Menu

UKRAYNA DAĞIDILIR, “BOŞ DEDİ-QODU” DAVAM EDİR... - “Tüstü pərdəsi” kimə və nə üçün lazımdır?

13.11.2026, 13:47
UKRAYNA DAĞIDILIR, “BOŞ DEDİ-QODU” DAVAM EDİR... - “Tüstü pərdəsi” kimə və nə üçün lazımdır?

“Bunlar danışıqlar yox, boş dedi-qodudur”. Bunu Rusiyanın sabiq xarici işlər naziri, tanınmış diplomat Andrey Kozırev Əbu-Dabidə keçirilən üçtərəfli ABŞ-Rusiya-Ukrayna görüşü, eləcə də Donald Trampın elçilərinin Moskvada və Kiyevdə keçirdikləri danışıqlarla bağlı şərhində deyib.

Rusiyanın SSRİ dağılandan sonra ilk XİN başçısı olan təcrübəli Kozırevin bu dediklərində təssüf ki, yüksək həqiət payı var. Belə ki, danışıqlarda bütün dünyanın gözlədiyi atəşkəsə doğru hər hansı bir real addım, yaxud tərəflərin mövqeyində hər hansı bir yumşalma, geri çəklilmə qətiyyyən müşahidə olunmur.

Dünən Moskvada Donald Trampın elçilərini 10-cu dəfə(!) qəbul edən Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə Rusiyanın əvvəlki tələblərindən bir addım da geri çəkilməyəcəyinə işarə vurdu.

Üstəlik, ölkəsinin Ukraynaya qarşı ərazi iddialarını da daha sərt şəkildə təsdiqlədi: "Bizim üçün yalnız bir təmas xətti var - dövlət sərhədi xətti".

Danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski də elə Əbu-Dabidəki növbəti raunddan dərhal sonra ərazi məsələsində Rusiyanın heç bir güzəştə getməyəcəyini bildirdi: "Ərazi məsələlərinə gəldikdə isə torpağımızın hər qarışı Rusiyaya qaytarılacaq. Bu və ya digər şəkildə."

Rusiya konstitusiyasına edilən məlum dəyişikliyə görə, Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətləri bütövlüklə, öz inzibati sərhədləri çərçivəsində Rusiya ərazisi elan edilib. Deməli, Kremlin nəzərində Rusiya sərhədləri arrtıq bu vilayətlərin inzibati sərhədlərini əhatə edir.

Lakin Rusiya Luqansk istisna olmaqla, digər vilayətlərin ərazilərini tam ələ keçirə bilməyib və hazırda xüsusilə Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsi uğrunda şiddətli döyüşlər gedir. Bir çox hərbi mütəxəssislər möhkəmləndirilmiş müdafiə xətlərinə malik bu ərazilərin tam nəzarətə alınması üçün Rusiyaya, indiki sürətlə, bir neçə il lazım olacağını bildirirlər. Zaporojye və Xersonun tam ələ keçirilməsi də həmçinin, olduqca uzun vaxt və böyük itkilər tələb edəcək.

Üstəlik, Ukrayna tərəfi nəinki Zaporojye və Xerson, heç son zamanlar barəsində çox danışılan Donetskin qalan hissəsini belə Rusiyaya təhvil vermək fikrində deyil.


Bunu son açıqalmalarında Ukrayna Prezidenti Volodimir Zelenski də təkrarlayıb və Ağ Evin bununla bağlı təzyiqlərini şərh edərkən, deyib ki, Donald Trampın elçilərinə Donbasın verilməsinin mümklün olmadığını dəfələrlə izah edib: "Kuşnerə və Uitkoffa dəfələrlə izah etmişəm ki, Donbas mənim mülküm deyil. İki kilometr çox və ya az güzəştə gedəcəyimə qərar verə bilmərəm; bu, daşınmaz əmlak sövdələşməsi deyil. İnsanlar üçün çox həssas olan mövzulardan danışırıq; rusların Floridaya hücum etdiyini düşünməyə çalışın".

Yəni, Ukrayna nəinki digər iki vilayəti, Donbası belə təhvil vermək fikrində deyil. Bu torpaqların Ukraynanın qanuni, suveren əraziləri olduğunu, eləcə də Ukrayna cəmiyyətinin bununla heç vaxt barışmayacağını nəzərə alaraq, rəsmi Kiyevin mövqeyini anlamaq çətin deyil.

Beləliklə, Rusiya açıq şəkildə Ukraynanın məlum vilayətlərini tələb edir. Ukrayna isə buna heç bir halda razılıq vermir və üstəlik, artıq işğal edilən ərazilərindən də hüquqi baxımdan heç vaxt imtina etməyəcəyini bildirir.

Ərazi məsələsilə bağlı tamamilə daban-dabana zidd və tərəflərin heç cür geri çəkilmədiyi mövqelər qalırkən, Avropanın gələcək təhlükəsizlik arxitekturası, Ukraynanın təhlükəsizlik zəmanətləri və Avropaya inteqrasiyası, iqtisadi münasibətlərin bərpası, sanksiyaların götürülməsi və s. kimi məsələlərin müzakirəsinin hansı anlamı qalır? Əgər tərəflər ərazi məsələsi və atəşkəs mövzularında heç cür razılığa gələ bilmirlərsə, əsir mübadiləsi istisna olmaqla, digər mövzular böyük ölçüdə öz əhəmiyyətini itirir. Çünki müharibə davam etdikcə, bu mövzuların həlli mümkün deyil və onların müzakirəsi də mənasız görünür.


Bəs belə olan halda, “danışıq xatirinə danışıq” aparmağın nə mənası qalır və bu, daha çox kimə lazımdır?

Əksər mütəxəssislərin də qeyd etdiyi kimi, ABŞ administrasiyasına bu danışıqlar bir yandan Donald Trampın hələ də dünyada “əsas söz sahibi” və “sülhməramlı” görüntüsünü yaratmaqda davam etmək, digər tərəfdən isə Moskva ilə əlverişli “biznes sövdələşmələri” əldə etmək üçün lazımdır.

Kiyevə bu danışıqlarda iştirak ondan ötrü lazımdır ki, beynəlxalq arenada onu müharibənin sülh yolu ilə bitməsinə maneə yaradırmış kimi göstərə bilməsinlər və bir daha aydın olsun ki, müharibənin bitməsini istəməyən tərəf kimdir.


Bəs Rusiyaya bu danışıqlar nə üçün lazımdır? Buna da inandırıcı cavabı əvvəldə sitat gətirdiyimiz Andrey Kozırev verib: “Rusiyaya bu danışıqlar müharibəni davam etdirmək, eyni zamanda onu ikinci plana keçirən “tüstü pərdəsi” yaratmaq və özünə qarşı beynəlxalq təzyiqi azaltmaq üçün lazımdır”. O deyib ki, bu danışıqlar həm də Qərbin Ukraynaya dəstəyini azaltmağa, ən azından ləngitməyə hesablanıb. Çünki Qərbdə bir çox dairələr davam edən danışıqları əsas gətirərk, onların nəticəsini gözləməyin və Ukraynaya yeni maliyyə, hərbi və digər yardımları ən azından bir müddətə təxirə salmağın tərəfindədir. Bu cür yubanmalar isə ağır qış ərəfəsində Ukrayna üçün sarsıdıcı, hətta dağıdıcı təsirə malikdir. Deməli, Kozırevin də dediyi kimi, bu danışıqlar elə ən çox Rusiyanın maraqlarına uyğun gəlir..."

Yeni Avropa təhlükəsizliyi arxitekturası barədə müzakirələrə gəlincə, yalnız onu demək olar ki, əgər bu gün bir ölkə hərbi güc və işğal yolu ilə köhnə arxitekturanı dağıda biləcəksə, Avropa və dünya birliyi bunun qarşısını ala bilməyəcəksə, deməli, yeni arxitektura da eyni ssenari ilə dağıdıla biləcək.

Hər necə olsa, əlbəttə ki, ümumilikdə danışıqların olmamasındansa, hansısa təmasların, müzakirələrin olması daha yaxşıdır. Lakin təəssüf ki, bu təmaslar yaxın gələcəkdə müharibənin dayanacağına dair heç bir real ipucu vermir. Əvəzində, Ukrayna Rusiyanın əsasən neft emalı sənayesini, Rusiya isə Ukraynanın sərt qış öncəsi mülki infrastrukturunu məhv etməkdə, yenə cəbhədə əsgərlər, arxa cəbhədə isə günahsız insanlar həlak olmaqda davam edir...

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol