Menu

Fermerlərlə bağlı yeni təklif: Hər heyvana görə 1000 manat...

13.11.2026, 14:53
Fermerlərlə bağlı yeni təklif: Hər heyvana görə 1000 manat...

"İribuynuzlu heyvandarlıqda subsidiyadan yararlanmaq üçün qoyulan 50 baş cins və ya 100 baş mələz tələbinin ləğvi təklif olunur".

"AzPolitika" xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bunun əvəzinə kəndlini həvəsləndirən stimullaşdırıcı, pilləli sistem tətbiq olunmalıdır:

"Belə ki, 10 başa qədər iribuynuzlu cins heyvanı olana hər başa görə 300 manat, 10-30 baş cins heyvanı olana hər başa görə 500 manat, 30 başdan yuxarı cins heyvanı olana isə hər başa görə 1000 manat verilsin. Hesab edirəm ki, bu yanaşma iribuynuzlu cins heyvandarlıqla məşğul olan bütün fermerlərin subsidiyadan yararlanmasını təmin edəcək və sağlam rəqabət mühiti yaradacaq. Eyni zamanda, xırdabuynuzlu heyvandarlıq sahəsində subsidiyadan yararlanmaq üçün qoyulan 100 hektar örüş tələbi də ləğv edilməli və 500 baş heyvan şərti isə real rəqəmlərə - ən azı 10-20 başa qədər endirilməlidir".

V.Qafarov əlavə edib ki, intensiv iribuynuzlu cins heyvandarlığın təşviqi üçün heyvanbaşına 500 manatdan 1500 manatadək yeni dəstək mexanizmi elan olunsa da, fermer qarşısında minimum 50 baş cins və ya 100 baş mələz heyvan tələbi qoyulub:

"Eyni yanaşma xırdabuynuzlu heyvandarlığa da şamil edilib: cəmi 4 manatlıq subsidiyanı almaq üçün fermerin azı 500 baş heyvana və 100 hektar örüş-otlaq sahəsinə sahib olması şərti qoyulub. Bu yanaşma heyvandarlıqla məşğul olan kiçik və orta kəndli təsərrüfatlarını tamamilə subsidiyadan kənarda qoyur. Dövlət dəstəyi faktiki olaraq yalnız iri aqroparklara və böyük biznesə yönəlir. Belə çıxır ki, dövlət dəstəyini ona ən çox möhtac olan kəndli deyil, böyük biznes subyektləri alacaqdır. Qənaətimə görə, bu, yanlış və ədalətsiz yanaşmadır, dövlət başçısının kəndlinin kəndə bağlanmasını təşviq edən strateji xəttinə ziddir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol