Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Yelisey Sarayında keçirilən rəsmi mərasim zamanı fəxri qarovulun iki hərbçisi huşunu itirərək yerə yıxılıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” qəzeti məlumat yayıb.
Hadisə noyabrın 11-də Slovakiya Prezidenti Peter Pelleqrininin Yelisey Sarayına rəsmi səfəri zamanı baş verib.
Nəşrin məlumatına görə, əvvəlcə fəxri qarovulda dayanan hərbçilərdən biri qəfil müvazinətini itirərək əlindəki qılıncı aşağı salıb və huşunu itirib. Makron və mərasimdə iştirak edən bir neçə şəxs dərhal ona kömək etməyə çalışıb.
Bir neçə saniyə sonra isə digər hərbçi də huşunu itirərək yerə yıxılıb.
Bundan sonra Yelisey Sarayının əməkdaşları hər iki hərbçini mərasim yerindən uzaqlaşdırıblar.
Hələlik onların səhhəti ilə bağlı rəsmi məlumat açıqlanmayıb.


Şərhlər