Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanan sənəd əməkdaşlığın ənənəvi istiqamətlərindən daha geniş sahələri əhatə edir. Söhbət təkcə enerji və iqtisadi əlaqələrdən deyil, həm də müdafiə və təhlükəsizlik, hərbi sənaye, nəqliyyat-logistika, investisiya, rəqəmsal texnologiyalar, süni intellekt və təhsil sahələrində tərəfdaşlığın dərinləşdirilməsindən gedir. Bəyannamənin imzalanması Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərinin genişləndirilməsi və beynəlxalq tərəfdaşlıqlarının şaxələndirilməsi baxımından da diqqət çəkir. Xüsusilə Böyük Britaniya kimi siyasi, iqtisadi və hərbi imkanlara malik bir dövlətlə strateji tərəfdaşlıq formatına keçid Bakının xarici siyasətində mühüm hadisədir. Eyni zamanda, Londonun Cənubi Qafqazdakı proseslərə, Azərbaycan-Ermənistan münasibətlərinə, Orta Dəhlizin inkişafına və regionun enerji təhlükəsizliyinə marağı bu əməkdaşlığa əlavə geosiyasi məzmun qazandırır.
Lakin əsas məsələ sənədin adından və diplomatik əhəmiyyətindən daha çox, onun Azərbaycana hansı konkret imkanları qazandıracağıdır. Böyük Britaniya ilə münasibətlərin yeni mərhələsi ölkəmizə əlavə investisiyalar, texnologiyalar və müdafiə sahəsində əməkdaşlıq imkanları vəd edirmi? Londonun Azərbaycanla strateji tərəfdaşlıqda əsas maraqları nədən ibarətdir? Bu sənəd Azərbaycanın regional və beynəlxalq mövqeyinə necə təsir göstərə bilər və tərəflər arasında razılaşdırılan istiqamətlər real nəticələrə çevriləcəkmi?
Mövzunu "AzPolitika"ya şərh edən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Böyük Britaniya ilə münasibətlərdən bəhs edilərkən diqqət adətən enerji təhlükəsizliyi və əməkdaşlığına yönəlir. Lakin dərindən nəzər salsaq, görərik ki, bu strateji münasibətlərin alt qatları əməkdaşlığın digər mühüm sahələrini də əhatə edir:
"Xüsusilə təhlükəsizlik, müdafiə sənayesi məhsulları, informasiya təhlükəsizliyinə qarşı birgə mübarizə, süni intellekt və yüksək texnologiyalar sahəsindəki əməkdaşlıq daha böyük maraq doğurur. Bu proseslərdə təhlükəsizlik faktoru ön plana çıxır. Ümumilikdə Britaniya ilə əməkdaşlığın aspektləri çox genişdir. Mövzu Böyük Britaniyadırsa, təbii ki, söhbət BP xətti ilə dünyanın ən nəhəng qlobal enerji oyunçularından birindən gedir. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçilik təməllərinin daha sarsılmaz formaya gəlməsində və neft sənayesinin inkişafında BP-nin misilsiz xidmətləri var. Son 100 ildə BP-nin qlobal neft sənayesində oynadığı rol məlumdur. Lakin müasir dövrdə Azərbaycanın aparıcı sənaye sahəsinin əsas tərəfdaşı kimi məhz Britaniyanın təmsil edilməsi, vaxtilə dünyanın ən böyük imperiyası olan, bu gün isə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri sayılan dövlətlə qurulan bu bağlar əlaqələrimizin miqyasını açıq şəkildə göstərir".

Ekspertin sözlərinə görə, Böyük Britaniya qlobal miqyasda söz sahibidir və qocaman bir imperiyanın varisidir. Onun beynəlxalq nüfuzu və ingilis dilinin qlobal statusu təsir mexanizmlərinin nə qədər möhkəm və güclü olduğundan xəbər verir:
"Azərbaycan üçün isə belə bir strateji əməkdaşlıq regiona investisiya maraqlarının cəlb olunması deməkdir. Eyni zamanda, həm şimalımızda, həm də cənubumuzda müharibələrin davam etdiyi çox həssas bir dönəmdə bu cür tərəfdaşlıqlar regional təhdidlərə və münaqişələrə qarşı dayana bilməyin əsas göstəricisidir. Müasir beynəlxalq münasibətlər sistemində tək qalmamaq, güclü müttəfiqlərə və tərəfdaşlara arxalanmaq həyati əhəmiyyət daşıyır. Avropanın bir çox ölkəsinin Azərbaycana ehtiyac duyduğu və güvəndiyi bir dövrdə biz bu əməkdaşlığı əsasən Avropa İttifaqı müstəvisində qururduq. İndi isə Avropanın ən ucqar nöqtəsində yerləşən, İttifaq üzvü olmasa da, Avropa baxışını və siyasi çəkisini təmsil edən Böyük Britaniya bu proseslərdə yanımızda yer alır. Bizim üçün Avropanın son nöqtəsi məhz Böyük Britaniyadır və onunla bu səviyyədə tərəfdaşlıq Azərbaycanın Avropa sərhədlərini də aşaraq Avroatlantik coğrafi məkanına qədər nüfuz etməsinin bariz göstəricisidir".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər