“Onun dəstəyi olmasaydı bu oğlanı məhv edəcəkdilər”
Tanınmış ukraynalı politoloq Vitali Portnikov Heydər Əliyevlə bağlı maraqlı fikirlər səsləndirib.
“AzPolitika” xəbər verir ki, təkcə Ukraynada deyil, Qərbdə və eləcə də bütün postsovet məkanında kifayət qədər populyar olan V.Portnikov son müsahibəsində Sovet və Rusiya elitasının sadə vətəndaşlara, xüsusilə də bu elita təmsilçilərinə xidmət göstərən, onları mühafizə edən personala münasibətindən danışıb.
Rusiya siyasi elitalarını tənqid edən Portnikov deyib ki, onlar sadə vətəndaşlara olduqca saymaz, etinasız, “yuxarıdan-aşağıya” münasibət göstəriblər və hazırda da bu münasibət dəyişməyib. Lakin onun dediyinə görə, sadə insanlara səmimi münasibət göstərildiyinə dair nadir istisnalar da olub.
Bu zaman Portnikov nadir nümunə kimi SSRİ zamanında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun (həmçinin Reyasət Heyəti adlandırılan ali rəhbər orqanın) üzvü olmuş Heydər Əliyevi misal göstərib: “Mən Sovet İttifaqı dövründə dövlət xadimlərinin mühafizəsini həyata keçirən insanlarla çox ünsiyyətdə olmuşam. Onlardan biri mənə dedi ki, “bilirsən, mənim evlərini mühafizə etdiyim Siyasi Büro üzvlərindən yalnız bir insan olub ki, bizimlə insan kimi davranıb, işimizlə maraqlanıb, bizim əlimizi sıxıb. Yalnız bir nəfər. Kimdir bu adam? Heydər Əliyev!”.
Portnikov vurğulayıb ki, H.Əliyev Rusiya Federasiyasından deyildi, azərbaycanlı idi və onun sadə insanlara səmimi münasibətində bu amil xüsusi rol oynayırdı: “Hətta Sov.İKP-nin Siyasi Bürosunun üzvü olandan sonra da KQB generalı olan azərbaycanlı öz həmkarlarına hörmətlə yanaşırdı... Çünki o, özünü rus kimi təsdiqləmirdi və özünün nələrdən keçdiyini bilirdi”.
Ardınca Portnikov Heydər Əliyevin şahmat üzrə dünya çempionu Harri Kasparova misilsiz dəstəyindən danışıb və qeyd edib ki, Əliyevin köməyi olmasaydı, Kasparovun karyerası məhv olardı: “Heydər Əliyev bunu yaxşı başa düşürdü. Ona görə də bir tərəfdən öz respublikasından çıxan gənci dəstəkləyirdi, digər yandan bilirdi ki, onun dəstəyi olmasa bu oğlanı diskvalifikasiyaya uğradıb məhv edəcəklər”.
Göründüyü kimi, ukraynalı politoloq da Heydər Əliyevin şəxsiyyətinin böyüklüyü ilə yanaşı, onun Kasparova göstərdiyi və dünya çempionu olmasına birbaşa imkan verən dəstəyini qeyd edir. Onu da vurğulayır ki, bu dəstək olmadan Kasparov şahmatda məlum mərtəbəyə yüksələ bilməzdi. Lakin bütün bunları deyən politoloq yaxşı olardı ki, Kasparovun Azərbaycana qarşı sonrakı və bu gün də davam edən nankorluğunu da qeyd edəydi...
E.Qüdrətoğlu
“AzPolitika.info”


Şərhlər