Azərbaycanda vətəndaşların bələdiyyə torpaqlarını pulsuz əldə etməsi ilə bağlı məsələ cəmiyyətdə tez-tez müzakirə olunur. Xüsusilə, maddi imkanı məhdud olan vətəndaşlar fərdi yaşayış evi tikmək üçün torpaq sahəsini ödənişsiz əldə etməyin mümkün olub-olmadığını öyrənmək istəyirlər. Bəs qanunvericilik həqiqətən kimlərəsə belə bir hüquq tanıyır, yoxsa bu, yanlış anlaşılmadır? Əgər belə bir hal qanunvericilikdə mövcuddursa, o zaman pulsuz torpaq almaq hüququ olan şəxslər hansı quruma müraciət ünvanlamalı, hansı sənədləri təqdim etməlidirlər?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, bu məsələdə söhbət yalnız şəhid ailələrinin və müharibə əlilliyi olan şəxslərin torpaq əldə etmək hüququndan getmir. Əsas məsələ bələdiyyələrin nə dərəcədə müstəqil fəaliyyət göstərməsi, yerli problemləri həll etmək imkanları və ümumilikdə ölkədə yerli özünüidarəetmə sisteminin hansı səviyyədə formalaşmasıdır:
"İlk növbədə, hüquqi məsələni aydınlaşdırmaq lazımdır. Azərbaycan qanunvericiliyində ərazi bütövlüyümüz uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilən şəxslərə və həlak olanların ailələrinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin bir dəfə pulsuz verilməsi nəzərdə tutulub. Bunun hüquqi əsası 15 mart 2002-ci il tarixli Qanunla təsdiq edilən «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» əsasnamədir. Həmin norma ehtiyata və ya istefaya buraxılan müəyyən kateqoriyadan olan hərbi qulluqçuları da əhatə edir. Burada mühüm bir hüquqi fərq odur ki, bu güzəşt bütün aztəminatlı vətəndaşlara şamil edilmir. Maddi imkanı məhdud olan vətəndaşların sosial vəziyyəti özlüyündə onlara pulsuz bələdiyyə torpağı almaq hüququ vermir. Bununla yanaşı, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun müvafiq maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və azı beş il həmin ərazidə yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşların fərdi yaşayış evi tikintisi üçün torpaq əldə etməsinə xüsusi prosedur nəzərdə tutulub. Bu, pulsuz torpaq verilməsi ilə eyniləşdirilməməlidir. Hüququ olan şəxslər torpaq sahəsinin ayrılması üçün müvafiq bələdiyyəyə yazılı ərizə ilə müraciət etməlidirlər. Ərizədə torpağın hansı məqsədlə istənildiyi, əvvəl torpaq əldə olunub-olunmadığı, ailə üzvlərinin tərkibi, torpaq sahəsinin yeri və ölçüsü göstərilməlidir. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilən şəxslər müvafiq əlillik statusunu təsdiqləyən sənədi, həlak olanların ailə üzvləri isə şəhidlik və ailə üzvlüyü statusunu göstərən sənədləri verməlidirlər. Hərbi qulluqçular üçün müvafiq hərbi xidmət və ehtiyata yaxud istefaya buraxılma sənədləri də tələb oluna bilər".
Ekspert bildirib ki, qanunvericiliyə görə, bələdiyyələr müraciətlərə 15 gün müddətində baxmalıdırlar. İmtina edildikdə səbəblər əsaslandırılmalı, qərardan bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəməyə şikayət verilə bilər. Deməli, vətəndaşın müraciətini qeyri-müəyyən müddətə cavabsız saxlamaq və onu əsassız şəkildə gözlətmək qanuni idarəetmə üsulu sayılmır:

"Azərbaycanda bələdiyyə institutu yarandığı gündən etibarən tam formalaşmış yerli özünüidarəetmə modelinə çevrilə bilməyib. Başqa sözlə, bələdiyyələr müəyyən mənada yarımçıq doğulmuş institusional qurumlar təsiri bağışlayır. Onlara yerli əhalinin problemlərinin həlli, torpaqların idarə olunması, infrastrukturun inkişafı və sosial məsələlərin həlli kimi vəzifələr verilib. Lakin bu funksiyaları müstəqil və effektiv həyata keçirmək üçün zəruri maliyyə, iqtisadi və inzibati imkanlar yetərli səviyyədə formalaşmayıb. Bələdiyyələrin torpaq idarəçiliyi sahəsindəki səlahiyyətləri də şəhərsalma, torpaq planlaşdırılması və digər inzibati mexanizmlərlə ciddi şəkildə məhdudlaşır. Nəticədə vətəndaşın ən sadə yerli probleminin həlli belə uzun prosedurlara çevrilə bilir. Əslində, yerli özünüidarəetmənin fəlsəfəsi ondan ibarətdir ki, əhalinin gündəlik problemləri həmin ərazidə yaşayan insanların seçdiyi nümayəndələr tərəfindən həll olunsun. Əgər bələdiyyə öz ərazisindəki torpağa, yerli infrastrukturun inkişafına, büdcə gəlirlərinə və iqtisadi prioritetlərə dair müstəqil qərar vermək imkanına malik deyilsə, onda onun yerli özünüidarəetmə institutu kimi effektivliyi ciddi sual altına düşür. Digər tərəfdən bələdiyyə torpaqları ayrı-ayrı şəxslərin və ya qrupların maraqlarına xidmət edən resurs deyil, yerli icmanın iqtisadi və sosial inkişafı üçün istifadə edilməli olan ictimai aktivdir. Vətəndaşın torpaq hüququnun təmin edilməsi, yerli yolların, kommunal xidmətlərin, sosial infrastrukturun inkişafı və məşğulluq imkanlarının genişləndirilməsi əsas göstəricilər olmalıdır".
Asif İbrahimovun sözlərinə görə, xüsusilə şəhid ailələri və müharibə əlilliyi olan şəxslərin qanunla nəzərdə tutulan hüquqlarının təmin edilməsində bürokratik maneələrə yol verilməsi qəbuledilməzdir:
"Bu kateqoriyadan olan vətəndaşların hüquqlarının həyata keçirilməsi üçün aydın prosedurlar, konkret müddətlər və məsul şəxslər müəyyən edilməli, müraciətlərin icrasına real nəzarət mexanizmi yaradılmalıdır. Bizdə güclü, məsuliyyətli və maliyyə baxımından müstəqil bələdiyyələrin formalaşdırılmasına ehtiyac var. Çünki real yerli özünüidarəetmə olmadan demokratik idarəetmənin və balanslaşdırılan regional inkişafın tam təmin edilməsi çətindir. Vətəndaşın öz yaşadığı ərazidə torpaq almaq, yerli problemlərin həllində iştirak etmək və seçdiyi bələdiyyədən hesabat istəmək imkanı olmalıdır. Bələdiyyə yalnız qanunda adıçəkilən qurum deyil, real səlahiyyətləri, maliyyə resursları və ictimai məsuliyyəti olan yerli hakimiyyət institutu kimi fəaliyyət göstərməlidir".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər