Menu

İLDƏ 20 MİN MANATA ORTA MƏKTƏB TƏHSİLİ... – Özəl məktəblər niyə bu qədər bahalıdır?

14.11.2026, 09:33
İLDƏ 20 MİN MANATA ORTA MƏKTƏB TƏHSİLİ... – Özəl məktəblər niyə bu qədər bahalıdır?

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu seçimdə məktəblərin təqdim etdiyi tədris proqramları, xarici dil imkanları, müəllim heyəti, maddi-texniki baza və əlavə xidmətlər mühüm rol oynayır. Lakin özəl təhsil müəssisələrinin xidmətlərindən yararlanmaq istəyən ailələri ilk növbədə kifayət qədər yüksək illik təhsil haqları gözləyir.

Qeyd edək ki, son illər özəl məktəblərin sayının və təklif etdiyi təhsil imkanlarının artması ilə yanaşı, bu müəssisələrdə qiymətlər də diqqət mərkəzindədir. Bəzi məktəblərdə illik təhsil haqqı bir neçə min manat olduğu halda, digərlərində bu məbləğ 20 min manatı da ötür. Beləliklə, övladının özəl məktəbdə təhsil almasını istəyən valideynlər üçün məktəb seçimi ilə yanaşı, ailə büdcəsinin bu xərcləri qarşılamaq imkanları da əsas məsələyə çevrilir. 2026–2027-ci tədris ilində də Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə illik təhsil haqları məktəbin tədris proqramından, sinif səviyyəsindən və təklif etdiyi xidmətlərdən asılı olaraq ciddi şəkildə fərqlənir.

Məsələn, "LANDAU School"da 2026–2027-ci tədris ili üzrə ibtidai siniflərdə (I–IV) illik təhsil haqqı 9 200 manat təşkil edir. Ötən tədris ilində isə ibtidai siniflər üzrə bu məbləğ 6 300–8 700 manat arasında dəyişib.

Cari tədris ilində orta siniflərdə illik ödəniş sinif və tədris proqramından asılıdır. Belə ki, 5–7-ci siniflərdə təhsil haqqı 10 700 manat, 8–9-cu siniflərdə 11 500 manatdır. 10–11-ci siniflər üzrə SAT proqramının təhsil haqqı 11 650 manat, A-Level proqramı üzrə isə 14 400 manat təşkil edir. Ötən tədris ilində məktəbdə illik təhsil haqları 7 300–13 600 manat arasında dəyişib.

"Xəzər Universiteti Dünya Məktəbi"ndə 2026–2027-ci tədris ili üçün illik təhsil haqqı sinif səviyyəsinə və təhsil proqramına görə fərqlənir. 

I–IV siniflər (PYP, ingilis bölməsi) üzrə 9 500 manat, V–IX siniflər (MYP, ingilis bölməsi) üzrə 11 000 manat, X–XI siniflər (IB Diplom Proqramı) üzrə isə məktəbin hazırkı şagirdləri üçün 12 000 manat, digər məktəblərdən gələnlər üçün 14 000 manat müəyyən edilib.

"Bakı Oxford Məktəbi"ndə 2026–2027-ci tədris ili üzrə illik təhsil haqları məktəbəqədər hazırlıq pilləsində 9 000 manat, ibtidai siniflərdə 17 000–17 500 manat, orta siniflərdə isə 18 000–19 000 manat təşkil edir.

Yuxarı siniflərdə təhsil haqqı proqramdan asılı olaraq 17 500–22 700 manat arasında dəyişir. Məktəbəqədər hazırlıq və ibtidai siniflər üzrə qəbul üçün 100 manat müraciət haqqı da nəzərdə tutulub. Ötən tədris ilində məktəbin ibtidai siniflərində illik təhsil haqqı 17 000–17 500 manat, yuxarı siniflərdə isə 17 500–20 500 manat arasında dəyişib.

"Kaspi Liseyi"ndə illik təhsil haqları filial və bölmədən asılı olaraq 6 000–11 100 manat arasında dəyişir. Qiymətə dərsliklər, gündə üç dəfə qidalanma, bir ödənişsiz dərnək və məktəbli forması daxildir. Ötən tədris ilində isə liseydə illik təhsil haqları 8 350–9 450 manat arasında olub.

Azərbaycan Britaniya Kollecində məktəbəqədər təhsil 11 000 manat, I–VI siniflər üzrə 20 000 manat, VII–XII siniflər üzrə 21 000 manat, XIII sinif (A-Level) üzrə isə 22 000 manat təşkil edir.

"Avropa Azərbaycan Məktəbi"ndə illik təhsil haqları sinif səviyyəsindən asılı olaraq 9 000–17 500 manat arasında dəyişir. 


Məktəbəqədər təhsil 9 000 manat, I–IV siniflər 12 500 manat, V–IX siniflər 14 500 manat, X–XII siniflər isə 17 500 manatdır. Ötən tədris ilində illik təhsil haqları 11 250–16 250 manat arasında olub.

"SABIS SUN International School"da 2026–2027-ci tədris ili üzrə illik təhsil haqları sinifdən asılı olaraq 12 206–17 000 manat arasında dəyişir. Ötən tədris ilində bu məbləğ 14 400–15 900 manat təşkil edib.

"Bakı Modern Təhsil Kompleksi"ndə I–IV siniflər üzrə illik təhsil haqqı Azərbaycan bölməsində 13 000 manat, ingilis bölməsində isə 18 000 manatdır.


IX–XI siniflərdə ingilis bölməsi üzrə təhsil haqqı 17 000 manat təşkil edir. Ödənişə gündə üç dəfə qidalanma, xarici dil dərsləri, üzgüçülük, şahmat, gimnastika, rəqs, robototexnika və digər dərnəklər daxildir. Ötən il isə illik təhsil haqları 12 000 manatdan başlayıb.

Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli “AzPolitika”ya açıqlamasında bildirib ki, özəl məktəblərdə təhsil haqlarına yalnız rəqəmlər prizmasından deyil, məsələnin mahiyyəti baxımından yanaşmaq lazımdır. Onun sözlərinə görə, bəzi məktəblərdə illik təhsil haqqının 20 min manatı keçməsi valideynlərdə haqlı olaraq bu məbləğin qarşılığında övladlarının hansı səviyyədə təhsil alacağı ilə bağlı suallar yaradır.

Ekspert qeyd edib ki, yüksək təhsil haqqı avtomatik olaraq yüksək akademik nəticəyə zəmanət vermir: “Təhsil mağazadan aldığımız brend geyim və ya bahalı telefon deyil ki, pulunu ödədikdən sonra onun keyfiyyətinə əmin olaq. Məktəb sizə ən müasir binanı, hovuzu, laboratoriyanı təqdim edə bilər. Lakin təhsil ikitərəfli prosesdir. Əgər uşağın öz həvəsi, müəllimin peşəkarlığı və valideynin nəzarəti yerində deyilsə, illik 20 min manatlıq təhsil haqqı da uşağı alim etməyəcək”.

“Bəs qiymətlər niyə bu qədər yüksəkdir? Burada, məncə, iki əsas amil var. Birincisi, obyektiv xərclərdir. Özəl məktəblər dövlət büdcəsindən maliyyələşmir. Onlar binanın icarəsindən və kommunal xərclərdən tutmuş, müasir avadanlıqların alınmasına, uşaqların gün ərzində qidalanmasına, təhlükəsizliyinin təmin edilməsinə qədər bir çox istiqamətdə vəsait xərcləyirlər. Bundan əlavə, siniflərdə 30 deyil, 12–15 şagirdin olması üçün daha çox müəllim cəlb edilməli, peşəkar pedaqoji heyətə yüksək əməkhaqqı ödənilməlidir. Beynəlxalq təhsil proqramlarının lisenziyaları, xaricdən dəvət olunan mütəxəssislər və digər xərclər də təhsil haqlarını əhəmiyyətli dərəcədə artırır. İkinci məsələ isə süni prestij və marketinq amilidir. Təəssüf ki, bəzi məktəblərdə ödənilən məbləğin böyük hissəsi birbaşa təhsilin keyfiyyətinə deyil, binanın xarici görünüşünə, reklama və komfort xidmətlərinə sərf olunur. Bəzi valideynlər də övladlarının gələcək planlarını və potensialını nəzərə almadan, sadəcə filankəsin uşağı həmin məktəbdə oxuyur deyə bu yarışa qoşulurlar”, – deyə ekspert qeyd edib.

Ə. Həsənlinin sözlərinə görə, bütün özəl məktəbləri eyni tərəziyə qoymaq olmaz: “Həqiqətən də tələb etdiyi təhsil haqqının qarşılığını verən, güclü müəllim bazasına malik olan və şagirdlərə fərdi yanaşmanı təmin edən nümunəvi özəl məktəblərimiz var. Valideyn məktəb seçərkən onun fasadına deyil, məzunlarının ümumi nəticələrinə baxmalıdır. Əsas sual bu olmalıdır: ödədiyi 20 min manatın nə qədəri həqiqətən övladının biliyinə və inkişafına çevrilir? Düşünürəm ki, valideyn məhz bunu ölçməlidir”.

E. Bəyməmmədli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol