Bu ilin ilk səkkiz ayında Azərbaycana 33 min 555 ton palma yağı idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 min 609 ton və ya 25 faiz çoxdur. Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkəyə 26 min 946 ton palma yağı gətirilib. İdxal olunan palma yağının əsas hissəsi İndoneziya və İspaniyanın payına düşüb. Belə ki, ümumi idxalın 62 faizi İndoneziyadan, 30 faizi isə İspaniyadan həyata keçirilib.
Qeyd edək ki, palma yağı idxalındakı kəskin artım bu məhsulun Azərbaycanda istehlakı və qida sənayesində istifadəsi ilə bağlı məsələləri yenidən gündəmə gətirib. Çünki palma yağının sağlamlığa təsiri, keyfiyyəti və digər bitki yağlarından fərqi ilə bağlı ictimaiyyətdə müxtəlif fikirlər mövcuddur. Bəzi ölkələrdə bu məhsulun istifadəsi qadağan edilib. Elə ölkəmizdə də palma yağının keyfiyyətinə şübhə ilə yanaşan insanların sayı kifayət qədərdir.
Bəs son illər mağazalarda palma yağlarının miqyasının genişlənməsi yağ bazarında insanların keyfiyyətli məhsul tapmaq imkanlarına necə təsir edib?
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “AzPolitika”ya açıqlamasında bildirib ki, palma yağı ilə bağlı Avropa, Amerika və xüsusilə MDB ölkələrinin bazarlarında geniş dezinformasiya yayılıb.

Onun sözlərinə görə, palma yağı müsəlman ölkələrində istehsal olunan və qiymət baxımından ucuz bitki yağlarından biridir. O, məhz bu səbəbdən onun beynəlxalq bazarlara daxil olmasına qarşı müəyyən media təzyiqlərinin olduğunu düşünür: “Palma yağının iki növü var – qida məqsədilə istifadə olunan və sənaye üçün nəzərdə tutulan yağlar. Qida məqsədilə istifadə edilən palma yağı meyvənin ətli hissəsindən, sənaye məqsədilə istifadə olunan yağ isə onun tumundan, yəni çəyirdəyindən hazırlanır. Hətta Avropanın mərkəzində yerləşən Avstriyada istehsal olunan körpə qidalarının tərkibində də palma yağına rast gəlmək mümkündür. İstehsalçılar bunu məhsulun üzərində də qeyd edirlər. Mən Avropa bazarından palma yağı alıb Azərbaycana gətirmişəm, hazırda ofisimizdə də var. Qida məqsədilə istehsal olunan palma yağı normal bitki yağlarından biridir. Təəccüblüdür ki, Azərbaycana gətirilən və qida sənayesində istifadə edilən palma yağının olması bəzi hallarda məhsulların üzərində qeyd edilmir. Görünür, bu məhsulla bağlı yayılan dezinformasiyalar insanlara da təsir edib”.
“Mən hesab edirəm ki, qida məqsədilə istifadə olunan palma yağı normal bitki yağıdır. Sadəcə, onun bazara daxil olması və digər yağlarla rəqabət aparması qiymətlərə təsir edə bilər. Bu baxımdan istehlakçılara çağırış edirəm ki, palma yağından istifadə edilən məhsulların üzərində bu barədə mütləq məlumat verilsin. Əks halda, bu, istehlakçı hüquqlarının pozulması və alıcının aldadılması deməkdir”, – deyə ekspert qeyd edib.
E. Hüseynovun sözlərinə görə, son zamanlar Avropa və Amerikada palma yağı ilə bağlı başqa bir məsələ də müzakirə olunur: “İddia edilir ki, İndoneziya və Malayziyada palma plantasiyalarının salınması üçün meşələr qırılır. Halbuki həmin ölkələrdə palma plantasiyalarının bərpası və genişləndirilməsi istiqamətində də işlər görülür. Mən bu ölkələrdə olmuşam, vəziyyətlə şəxsən tanış olmuşam. Orada palma yağından geniş istifadə edilir. Bir məsələni də qeyd edim ki, palma yağı idxalının artması keyfiyyətli bitki yağlarının bazardan çıxması və ya onların idxalının azalması demək deyil. Əgər məhsulun tərkibində palma yağı varsa, bu, mütləq qablaşdırmanın üzərində göstərilməlidir”.
“Yaxşı haldır ki, Azərbaycanda bitki yağları bazarında yerli istehsalçılar da fəaliyyət göstərir. Bu, qiymətlərin sabit qalmasına müəyyən qədər kömək edir. Bununla yanaşı, ölkəyə müxtəlif dövlətlərdən bitki yağları idxal olunur. Biz illər əvvəl bu sahədə araşdırma aparmışdıq və xaricdən gətirilən məhsullarla bağlı maraqlı fakt aşkarlamışdıq. Belə ki, Azərbaycana idxal olunan bir məhsulun üzərində qarğıdalı yağı olduğu yazılsa da, əslində onun tərkibində günəbaxan və digər yağlar var idi. Yəni xarici ölkələrdən gətirilən məhsullarda da istehlakçını çaşdıran hallarla rastlaşmaq mümkündür. Qida Təhlükəsizliyi Agentliyi bu sahəni diqqətlə izləyir və müvafiq ekspertizalar aparır. Ümumilikdə hesab edirəm ki, hazırda Azərbaycanda duru bitki yağları bazarında vəziyyət normaldır”, – deyə o bildirib.
E. Bəyməmmədli
“AzPolitika.info”


Şərhlər