ki, bu yüksək göstərici Azərbaycan zabitlərinin döyüş meydanında əsgərlərin arxasında gizlənmədiyini, ön xətdə fədakarlıqla vuruşduğunu əyani şəkildə sübut edir. Ən əhəmiyyətli faktlardan biri odur ki, həm hərbi əməliyyatlar dövründə, həm də ondan sonra Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən fərarilik ittihamı ilə bircə nəfər də olsun cinayət işi qaldırılmayıb".

Keçmiş XİN rəhbəri xatırladıb ki, Ermənistan Müdafiə Nazirliyi müharibə zamanı verdiyi canlı qüvvə itkilərinin dəqiq siyahısını bu günə qədər ictimaiyyətə açıqlamayıb. Bunun əvəzində rəqəmlər vəziyyətin nə qədər faciəvi və xaotik olduğunu açıq göstərir: 

"Ermənistanın hüquq-mühafizə orqanları yalnız fərarilik ittihamı ilə 12 600 cinayət işi qaldırıb. İstintaq Komitəsi hərbi əməliyyatlar zamanı həlak olanların müxtəlif kateqoriyaları üzrə 3883 cinayət işi qaldırıbsa da, həlak olan hərbi qulluqçuların adlarını, rütbələrini, vəzifələrini və ölüm yerlərini əks etdirən siyahı hələ də gizli saxlanılır. Bir sıra müstəqil Ermənistan siyasətçiləri və ekspertləri isə mövcud məzar sayı və qəbiristanlıqların rəsmi açıqlanan rəqəmləri dəfələrlə üstələdiyini açıq şəkildə etiraf edirlər".

Tofiq Zülfüqarov yekunda bildirib ki, Ermənistanın illüziyalar dünyası ilə Azərbaycana qarşı apardığı işğalçı siyasətin son mərhələsinin acı, lakin danılmaz statistik həqiqəti budur. O qeyd edib ki, Bakıda çay içmək xülyası ilə yaşayanlar əslində reallıqdan qaçaraq öz cəmiyyətlərini növbəti dəfə aldatmağa və utancverici məğlubiyyəti ört-basdır etməyə çalışırlar.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol