Havaların soyuması ilə əlaqədar məktəb və bağçalarda istilik təminatı məsələsi yenidən gündəmə gəlib. Valideynlər və müəllimləri maraqlandıran əsas məqamlardan biri təhsil müəssisələrində istiliyin rəsmi mövsüm başlanmadan əvvəl verilməsinin mümkün olub-olmamasıdır. Məlumdur ki, istilik mövsümü noyabrın 15-də başlayır. Lakin hava şəraiti kəskin dəyişərsə, bu tarixdən əvvəl istilik verilməsi mümkündürmü? Xüsusilə azyaşlı uşaqların təhsil aldığı müəssisələrdə istiliyin vaxtından əvvəl verilməsi nəzərdə tutulurmu?
Mövzu ilə bağlı "AzPolitika"nın suallarını cavablandıran “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, məktəb və bağçaların cəmi 6-8 faizi “Azəristiliktəchizat” ASC tərəfindən istiliklə təmin olunur. Ölkədə təxminən 4500 məktəb fəaliyyət göstərir ki, onlardan yalnız 449-u qurumun istilik təchizatı xidmətindən istifadə edir:

"Bu səbəbdən məktəb və bağçaların istiliklə vaxtından əvvəl təmin olunması məsələsinə Elm və Təhsil Nazirliyi daha dolğun aydınlıq gətirə bilər. Çünki bu, ilk növbədə sosial tələbatdan asılı olan məsələdir. Müəllim və valideynlər tərəfindən nazirliyə müvafiq müraciətlər daxil olur. “Azəristiliktəchizat” ASC məktəb və bağçaların cəmi 6-8 faizini istiliklə təmin etdiyindən, mövsümün yalnız bu müəssisələr üçün vaxtından əvvəl başlanması digər təhsil müəssisələrində suallar yarada bilər. Tutaq ki, qurum istilik mövsümünə bir qədər tez başlayaraq tabeliyində olan müəssisələri istiliklə təmin etdi. Bəs digər məktəb və bağçaların vəziyyəti necə olacaq? Qurumun xidmət göstərdiyi əhali və qeyri-əhali abonentlərinin istiliklə təmin edilməsi bir qayda olaraq eyni vaxtda – noyabrın 15-də başlayır. Bununla belə, kəskin hava şəraiti müşahidə olunduqda istilik mövsümünün bir neçə gün əvvəl başlanması və ya uzadılması mümkündür. Belə hallar əvvəlki illərdə də praktikada tətbiq olunub. Bu qərar yalnız məktəb, bağça və ya xəstəxanalara şamil edilmir. Zərurət yarandıqda həm əhali, həm də qeyri-əhali abonentlərinin istiliklə vaxtından əvvəl təmin olunması mümkündür. Onsuz da üç gündən sonra istilik mövsümü başlayacaq və bütün müvafiq müəssisələr istiliklə təmin ediləcək. Yalnız istisna hallarda istiliyin daha erkən verilməsi nəzərdə tutula bilər", - deyə qurumun sözçüsü vurğulayıb.
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər