Menu

Venesuela Kolumbiya ilə sərhəddə hərbi əməliyyata başlayıb

13.11.2026, 08:11
Venesuela Kolumbiya ilə sərhəddə hərbi əməliyyata başlayıb

Venesuela Silahlı Qüvvələri Kolumbiya ilə sərhəddə yerləşən Apure ştatında dövlət sərhədinə nəzarətin gücləndirilməsi və qanunsuz silahlı birləşmələrə qarşı mübarizə məqsədilə "Suverenlik və sülh" adlı hərbi əməliyyat keçirir.

Bu barədə Venesuela Milli Bolivar Silahlı Qüvvələrinin Strateji Əməliyyat Komandanlığı (CEOFANB) X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, əməliyyat ölkənin icra hakimiyyətinin göstərişlərinə uyğun olaraq həyata keçirilir. Hərbi bölmələr Kolumbiyanın Arauka və Viçada departamentləri ilə quru və çay sərhədi olan Apure ştatının sərhədyanı ərazilərində yerləşdirilib.

Komandanlıq vurğulayıb ki, hərbi mövcudluğun artırılmasında məqsəd əraziyə dövlət nəzarətini təmin etmək, ölkənin suverenliyini qorumaq və qanunsuz silahlı qruplaşmalara qarşı mübarizə aparmaqdır. Bu çərçivədə sərhəd bölgəsində əməliyyat bazalarının gücləndirilməsinə xüsusi diqqət yetirilir.

Qeyd olunub ki, ərazinin mürəkkəb relyefi, çoxsaylı çaylar və keçilməsi çətin olan cəngəlliklər cinayətkar qruplaşmaların fəaliyyətinə əlverişli şərait yaradır. Onlar sərhədyanı ərazilərdən qanunsuz sərhəd keçidləri, narkotik laboratoriyalarının və tranzit məntəqələrinin təşkili, eləcə də qanunsuz uçuş-enmə zolaqlarının yaradılması üçün istifadə edirlər.

Əməliyyat çərçivəsində Venesuela hərbçiləri fasiləsiz patrul xidməti həyata keçirir, qanunsuz silahlı birləşmələrin düşərgələrini məhv edir, qaçaqmalçılıq marşrutlarını bağlayır və regional təhlükəsizliyə təhdidlərin qarşısının alınması istiqamətində tədbirlər görür. /"Report" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol