“Seçicilərlə görüşəndə çox əziyyət çəkirik…”
“Regionlarda bəzi yaşayış binalarının təmir olunmaması, yolların yararsız vəziyyətdə qalması kimi problemlərin mediada işıqlandırılması zamanı maneələrlə üzləşilir. Mən bu haqda hökumətə də rəsmi müraciət etmişəm. Bəzi evlər var ki, medianı da ümumiyyətlə çəkməyə, işıqlandırmağa qoymurlar. Hansı media o məlumatı işıqlandırırsa, həmin jurnalist ümumiyyətlə, bəlkə də, işdən çıxarılır və yaxud müəyyən təqiblərə məruz qalır. Yəni bu, yaxşı hal deyil. Bu problemi gizlətməklə biz heç nə əldə etmirik. Bakıda rahatdır, hər şey həll olunur. Regionlarda ancaq inanın ki, hamı bir nəfərdən, iki nəfərdən qorxur və heç kim də dilə gətirə bilmir”.
“AzPolitika” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı səsləndirib.
Deputat daha sonra bildirib: “Vətəndaşlar mənə irad tuturlar ki, bəlkə də, bu asfalt üçün vəsait ayrılıb və başqa yerə xərclənib. Mən heç nəyə cavab verə bilmirəm. Açıq deyim, bizim adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur. Hökumət nümayəndələri rayonlara, şəhərlərə gedəndə icra başçısının və yaxud o rəsmi şəxsin təqdim etdiyi marşrutdan kənara çıxaraq vətəndaşlarla görüşə getməlidir. Belə olacağı təqdirdə hökumət üzvləri görəcək ki, o yollar niyə düzəlmir və yaxud problemlər nə dərəcədə qabarıqdır. Şəhər və rayon rəhbərliyi hökumətdən də gizlədir”.
N.Həmzəyev vurğulayıb ki, seçicilərlə görüşəndə çox əziyyət çəkirlər. “Xüsusilə də doğulub boya-başa çatdığın ərazidə və ya bir yerdə böyüdüyümüz o qonşuların qarşısına çıxmaq olmur. Yəni deyirlər ki, sən vəzifə tutursan, sən yaxşı dolanırsan, bəs bizi niyə düşünmürsən? Yəni belə məsələlər var. Xahiş edirəm bu məsələlərlə bağlı mümkündürsə, hökumət ciddi tədbirlər görsün”, - deputat vurğulayıb”.
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deputatın fikirlərinə münasibət bildirib: “Naqif müəllim, sağ olun. Amma o fikirlə razı deyiləm ki, bizim elə adımızdır, səlahiyyətimiz yoxdur, nədir? Sizin kifayət qədər deputat kimi səlahiyyətiniz var. Əgər ondan istifadə edə bilməmisinizsə, o sizin problemdir. İkincisi, bir tərəfdən deyirsiniz ki, bu mətbuat nümayəndələrini o yaxşı, pis yerləri çəkib göstərəndə işdən çıxardırlar. Varmı belə bir fakt sizdə? Zəhmət olmasa, verərsiniz, baxarıq”.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər