Menu

"Vətəndaşın haqqı ödənilməlidir" - Nazirdən bələdiyyələrə irad

11.11.2026, 14:58
"Vətəndaşın haqqı ödənilməlidir" - Nazirdən bələdiyyələrə irad

Sosial sığorta vəsaitləri vətəndaşların pensiya təminatı ilə bağlı hüquqlarını formalaşdıran vəsaitlərdir və onların dövlət qərarı ilə birtərəfli qaydada silinməsi və ya başqa formada sərəncam verilməsi yolverilməzdir.

"AzPolitika" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir bildirib ki, bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna borclarının ödənilməməsi həmin bələdiyyələrdə çalışan işçilərin gələcək pensiya təminatına mənfi təsir göstərə bilər.

"Ona görə də borcların ləğvi, silinməsi müzakirə mövzusu deyil və ola da bilməz. Bu, vətəndaşın haqqıdır və həmin haqq ödənilməlidir. Borcların yaranma səbəbləri araşdırılmalıdır. Çünki onların yaranması birbaşa qanun pozuntusudur.

Yəni bu borcların yaranmasına səbəb olan qurum birbaşa qanun pozuntusuna yol verib. Sosial sığorta haqqı qanunvericiliyə uyğun olaraq əməkhaqqı ödənilərkən ödənilməlidir. Necə olub ki, əməkhaqları ödənilib, lakin həmin vətəndaşların sosial sığorta haqları ödənilməyib?"

S.Babayev bildirib ki, bu məsələnin birgə müzakirəsini təklif edəcək:

"İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də ortaq təkliflə çıxış edə bilərlər ki, necə edək, növbəti dövrlərdə borcların bağlanması üzərində işləyə bilək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol