ABŞ Rusiyaya Avropa ilə yeni təhlükəsizlik müqaviləsi hazırlamağı təklif edib.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan “Axios” nəşri məlumat verib.
Nəşrin mənbələrinə görə, Donald Trampın adından edilən bu təklif Əbu-Dabidə keçirilən Ukrayna danışıqlarında əsas məsələ olub. Görüşdə iştirak edən Rusiya nümayəndələri iddia ediblər ki, Ukraynadakı genişmiqyaslı müharibə keçmiş ABŞ Prezidenti Co Baydenin Vladimir Putinin təhlükəsizliklə bağlı narahatlıqlarını əks etdirən məktubuna cavab verməməsi səbəbindən başlayıb.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner isə Rusiya tərəfinə Moskvanın bu sahədəki narahatlıqlarını və tələblərini əks etdirən yeni bir layihə hazırlamağı təklif ediblər. Sənəddə həmçinin Rusiyanın Avropa ölkələri ilə gərginliyi azaltmaq üçün hansı "simmetrik addımlar" atmağa hazır olduğu qeyd olunmalıdır. Uitkoff və Kuşner əlavə ediblər ki, bu cür məsələlərin ciddi müzakirəsi üçün Avropa nümayəndələri də danışıqlara cəlb olunmalıdır.

Məlum olduğu kimi, Trampın xüsusi nümayəndələrinin bu gün Moskvada Putinlə görüşü gözlənilir. “Axios” mənbələrinə görə, onlar Putinlə görüşdə Rusiya ilə Avropa arasında yeni təhlükəsizlik müqaviləsi məsələsini bir daha qaldırmağı planlaşdırırlar. Lakin nəşrin mənbələrindən biri həmin mümklün müqavilənin tətbiqinin yalnız Ukraynadakı müharibə bitdikdən sonra mümkün olacağını bildirib: "Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı bundan sonra nə baş verəcəyini bilənə qədər razılığa gəlməyəcək. Putin də bunu bilmək istəyir. Buna görə təhlükəsizlik məsələsi bu qədər vacibdir”.

Bundan öncə Rusiya Prezidentinin köməkçisi və Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də əsas məqsədin Avropada yeni hərtərəfli təhlükəsizlik sisteminin yaradılması olduğuna eyham vurmuşdu. O, bu müqavilə barədə "Yeni Yalta və Potsdam olacaq” demişdi. Onun sözlərinə görə, belə bir təhlükəsizlik sistemi qurularsa, "Avropada onilliklər, bəlkə də hətta əsrlər boyu sülhü" təmin etmək mümkün olacaq. Bununla yanaşı, Medinski Avropadan heç bir sülh təklifi gəlmədiyini demiş və Avropanın ünvanına xoşagəlməz fikirlər səsləndirmişdi.
Rusiya Xarici işlər naziri Sergey Lavrov isə bir gün əvvəl Rusiyanın Avrasiyada yeni təhlükəsizlik arxitekturasının necə görünməli olduğuna dair "mövqe sənədi"nin olduğunu deyib. O, ümid etdiyini bildirib ki, ABŞ "heç kimin təhlükəsizliyinin pozulmadığı ədalətli maraq balansına nail olmaq məqsədilə dialoqu davam etdirmək əzmində olacaq".

Belə görünür ki, Avropa da yeni təhlükəsizlik müqaviləsinin əleyhinə deyil. Lakin rəsmi Kiyev kimi, Avropa da hesab edir ki, bunun üçün öncə Ukraynadakı müharibəyə son qoyulmalıdır. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen son açıqlamasında deyib ki, Avropa yeni təhlükəsizlik arxitekturasını yalnız Ukraynadakı müharibə bitdikdən sonra müzakirə etməyə başlayacaq.
Ancaq qeyd edək ki, Rusiya rəsmiləri indiyə qədərki bəyanatlarında əks mövqedən çıxış ediblər. Rusiya onun maraqlarına uyğun tam rəsmi razılaşma olmayana qədər hərbi əməliyyatları dayandırmaq fikrində olmadığını bəyan edib. Xüsusilə Sergey Lavrov bunu dəfələrlə təkrarlayıb. Ona görə də Rusiyanın bu mövqeyi dəyişməzsə, hazırda davam edən danışıqların tezliklə Ukraynada atəşkəsə, yaxud sülhə gətirəcəyinə inam çox deyil…
E.Qüdrətoğlu
“AzPolitika.info”


Şərhlər