Menu

SAQQALLA HƏRBİ XİDMƏTƏ GETMƏK OLAR? – Hərbi ekspert qaydaları AÇIQLADI

12.11.2026, 09:55
SAQQALLA HƏRBİ XİDMƏTƏ GETMƏK OLAR? – Hərbi ekspert qaydaları AÇIQLADI

Hərbi xidmətə çağırılan şəxslərin xarici görünüşü və şəxsi gigiyena qaydalarına riayət etməsi hərbi nizam-intizamın tələbləri baxımından diqqət çəkən məsələlərdəndir. Xüsusilə son dövrlər çağırışçıların saqqal saxlayaraq hərbi xidmətə yollanıb-yollana bilməyəcəyi ilə bağlı suallar yaranır. Bəzi vətəndaşlar saqqalın qırxılmasının məcburi olub-olmadığını, digərləri isə bu məsələnin hərbi nizamnamələrlə necə tənzimləndiyini aydınlaşdırmaq istəyirlər. Hərbi xidmətə qəbul zamanı çağırışçıların xarici görünüşünə dair tələblərin hüquqi əsasları da maraq doğurur.

Azərbaycanda hərbi xidmətə çağırılan şəxslərin saqqal saxlamasına icazə verilirmi, bu məsələ hansı normativ sənədlərlə tənzimlənir? Çağırışçı saqqalla hərbi hissəyə gəldiyi halda, onun saqqalını təmizləməsi tələb oluna bilərmi və bu tələbə əməl etməməyin hər hansı məsuliyyəti varmı?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında hərbi ekspert Ramiz Şərifov bildirib ki, hərbi qulluqçuların xarici görünüşü ilə bağlı tələblər hərbi nizamnamədə öz əksini tapıb.

Onun sözlərinə görə, istər sovet dövründə, istərsə də xidmət etdiyi Azərbaycan Silahlı Qüvvələrində saqqallı əsgərlərə rast gəlməyib: “Dörd hərbi hissədə komandir olmuşam, lakin xidmət zamanı saqqal saxlayan əsgər görməmişəm. Hərbi nizamnaməyə əsasən, çağırışçıların və hərbi qulluqçuların xarici görünüşü vahid standartlara uyğun olmalıdır. Geyimdən tutmuş baş geyiminə və ayaqqabıya qədər hər şey müəyyən edilmiş qaydalara əsaslanır. Saç düzümü də səliqəli olmalıdır. Hər kəsin xarici görünüşü eyni tələblərə cavab verməlidir”.

Hərbi ekspert hesab edir ki, hərbi xidmət keçmə qaydalarında müvafiq dəyişiklik edilmədiyi təqdirdə, hərbi hissələrə çağırılan şəxslərdən saqqallarını qırxmaları tələb oluna bilər: “Eyni zamanda, uzun bığ və saç saxlamağa da icazə verilməyəcək. Çünki hərbi hissə komandirləri nizamnamənin tələblərinə uyğun olaraq hərbi qulluqçuların xarici görünüşünə nəzarət etməlidirlər. Məsələnin digər tərəfi isə gigiyena ilə bağlıdır. Əsgərlər uzun müddət müxtəlif şəraitlərdə, o cümlədən soyuq bölgələrdə, dağlıq ərazilərdə və döyüş növbələrində xidmət edirlər. Belə şəraitdə şəxsi gigiyena qaydalarına riayət etmək xüsusilə vacibdir. Uzun saç və saqqalın gigiyenik baxımdan əlavə çətinliklər yaratması, bit və digər dəri problemlərinin yaranmasına səbəb olması mümkündür. Bu isə hərbi hissələrdə sanitar-gigiyenik vəziyyətə mənfi təsir göstərə bilər”.

R.Şərifov əlavə edib ki, Sovet dövründə də müəyyən istisnalar mövcud idi: “Məsələn, uzun müddət dənizdə xidmət edən hərbi dəniz qüvvələrinin bəzi zabitlərinə qısa saqqal saxlamağa icazə verilirdi. Ancaq bu, əsasən zabit heyətinə aid idi, əsgərlər üçün belə bir təcrübə mövcud deyildi.

Düşünmürəm ki, mövcud qaydalar dəyişmədən hər hansı hərbi qulluqçu uzun saç və saqqalla xidmət edə, bu görünüşdə sıra hazırlığında iştirak edə bilər. Heç bir komandir nizamnamənin tələblərinə zidd olaraq buna icazə verməz. Hərbi qulluqçuların səliqəli və vahid xarici görünüşə malik olması tələb olunur. Gələcəkdə Milli Məclis tərəfindən müvafiq qərar qəbul edilərsə və hərbi xidmətin təşkili ilə bağlı normativ sənədlərə dəyişiklik olunarsa, vəziyyət fərqli ola bilər. Bu halda məsələ yenidən qiymətləndirilməlidir”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol