Menu

GÜRCÜSTANDAN MAŞIN GƏTİRMƏK ARTIQ SƏRF ETMİR... – Azərbaycanlılar indi haradan maşın alır?

14.11.2026, 09:45
GÜRCÜSTANDAN MAŞIN GƏTİRMƏK ARTIQ SƏRF ETMİR... – Azərbaycanlılar indi haradan maşın alır?

Azərbaycanın Gürcüstandan avtomobil idxalında 38 faizlik azalma müşahidə olunması ölkənin avtomobil bazarında baş verən dəyişiklikləri yenidən gündəmə gətirir. Gürcüstan uzun müddət Azərbaycana avtomobil gətirilməsi üçün əsas istiqamətlərdən biri olsa da, son dövrdə idxal həcminin azalması müxtəlif iqtisadi və bazar amilləri ilə əlaqələndirilə bilər. Gömrük rüsumları, vergi siyasəti, avtomobillərin texniki və ekoloji tələbləri, eləcə də alıcılıq qabiliyyəti bu prosesə təsir göstərən amillər sırasındadır. İdxalın azalmasının avtomobil qiymətlərinə, bazardakı təklifə və istehlakçıların seçim imkanlarına mümkün təsirləri də maraq doğurur. 

Gürcüstandan avtomobil idxalının azalmasının əsas iqtisadi, inzibati və bazar səbəbləri hansılardır? İdxal həcminin azalması Azərbaycanda avtomobillərin qiymətlərinə, çeşidinə və alıcıların seçim imkanlarına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, avtomobil idxalının azalması əsasən ötən il bazara böyük həcmdə nəqliyyat vasitələrinin gətirilməsi ilə əlaqədardır.

Onun sözlərinə görə, 2025-ci ilin sonlarında hər kəsə məlum idi ki, 2026-cı il yanvarın 1-dən ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin müddəti başa çatacaq: “Bu səbəbdən həm paralel idxalla məşğul olan şəxslər və kiçik şirkətlər, həm də fərdi alıcılar güzəştlər qüvvədə olarkən ölkəyə xeyli sayda avtomobil gətiriblər. Paralel idxalçılar müxtəlif fiziki şəxslərin adına rəsmiləşdirməklə çoxlu sayda avtomobil gətirdilər və onların bir hissəsini 2026-cı ildə satışa çıxarmağı planlaşdırdılar”.

E.Əliyev qeyd edib ki, hazırda da həmin avtomobillərin bir qismi bazarda təklif olunur: “Eyni zamanda, güzəştlərin başa çatacağını əvvəlcədən bilən vətəndaşlar da özləri üçün avtomobil idxal etməyə üstünlük verdilər. Nəticədə bazarda müəyyən doyma yarandı. Ötən il idxal olunan avtomobillərin çoxluğu bu ilin idxal göstəricilərinə də təsir etdi və azalma müşahidə olundu. Lakin bu, narahatlıq doğuracaq vəziyyət deyil. Ölkədə avtomobillərin utilizasiyası prosesi də davam edir və indiyədək 40 mindən çox nəqliyyat vasitəsi bu prosesə cəlb olunub. Bu, bazarda yeni avtomobillərə tələbatın formalaşdığını göstərir. İdxalda müşahidə olunan azalma müvəqqəti xarakter daşıya bilər və gələn ildən etibarən artım dinamikası yenidən güclənə bilər”.

Assosiasiya sədri avtomobil idxalında Gürcüstan bazarının əvvəlki əhəmiyyətini itirdiyini də vurğulayıb. Bildirib ki, xüsusilə pandemiyadan və müharibədən sonra yaranan məhdudiyyətlər bu istiqamətdə ticarət əlaqələrinə təsir göstərib: “Əvvəllər ABŞ-dan hərraclar vasitəsilə gətirilən işlənmiş avtomobillərə maraq üstünlük təşkil edirdisə, son illərdə alıcıların diqqəti daha çox Cənubi Koreya və Yaponiya bazarlarına yönəlib. Bu dəyişikliklər fonunda Gürcüstan əvvəlki kimi əsas avtomobil təchizatı mənbəyi hesab olunmur. Bununla belə, Azərbaycanın gələcəkdə avtomobil ticarəti və logistika sahəsində regional mərkəzə çevrilməsi üçün müəyyən imkanları var”.

Ekspert hesab edir ki, ölkədə iqtisadi zonaların genişləndirilməsi, azad ticarət zonalarının inkişafı və logistika infrastrukturunun gücləndirilməsi Azərbaycanı gələcəkdə avtomobil ticarəti üzrə regional hablardan birinə çevirə bilər: “Bunun üçün nəqliyyat vasitələrinin müxtəlif ölkələrin bazarlarına çıxarılması istiqamətində imkanlardan istifadə edilməlidir.

Xüsusilə Suriyanın perspektivli bazarlardan biri ola biləcəyini qeyd edərdim. Bəşər Əsəd rejiminin süqutundan sonrakı dövrdə Suriyada iqtisadi və ticarət fəallığının artması avtomobil bazarının da genişlənməsi üçün imkanlar yarada bilər. Azərbaycan bu istiqamətdə fəallığını artıraraq işlənmiş və nisbətən yeni avtomobillərin həmin bazara satışını təşkil edə bilər”.

E.Əliyev sonda əlavə edib ki, avtomobil ixracının genişləndirilməsində logistika və daşınma xərcləri də mühüm rol oynayır: “Azərbaycanın ətrafında böyük avtomobil istehsalçısı və ixracatçısı olan ölkələrin yerləşməsi rəqabəti artırsa da, müxtəlif xarici bazarlara çıxış imkanlarının araşdırılması ölkənin bu sahədə mövqeyini gücləndirə bilər”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol