Menu

TƏHSİL və MİLLİ KİMLİK FENOMENİNİN KONSEPTUAL ƏSASLARI - Millət vəkilinin məqaləsi

16.11.2026, 12:13
TƏHSİL və MİLLİ KİMLİK FENOMENİNİN KONSEPTUAL ƏSASLARI - Millət vəkilinin məqaləsi

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Prezident İlham Əliyev YAP-ın 8-ci Qurultayında kənar ideoloji təsirlərdən qorunmağın yollarından danışarkən təhsili ilk sıraya qoyaraq belə deyir:

"...biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq."

Milli kimlik anlayışı müasir sosial və siyasi nəzəriyyələrdə çoxqatlı və dəyişkən bir kateqoriya kimi qəbul edilir. Bu anlayışın mahiyyətində həm obyektiv göstəricilər - dil, ərazi və etnik mənsubiyyət, həm də subyektiv təcrübələr, kollektiv yaddaş və simvolik mənalar sistemi dayanır. Başqa sözlə, milli kimlik verilmiş bir struktur olmaqla eyni zamanda formalaşan və yenidən qurulan sosial prosesdir. Sosioloji və siyasi nəzəriyyələrdə bu məsələ geniş şəkildə araşdırılmışdır.

Fransız sosioloq, sosiologiyanın klassik nəzəriyyəsinin əsas nümayəndələrindən biri Emile Durkheim təhsili "cəmiyyətin özünü yenidən istehsal etmə mexanizmi" kimi xarakterizə edərək deyib: "Təhsil sistemi hər bir cəmiyyətin özünü yenidən istehsal etmə mexanizmidir, o, cəmiyyətin mövcud dəyərlərini, normalarını və sosial qaydalarını yeni nəsillərə ötürür". Bu yanaşma təhsilin ümumilikdə sosial funksiyasını izah etsə də, fikrimcə, burada əsas boşluq kimliyin passiv şəkildə ötürülməsi ilə aktiv şəkildə yenidən istehsalı arasındakı fərqin zəif vurğulanmasıdır. Başqa bir mühüm nəzəri istiqamət isə müasir sosiologiyanın ən nüfuzlu nümayəndələrindən biri Pyer Burdieu tərəfindən irəli sürülmüşdür. O, təhsil sistemini "mədəni kapitalın ötürülməsi və legitimləşdirilməsi mexanizmi" kimi təhlil edərək belə bir fikir söyləyib: "Təhsil sistemi mədəni kapitalın paylanma strukturunu təkrar istehsal etməklə sosial siniflər arasındakı mədəni fərqləri qoruyur və onları legitimləşdirir". Bu fikrə görə, milli kimlik, təhsil vasitəsilə normallaşdırılan və "təbii" kimi təqdim olunan sosial konstruksiyaya çevrilir.

Milli kimliyin "təsəvvür edilmiş" xarakterini vurğulayan amerikalı politoloq və siyasi antropoloq Benedikt Anderson isə bildirirdi ki, millət üzvləri bir-birini şəxsən tanımasalar belə, özlərini eyni təsəvvür edilmiş siyasi və mədəni birlik daxilində dərk edirlər. Andersonun yanaşmasına görə, təhsil milli zaman və məkan anlayışını standartlaşdıraraq fərdlərin eyni tarixi mənalar daxilində düşünməsini izah edir.

Bu yanaşma göstərir ki, təhsil bilik verməklə, eyni zamanda həmin "təsəvvürün" formalaşdığı əsas sosial mexanizmə çevrilir.

Bu kontekstdə britaniyalı filosof Ernest Qellner (Gellner) də sənayeləşmə dövründə milli kimliyin formalaşmasını təhsilin kütləviləşməsi ilə əlaqələndirərək yazır: "Sənaye cəmiyyəti yalnız standartlaşdırılmış kütləvi təhsil sistemi vasitəsilə vahid mədəni və kommunikativ struktur yarada bilər". Onun fikirlərində təhsil milli kimliyin funksional əsaslarını formalaşdırır.

Tədqiqatlar göstərir ki, təhsil sistemi milli kimliyin formalaşması və inkişafında mühüm rol oynayır. Təhsil vasitəsilə cəmiyyətin tarixi yaddaşı, mənəvi dəyərləri və mədəni ənənələri nəsildən-nəslə ötürülür. Deməli, kimlik təbii yox, idarə olunan və öyrədilən bir strukturdur. Bununla yanaşı, dəyişən sosial və siyasi şərait yeni kimlik təsəvvürlərinin yaranmasına da təsir göstərir. Xüsusilə siyasi dəyişikliklər yaşayan və ya müstəqillikdən sonra yeni dövlətçilik istiqaməti müəyyənləşdirən cəmiyyətlərdə təhsil kimliyin yenidən düşünülməsi və formalaşdırılması prosesində önəmli funksiyaya malik olur. Tarix, ədəbiyyat, incəsənət və digər humanitar sahələr vasitəsilə vətənə bağlılıq, kollektiv yaddaşa hörmət, ortaq keçmişin dərk olunması və milli qürur hissi şagirdlərin düşüncə sisteminə daxil edilərək fərdin özünü müəyyən sosial və mədəni bütövlüyün tərkib hissəsi kimi qəbul etməsinə şərait yaradır.

Müasir qloballaşma dövründə milli kimlik anlayışı əvvəlki mərhələlərlə müqayisədə daha mürəkkəb məzmun daşıyır. İnformasiya texnologiyalarının inkişafı, müxtəlif mədəni təsirlərin sərhədləri aşması və rəqəmsal ünsiyyət imkanlarının genişlənməsi fərqli identiklik formalarının bir-biri ilə daha sıx əlaqəyə girməsinə şərait yaradır. Belə bir mühitdə təhsil sistemi eyni zamanda, iki istiqamətdə funksionallıq nümayiş etdirməlidir: bir tərəfdən, qlobal mühitə inteqrasiyanı təmin etməli, digər tərəfdən isə milli-mədəni dəyərlərin davamlılığını qoruyub saxlamalıdır. Məhz bu balans fərdin beynəlxalq bilik və bacarıqlara yiyələnməsi ilə yanaşı, öz milli-mədəni kimliyini itirmədən inkişaf etməsinə şərait yaradır.

Ümumi yanaşmalar göstərir ki, təhsil fərdi şüuru kollektiv identikliklə əlaqələndirən, tarixi təcrübəni müasir reallıqla uzlaşdıran və milli davamlılığı təmin edən əsas sosial institut kimi çıxış edir.

Bu baxımdan müxtəlif ölkə modelləri üzərindən təhlilə keçmək məqsədəuyğundur.

Alman təhsil modeli

Almaniya təcrübəsi milli kimliyin formalaşmasında təhsilin rolunu ən sistemli şəkildə nümayiş etdirən modellərdən biri kimi dəyərləndirilə bilər. Bu modelin özəlliyi ondadır ki, təhsil yalnız bilik verən institut kimi yox, eyni zamanda sosial şüuru formalaşdıran və kollektiv yaddaşı istiqamətləndirən bir mexanizm kimi çıxış edir. XIX əsrdə Almaniyada milli kimliyin formalaşması prosesi təhsil sisteminin məqsədyönlü şəkildə təşkili ilə sıx bağlı olmuşdur. Alman filosofu Johann Gottlieb Fichte tərəfindən irəli sürülən ideyalar bu prosesin nəzəri əsasını təşkil edirdi. O, millətin gələcəyini yeni nəslin tərbiyə olunması ilə əlaqələndirərək yazıb: "Millətin gələcəyi onun təhsil sistemində formalaşan yeni nəslin mənəvi ruhundan asılıdır". Bununla da onun düşüncəsindəki formula təhsili milli ideyanın sistemli şəkildə formalaşdırıldığı məkan kimi təqdim edir.

Bu nəzəri çərçivə alman dövlətçiliyinin praktik siyasəti ilə uzlaşaraq daha geniş məzmun qazandı. Xüsusi ilə Almaniyanın siyasi birləşməsinin əsas memarı və Almaniya imperiyasının ilk kansleri Otto fon Bismark tərəfindən həyata keçirilən siyasi kurs milli birliyin möhkəmləndirilməsində təhsilin rolunu strateji səviyyəyə yüksəltdi. Bismarkın yanaşmasında dövlətin davamlılığı və gücü vətəndaşların şüur səviyyəsi, intizamı və ortaq dəyərlərə bağlılığı ilə birbaşa əlaqələndirilirdi. Bu baxımdan məktəb sistemi idarəetmə mexanizminin ayrılmaz hissəsi kimi çıxış edərək milli inteqrasiyanı təmin edən əsas vasitələrdən birinə çevrildi.

Eyni istiqamətdə alman filosofu, dilçi və dövlət xadimi Vilhelm fon Humbolt tərəfindən formalaşdırılan təhsil konsepsiyası xüsusi əhəmiyyət kəsb edir. Humboltun fikrincə, təhsilin məqsədi insanın bütün potensialını azad şəkildə inkişaf etdirmək və onu mənəvi bütövlüyə çatdırmaqdır. Onun bu modeli elmi azadlıq və akademik müstəqillik prinsiplərinə əsaslanaraq Almaniyada ali təhsilin keyfiyyətini yüksəltmiş, eyni zamanda milli düşüncənin dərinləşməsinə zəmin yaratmışdır.

Bu ideyalar fonunda Prussiya təhsil sistemi konkret institusional formaya çevrildi. Dövlət nəzarətində olan məktəblər vahid proqram əsasında fəaliyyət göstərdi. Dil, tarix və vətəndaşlıq şüurunu eyni xətt üzrə inkişaf etdirdi. Bu sistemdə müəllim şəxsiyyəti xüsusi əhəmiyyət daşıyırdı. O, bilik verən fərd olmaqla yanaşı, milli dəyərlərin daşıyıcısı kimi çıxış edirdi. Bu yanaşmanın simvolik ifadəsi kimi tarixə düşən fikir məşhurdu. "Sadova döyüşünü Prussiya müəllimi qazandı". Bu fikir Oskar Peşel (Peschel) ilə əlaqələndirilir. O bu ifadə ilə təhsilin milli gücün formalaşmasında oynadığı rolu metaforik şəkildə möhtəşəm ümumiləşdirib.

XX əsrin əvvəllərində Almaniya dərin siyasi və sosial sarsıntılarla üzləşdi. Birinci Dünya müharibəsindən sonra, xüsusilə Versal müqaviləsi nəticəsində formalaşan yeni reallıq cəmiyyət daxilində identiklik böhranını dərinləşdirdi. Bu mərhələdə təhsil sistemi milli ruhun bərpasına yönəldildi. Həmçinin mövcud siyasi mühitin təsiri altında müxtəlif ideoloji istiqamətlər yaranmağa başladı. Elə bu fakt özü göstərir ki, təhsil sisteminin məzmunu və istiqaməti siyasi kontekstlə qarşılıqlı təsir şəraitində formalaşır. Sonrakı dövrdə baş verən proseslər təhsilin təsir gücünü daha aydın şəkildə üzə çıxardı. Totalitar ideologiyanın hakim olduğu mərhələdə məktəblər və universitetlər ideoloji təsirin əsas kanallarından birinə çevrildi. Bu vəziyyət milli kimliyin istiqamətinin təhsil məzmunu ilə sıx bağlı olduğunu açıq şəkildə nümayiş etdirdi.

İkinci Dünya müharibəsindən sonra Almaniya cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biri mənəvi və ideoloji yenilənmə idi. Bu mərhələdə təhsil sistemi cəmiyyətin özünü yenidən dərk etməsində həlledici rol oynadı. Müttəfiq qüvvələrin nəzarəti altında həyata keçirilən islahatlar nəticəsində təhsil proqramları köklü şəkildə dəyişdirildi, müəllim heyəti yenidən formalaşdırıldı və yeni kurikulum demokratik və humanist dəyərlər üzərində quruldu.

Bu prosesin fəlsəfi əsaslandırılması alman filosofu və sosioloqu, Teodor V. Adorno tərəfindən verilmişdir. Onun "Oşvitsdən (Auschwitz) sonra təhsil" mövzusunda çıxışlarında irəli sürdüyü yanaşmaya görə, təhsil tənqidi düşüncəni inkişaf etdirməli, eyni zamanda cəmiyyətin etik məsuliyyət hissini gücləndirməlidir. Bu baxış təhsili bilik sistemi ilə yanaşı, mənəvi şüurun formalaşdırıldığı mühit kimi təqdim edir.

Müharibədən sonrakı dövrdə Almaniyanın iki fərqli siyasi sistem çərçivəsində inkişafı təhsil modellərində də öz əksini tapdı. Qərbi Almaniyada demokratik dəyərlərə əsaslanan, açıq və plüralist təhsil sistemi formalaşdı. Şərqi Almaniyada isə sosialist ideologiyası çərçivəsində qurulan təhsil modeli mövcud idi. Hər iki halda təhsil milli kimliyin yenidən müəyyənləşdirilməsi prosesində əsas alət kimi çıxış etdi. Bu mərhələdə alman kimliyi hüquqi dövlət prinsipləri, insan hüquqları və demokratik dəyərlərlə əlaqələndirilərək yeni məzmun qazandı.

Almaniya təcrübəsində təhsilə milli kimliyin formalaşmasında zamanla dəyişən, lakin əhəmiyyətini qoruyan əsas mexanizm kimi baxmaq olar. Bu modeldə intizamın önə çıxması təsadüfi deyil, dövlətin mərkəzləşmiş tarixi strukturunun təhsilə transferidir. Düşünmək olar ki, alman modelinin əsas məhdudiyyəti milli kimliyi daha çox dövlət intizamı ilə eyniləşdirməsidir və bu fərdin subyektiv kimlik təcrübəsini arxa plana keçirir.

Fransız təhsil modeli

Fransız təhsil modelində isə milli kimliyin formalaşmasına fərqli yanaşılır. Bu sistemdə əsas məqsəd daha çox vətəndaşlıq şüuruna, siyasi birlik ideyasına əsaslanır və ümumi mənsubiyyət hissinin yaradılmasına yönəlir. Fransız milli kimlik konsepsiyasının nəzəri əsaslarını filosof və tarixçi, millətin formalaşmasında ortaq tarixi yaddaşın, kollektiv iradənin və mənəvi həmrəyliyin rolunu üstün tutan nəzəriyyəçi Ernest Renan sistemləşdirmişdir. Onun 1882-ci ildə Sorbonna Universitetində səsləndirdiyi "Millət nədir?" mühazirəsində irəli sürdüyü "Millət gündəlik plebisitdir, o, ortaq yaddaş və birlikdə yaşamaq iradəsi üzərində formalaşır" fikrinə görə, millət ortaq xatirələr və birgə yaşamaq iradəsi üzərində qurulan mənəvi birlikdir. Bu yanaşma təhsil sistemində konkret məzmun kəsb edərək şagirdlərin kollektiv yaddaş çərçivəsində formalaşdırılmasına, eyni zamanda onların vətəndaşlıq məsuliyyətinin inkişafına xidmət etmişdir.

XIX əsrin sonlarında, xüsusilə III Respublika dövründə Fransada həyata keçirilən təhsil islahatları bu ideyaların praktik tətbiqini təmin etdi. Fransız dövlət xadimi Jül Ferri (Ferry) qanunları əsasında qurulan yeni təhsil sistemi pulsuz, icbari və dünyəvi xarakter daşıyırdı. Bu sistemin əsas məqsədi dini təsirləri məhdudlaşdırmaqla yanaşı, respublika dəyərlərinə sadiq vətəndaş formalaşdırmaq idi. Məktəblər dövlətin ideoloji dayaqlarından birinə çevrilərək fərdin siyasi identifikasiyasını formalaşdıran əsas mühit rolunu oynadı. Bu modeldə müəllim fiquru xüsusi əhəmiyyət daşıyan respublika dəyərlərini - azadlıq, bərabərlik və qardaşlıq prinsiplərini şagirdlərin şüuruna inteqrasiya edirdi. Bu baxımdan müəllim institutu milli kimliyin formalaşdırılmasında ideoloji vasitə rolunu oynayırdı.

Fransız təhsil modelində dil siyasəti də mühüm yer tutur. XIX əsrin sonlarında ölkə daxilində müxtəlif regional dillər və dialektlər geniş yayılmışdı. Təhsil sistemi vasitəsilə standart fransız dilinin təşviqi milli kommunikasiya məkanının formalaşmasına səbəb oldu. Bu proses mədəni inteqrasiya ilə yanaşı, vətəndaşlıq şüurunun vahid dil üzərində qurulmasına şərait yaratdı. Bu yanaşmada fərdlər lokal identiklikdən ümummilli identikliyə doğru istiqamətlənmişdir.

Bu istiqamətdə amerikalı tarixçi Eujen Veber (Eugen Weber) tərəfindən aparılan tədqiqatlar da xüsusi əhəmiyyət daşıyır. Onun "Kəndlilərdən fransızlara" əsərində göstərilir ki, XIX əsrin sonlarında Fransa əhalisinin böyük hissəsi özünü milli çərçivədə deyil, regional kimliklər daxilində dərk edirdi. Təhsil sistemi, hərbi xidmət və nəqliyyat infrastrukturu bu vəziyyəti dəyişdirərək fərdlərin milli identifikasiya prosesini sürətləndirmişdir. Bu yanaşma təhsilin milli kimliyin formalaşdırılmasında aktiv və transformativ rolunu empirik şəkildə təsdiq edir.

Fransız modelində tarix tədrisi də xüsusi ideoloji məna daşıyırdı. Məktəblərdə təqdim olunan tarix sistemi Fransa dövlətinin davamlılığı, inqilabi ənənələri və respublika dəyərlərinin inkişafı üzərində qurulurdu. Bu yanaşma kollektiv yaddaşın formalaşdırılması ilə yanaşı, vətəndaşların ortaq keçmişə bağlılıq hissini gücləndirirdi.

XX əsrdə Fransız təhsil modeli müxtəlif siyasi və sosial dəyişikliklərə uyğun olaraq transformasiya olunmuşdur. Xüsusilə dünya müharibələri dövründə və sonrasında təhsil sistemi milli birliyin qorunması və vətəndaşlıq şüurunun möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərmişdir. Bu mərhələdə məktəblər milli həmrəyliyin təmin edildiyi sosial institut kimi çıxış etmişdir.

Müasir dövrdə isə Fransız təhsil modeli yeni çağırışlarla üzləşir. Qloballaşma, miqrasiya və multikulturalizm kimi faktorlar milli kimlik məsələsini daha mürəkkəb hala gətirmişdir. Bu şəraitdə təhsil sistemi həm respublika dəyərlərinin qorunmasını, həm də müxtəlif mədəni kimliklərin inteqrasiyasını təmin etməyə çalışır. Bu balans Fransız modelinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir.

Fransız təhsil modeli milli kimliyin formalaşmasında vətəndaşlıq ideyasını mərkəzə yerləşdirən sistem kimi xarakterizə olunur və bu modeldə fərd dövlətin aktiv və məsuliyyətli vətəndaşı kimi formalaşdırılır. Təhsil bu prosesdə kollektiv yaddaşı, ortaq dəyərləri və siyasi şüuru inteqrasiya edən əsas mexanizm kimi çıxış edir və milli kimliyin davamlılığını təmin edən strateji institut rolunu oynayır. Fransız təhsil modeli göstərir ki, milli kimlik daha çox siyasi birlik, vətəndaşlıq məsuliyyəti və ortaq dəyərlər sistemi üzərində formalaşan institusional mexanizm kimi qurulur. Bu modeldə təhsil konkret olaraq respublika ideyasının daşıyıcısına çevrilən əsas sosial institut kimi çıxış edir.

Müqayisəli baxımdan yanaşdıqda, alman modelində ön plana daha çox intizam, mərkəzləşmiş dövlətçilik və tarixi-mədəni davamlılıq çıxırsa, Fransız modelində isə siyasi birlik, vətəndaşlıq şüuru və respublika dəyərləri üstünlük təşkil edir. Hər iki yanaşma fərqli ideoloji əsaslara söykənsə də, təhsil vasitəsilə fərdin kollektiv kimliyə inteqrasiyasını təmin edir. Bu fərq milli kimliyin formalaşmasında vahid universal yanaşmanın mövcud olmadığını, əksinə, tarixi və siyasi kontekstdən asılı olaraq müxtəlif modellərin formalaşdığını göstərir. Bu fərqliliklərin səbəbləri tarixi-siyasi inkişafın daxili məntiqi ilə izah olunur. Almaniyada milli birliyin formalaşması uzun müddət parçalanmış siyasi struktur daxilində getdiyi üçün təhsil sistemi mədəni və dil vahidliyinin yaradılmasına xidmət edən əsas inteqrasiya vasitəsinə çevrilmişdir. Fransada isə mərkəzləşmiş dövlətin artıq formalaşmış olması təhsilin əsas funksiyasını fərqli istiqamətə yönəltmişdir. Əsas məqsədi mövcud siyasi sistem daxilində vətəndaşlıq şüurunun möhkəmləndirilməsi və sosial-mədəni davranışların vahid normativ çərçivəyə salınması olmuşdur.

Beləliklə, hər iki təcrübə təhsilin cəmiyyətin özünü dərk etmə prosesini formalaşdıran strateji institut olduğunu təsdiqləyir. Bu baxımdan təhsil milli kimliyin davamlılığını təmin edən əsas dayaqlardan biri kimi çıxış edir və fərdin cəmiyyətlə münasibətini müəyyən edən fundamental sosial struktur rolunu oynayır.

Yapon təhsil modeli

Yaponiya təhsil modeli milli kimliyin qorunması məsələsinə daha fərqli yanaşan bir sistemdir. Burada məktəb insanın cəmiyyətə münasibətini formalaşdıran, davranış mədəniyyətini öyrədən və kollektiv düşüncə hissini inkişaf etdirən sosial mühitdir. Yaponiyada təhsil fərdi uğurdan daha çox ictimai məsuliyyət anlayışı ilə əlaqələndirilir. Əsas məqsədlərdən biri şagirdin cəmiyyət daxilində uyğun davranmağı bacaran fərd kimi yetişdirilməsidir.

Yaponiyanın müasir təhsil sistemi XIX əsrin ikinci yarısında baş verən modernləşmə prosesləri ilə sıx bağlıdır. Meiji Restorasiyası dövründə ölkə Qərb təcrübəsini öyrənməyə başlasa da, milli ənənələrin qorunması əsas prinsip kimi saxlanıldı. Dövlət texnoloji inkişafın yalnız iqtisadi dəyişikliklə mümkün olmadığını, bunun ortaq düşüncə sistemi və sosial birliklə bağlı olduğunu dərk edərək təhsili məhz bu əlaqələrin tam mərkəzində saxladı.

İkinci Dünya müharibəsindən sonra Yaponiyada təhsil sistemində ciddi dəyişikliklər edildi. Müharibədən sonra yeni kurikulum fərdin azad inkişafı, vətəndaş məsuliyyəti və demokratik düşüncə prinsiplərinə əsaslandı. Bununla yanaşı, milli mədəniyyətin qorunması istiqaməti də saxlanıldı. "Dəyişmək, lakin özünü itirməmək" yapon modelinin əsas meyarına çevrildi.

Yaponiyada müəllimə münasibət də fərqlidir. Müəllim davranış nümunəsi və ictimai nüfuz sahibi kimi qəbul edilir. Bu səbəbdən məktəbdə münasibətlər hörmət və etibar üzərində qurulur.

Müasir dövrdə Yaponiya yüksək texnologiya və qlobal inteqrasiya ilə tanınsa da, təhsil sistemi milli kimlik məsələsini arxa plana keçirmir. Əksinə, yeni biliklər və qlobal bacarıqlar milli dəyərlərlə paralel şəkildə təqdim olunur. Bu model göstərir ki, modernləşmə milli kimliyin zəifləməsi demək deyil, uyğun təhsil siyasəti olduqda ənənə ilə yenilik eyni sistem daxilində yaşaya bilir.

Təhsilin yapon modeli göstərir ki, milli kimlik gündəlik sosial təcrübə, davranış etikası və kollektiv məsuliyyət hissi ilə sinxronluq təşkil edir və bu modelin əsas gücü ondadır ki, qloballaşmanı milli kimlik üçün təhlükə qəbul etmir. Əksinə, yeni bilik və bacarıqları milli dəyərlərlə uyğunlaşdıraraq ənənə ilə modernliyi eyni sistem daxilində birləşdirir. Bu yanaşma təhsilin gələcəyə hazırlıq vasitəsi olmaqla cəmiyyətin özünü qoruma və yenidən qurma mexanizmi kimi təsdiq edir.

Sovet təhsil sistemi

XX əsrdə sovet təhsil sistemi milli kimliklərin formalaşmasına təsir göstərən ən geniş və mərkəzləşdirilmiş modellərdən biri hesab olunur. Bu sistemdə təhsil dövlət ideologiyasının yayılması, sosial davranış normalarının formalaşdırılması və vahid kollektiv mənsubiyyət anlayışının yaradılması üçün istifadə olunan əsas vasitələrdən biri kimi fəaliyyət göstərirdi.

Bu strukturun nəzəri izahını italyan filosofu və siyasi nəzəriyyəçi Antonio Gramsci belə verir: "Dominant ideologiya yalnız zor vasitəsilə deyil, həm də mədəni hegemonluq vasitəsilə cəmiyyətin şüuruna yerləşdirilir". O hesab edirdi ki, təhsil sistemi dominant ideologiyanın sosial norma kimi sabitləşməsini təmin edən əsas vasitədir.

Sovet təhsil modelinin ideoloji konsolidasiyası həm də milli intellektual mühitlərin nəzarət altına alınması ilə də müşayiət olunurdu. Bu kontekstdə 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay mühüm intellektual hadisə kimi çıxış edir. Qurultay türk xalqları arasında dil, əlifba və mədəni yaxınlaşma ideyalarını elmi müstəvidə formalaşdıran platforma idi. Sonrakı mərhələdə bu təşəbbüslər mərkəzləşdirilmiş ideoloji sistem baxımından alternativ inteqrasiya modeli kimi qiymətləndirildi və tədricən məhdudlaşdırıldı.

1930-cu illərdən etibarən Sovet İttifaqında genişmiqyaslı siyasi repressiya dalğası formalaşdı. Bu prosesdə təhsil və elmi mühitdə fəaliyyət göstərən ziyalı təbəqə sistemli şəkildə nəzarət altına alındı. Lavrentiy Beriyanın rəhbərliyində formalaşan təhlükəsizlik aparatı repressiya mexanizmlərinin əsas icraedici strukturlarından biri idi. Bu sistem siyasi nəzarət funksiyası olmaqla yanaşı, intellektual sahənin ideoloji filtrasiya mexanizmi kimi də çıxış edirdi.

Azərbaycan mühitində bu proses bir sıra görkəmli ziyalıların taleyində öz əksini tapdı. Mikayıl Müşfiq 1937-ci il repressiya dalğasında "əks-inqilabi fəaliyyət" ittihamı ilə güllələndi. Hüseyn Cavid "pantürkist ideyaların təbliği" ittihamı ilə həbs edilərək Sibirə sürgün olundu və orada vəfat etdi. Əhməd Cavad "millətçilik" və "antisovet fəaliyyət" ittihamları ilə repressiyaya məruz qaldı. Bu cinayət işləri sovet istintaq sistemində ideoloji meyarlara əsaslanan hüquqi konstruksiyalar kimi formalaşdırılırdı.

Bu prosesin daha geniş nəticəsi Azərbaycan intellektual mühitində struktur dəyişiklikləri yaratması idi. Ziyalı təbəqənin bir hissəsi fiziki olaraq məhv edilirdi, digər hissəsi ideoloji uyğunlaşma çərçivəsində fəaliyyətini davam etdirməyə məcbur qalırdı. Beləliklə, elmi və ədəbi düşüncə xəttində davamlılıq qırılır, fikir cərəyanları selektiv şəkildə formalaşırdı.

XX əsrin son mərhələsində, xüsusilə, 1980-ci illərin sonu və 1991-ci il ərəfəsində ideoloji monolitlik zəifləməyə başladı. Milli dillərin və mədəni komponentlərin rolu artdı, təhsil sistemi daxilində milli kimliklər yenidən aktuallaşdı. Bu proses sovet ideoloji modelindən milli dövlətçilik mərhələsinə keçidin intellektual əsaslarını formalaşdırdı.

Beləliklə, sovet təhsil sistemi milli kimliyin formalaşmasında həm inteqrasiyaedici, həm də transformasiyaedici ideoloji mexanizm kimi çıxış etmişdir. Bu modeldə kimlik çoxqatlı strukturda saxlanılır, lakin üstün identiklik kimi vahid siyasi-sosial çərçivə formalaşdırılırdı.

Azərbaycan təhsil sistemi və gözləntilər Zəfər kontekstində

Müasir Azərbaycan dövlətinin inkişaf siyasətində təhsil sistemi dövlətin uzunmüddətli dayanıqlığını təmin edən əsas istiqamətlərdən biri hesab olunur. Təhsilə bu şəkildə yanaşılması insan kapitalının inkişafı ilə yanaşı, ictimai sabitliyin qorunmasına, strateji düşüncə qabiliyyətinin güclənməsinə və dövlətçilik şüurunun formalaşmasına mühüm təsir göstərir. Təhsil həm də təhlükəsizlik mühiti ilə sıx bağlıdır. Burada söhbət təkcə hərbi təhlükəsizlikdən getmir, informasiya axınları, sosial sabitlik, mədəni davamlılıq və vətəndaş şüuru da bu çərçivəyə daxildir. Bu mənada təhsil sistemi dövlətin "yumşaq güc" elementlərindən biri kimi formalaşır.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttində təhsil həmişə xüsusi yer tutub. O, təhsili milli təhlükəsizliyin əsas dayaqlarından biri kimi görür və gələcəyin savadlı, milli ruhlu kadrlarla qurulacağını vurğulayırdı. Onun məşhur "Təhsil millətin gələcəyidir" fikri bu yanaşmanın ən qısa ifadəsidir. Sovet dövründə minlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərə göndərilməsi də məhz bu strateji baxışın tərkib hissəsi idi. 1970-1980-ci illərdə Azərbaycandan minlərlə gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi milli kadr potensialının formalaşdırılması istiqamətində uzunmüddətli dövlət siyasətinə çevrilməsi də gələcək müstəqil dövlətçilik modelinin intellektual bazasının hazırlanmasına xidmət edirdi. Yaponiyada tələbələrlə görüşü zamanı "Dilinizi, dininizi, milli adət-ənənələrinizi unutmayın. Öz milli köklərinizə bağlı olun" söyləməsi Ümummilli Lider Heydər Əliyevin təhsil və milli kimlik arasındakı əlaqənin nə qədər sinxron olduğunu bir daha təsdiq edir.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu yanaşma daha aydın strateji istiqamət qazanmış, təhsil siyasəti Azərbaycanın uzunmüddətli inkişaf məqsədləri ilə daha sıx əlaqələndirilmişdir. Təhsil sahəsində aparılan dəyişikliklər proqram və infrastruktur yenilənməsi ilə birgə cəmiyyətin gələcək ehtiyaclarına cavab verən insan potensialının formalaşdırılmasına yönəlmişdir. Rəqəmsal texnologiyaların tətbiqi, innovasiya mühitinin genişlənməsi və elmi tədqiqat imkanlarının artırılması bu siyasətin əsas istiqamətləri sırasında yer almışdır.

Bu gün təhsil iqtisadi inkişafın tərkib hissəsi kimi qiymətləndirilir. Çünki müasir dövrdə güclü iqtisadiyyat təbii resurslara yanaşı, bilik və bacarıqlara əsaslanan insan kapitalına da ehtiyac duyur. Bu baxımdan məktəb və universitetlər əmək bazarının tələblərinə uyğun düşünən, texnologiyadan istifadə etməyi bacaran, eyni zamanda milli dəyərlərə bağlı vətəndaşların hazırlanmasında mühüm rol oynayır.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində də insan kapitalının inkişafı əsas istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Burada əsas məqsəd peşəkar kadr hazırlamaq, eyni zamanda dəyişən dünyaya uyğunlaşa bilən, təşəbbüskar, sosial məsuliyyət hissi olan və ölkənin inkişafında iştirak edən fərdlərin yetişdirilməsidir. Məsələn, işğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin və təhsil mühitinin qurulması həmin bölgələrin sosial və mədəni həyatının yenidən formalaşdırılması kimi də qiymətləndirilə bilər.

Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən humanitar siyasət təhsilin sosial təhlükəsizlik komponentini gücləndirir. Təhsil infrastrukturunun inkişafı, regionlarda məktəb şəbəkəsinin genişləndirilməsi və mədəni irsin qorunmasına yönəlmiş layihələr sosial bərabərliyin təmin olunmasına və regionlararası inkişaf fərqlərinin azaldılmasına xidmət edir. Bu proses sosial inteqrasiyanı gücləndirməklə yanaşı, dövlətin daxili sabitlik potensialını artırır.

Möhtəşəm Zəfərimizdən sonrakı mərhələdə milli kimliyin möhkəmləndirilməsi prosesi çox əhəmiyyətli hadisə olaraq xüsusi diqqət tələb edir. Bu dövr təhsil üçün ayrıca mənəvi və ideoloji məsuliyyət yaradır. Bu mərhələdə əsas məsələ Zəfərimizi yalnız tarixi hadisə kimi saxlamaq yox, onu ictimai şüurun daimi hissəsinə çevirməkdir. Burada təhsil sistemi xüsusi rol oynayır. Zəfərin təhsildə təqdimatı təkcə tarix dərsi məsələsi yox, həm də identiklik məsələsidir.

Zəfərin təhsilə inteqrasiyası onun emosional çərçivədən çıxaraq düşüncə səviyyəsinə yüksəlməsini təmin edir. Qürur hissi yalnız duyğu kimi qaldıqda zəifləyə bilir, amma təhsil vasitəsilə bu hiss daha sabit və davamlı bir ideyaya çevrilir.

Kollektiv yaddaş nəzəriyyələrində də göstərilir ki, cəmiyyət öz keçmişini daim yenidən qurur. Milli kimlik nəzəriyyələrində kollektiv yaddaş anlayışı cəmiyyətin özünü anlama mexanizmi kimi xarakterizə olunur. Fransız sosioloqu Moris Halbvaks (Maurice Halbwachs) göstərirdi ki: "Fərdi yaddaş yalnız sosial çərçivələr daxilində mövcuddur, kollektiv yaddaş isə cəmiyyətin özünü davamlı olaraq yenidən qurma mexanizmidir". Belə yanaşma şanlı Zəfərimizin təhsil sistemində xüsusi metodoloji yanaşma ilə təqdim edilməsinin əhəmiyyətini ortaya qoyur. Çünki qələbə tarixi fakt olmaqla yanaşı, milli mənəvi strukturun formalaşdırılmasına təsir edən mühüm simvolik hadisə kimi çıxış edir.

Bu kontekstdə təhsildən gözləntilər odur ki, möhtəşəm Zəfərimizi informativ bilik səviyyəsindən fəlsəfi və siyasi düşüncə kateqoriyasına çevirməyi öhtəsinə götürsün. Bunun üçün məktəb və universitetlərdə Zəfərimiz, ona aparan siyasi iradə, sosial birlik, milli həmrəylik, vətəndaş məsuliyyəti və dövlətçilik konsepsiyası sistemli şəkildə təhlil olunmalıdır. Həmçinin bu prosesin milli psixologiyada yaratdığı dəyişiklikləri də cəmiyyətə izah etməlidir. Məhz bu yanaşma ilə fərdlərin keçmişə münasibətini passiv müşahidədən aktiv identifikasiya mərhələsinə keçirmək olar. Zəfərimizin təhsil müstəvisində inteqrasiyası milli kimliyin emosional komponenti ilə intellektual komponenti arasında əlaqə yaradacağı şübhəsizdi. Qələbə ancaq hiss olunan duyğu formasında saxlanılarsa, zamanla emosional zəifləmə riski ilə qarşılaşar. Təhsil isə həmin duyğunu konseptual düşüncəyə çevirərək onun uzunmüddətli sosial təsirini qorumaq gücünə malikdir. Bu səbəbdən Zəfər anlayışı məktəb mühitində dövlətçilik fəlsəfəsinin praktik nəticəsi kimi təqdim olunmalıdır. Qələbənin milli qürura çevrilməsi prosesi məhz təhsildən başlamalıdı, çünki milli qürur cəmiyyətin öz potensialına inamını gücləndirən, gələcəyə yönəlmiş fəaliyyət motivasiyası yaradan və kollektiv məsuliyyət hissini artıran sosial-psixoloji kateqoriyadır. Qalibiyyətin qürura transformasiyası cəmiyyətin özünə inamını sabitləşdirir, milli inkişafın mənəvi bazasını möhkəmləndirir və dövlətçilik düşüncəsini dərinləşdirir. Düşünürəm ki, belə yanaşma məktəb mühitində formalaşan "qalibiyyətdən-qürura" düşüncə modeli gələcək nəsillərin dövlətə münasibətini formalaşdırar, milli maraqları yüksəldər və kollektiv dəyərlərlə əlaqəsin dərinləşdirər.

Belə yanaşma olarsa, Qələbəmiz xalqımızın sürunda yalnız keçmiş hadisə kimi qalmayacaq, eyni zamanda milli inkişafın gələcək trayektoriyasını müəyyən edən ideoloji baza rolunu oynayacaq.

Müqayisəli baxanda görünür ki, təhsilə baxış müxtəlif yanaşmaları özündə ehtiva edir. Hər ölkə onu öz tarixi, siyasi təcrübəsi və cəmiyyətin ehtiyaclarına görə formalaşdırıb. Ona görə də müasir dünyanın qüdrətli dövlətləri sırasında yer alan Azərbaycan təhsil sistemini formalaşdırarkən, bu modellərin işlək tərəflərini tarixi keçmiş və mental dəyərlər sistemimizə uyğun olanlarını seçməlidir.

Belə qənaətə gəlmək olar ki, alman təcrübəsindən götürülə bilən əsas xətt tarix və dövlətçilik şüurunun ardıcıl, məntiqi bir inkişaf kimi öyrədilməsidir. Yəni şagird tarixə təkcə keçmiş hadisələr kimi baxmamalı, onun bugünkü dövlət düşüncəsinə necə gəlib çıxdığını hiss etməlidir. Bu, milli kimliyi daha dərin və düşünülmüş şəkildə möhkəmləndirir.

Fransız modelində isə vətəndaşlıq ideyası ön plandadır. Orada məktəb həm də insanın necə davranacağını öyrəndiyi məkandır. Azərbaycan üçün də bu vacibdir: şagird öz hüququnu bildiyi kimi, məsuliyyətini də dərk etməlidir. Bu balans olmayanda milli kimlik daha çox şüar səviyyəsində qalır.

Sovet təcrübəsinin müsbət tərəfi kimi isə təhsilin geniş kütlələrə açılması və sosial yüksəliş imkanı yaratması qeyd oluna bilər. Bu yanaşma ideoloji yükdən təmizlənib bərabər təhsil imkanları və regionlar arasında fərqin azaldılması formasında davam etdirilə bilər. Bu, milli kimliyin "hamıya aid" hissini gücləndirir.

Yapon modeli isə tamam başqa bir məqamı göstərir: milli kimlik təkcə dərsdə öyrədilmir, gündəlik davranışda yaşayır. İntizam, qarşılıqlı hörmət, kollektiv məsuliyyət - bunlar məktəbin içində formalaşanda cəmiyyətin bütövlüyü də daha dayanıqlı olur.

Bu dörd xətt bir araya gələndə Azərbaycan təhsilinin əsas istiqaməti də aydın görünür: tarixdən gələn yaddaşı qorumaq, vətəndaşlıq şüurunu gücləndirmək, təhsili hamı üçün əlçatan saxlamaq və davranış mədəniyyətini məktəbin içində formalaşdırmaqla daha da inkişaf etdirmək. Bu çərçivədə möhtəşəm Zəfərimiz ayrıca bir dönüş nöqtəsi kimi təqdim olunmalıdır. Düzgün yanaşma ilə Zəfərimizi zamanla qürura çevirməli - yəni emosional hissdən çıxıb düşünülmüş milli kimlik elementinə dönməkdir. Bu keçid çox vacibdir, çünki qürur hissi cəmiyyətin öz gələcəyinə inamını sabitləşdirir. Bu qarşıdakı qələbələrin açarı ola bilər.

Ümumiləşdirsək, bu qənaətə gələ bilərik ki, Azərbaycan təhsili bu modellərdən hər birinin işlək mexanizmlərini bir sistemdə birləşdirməlidir. Elə bir balans qurulmalıdır ki, milli kimlik həm tarixdən qidalansın, həm vətəndaşlıqla güclənsin, həm sosial ədalətlə genişlənsin, həm də gündəlik davranışda yaşasın. Bu halda Zəfər də sadəcə bir tarix yox, davam edən milli şüurun dayağına çevrilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol