Menu

DİQQƏT: Bu şəxslər bankdan aşağı faizlə yüksək kredit götürə biləcək

13.11.2026, 14:30
DİQQƏT: Bu şəxslər bankdan aşağı faizlə yüksək kredit götürə biləcək

Azərbaycanda kredit götürmək istəyən vətəndaşların ən çox maraqlandığı məsələlərdən biri bankların tətbiq etdiyi faiz dərəcələridir. Eyni məbləğdə və eyni müddətə kredit götürən iki müştəriyə fərqli faiz təklif olunması da bu sahədə suallar yaradır. Halbuki banklar kredit verərkən yalnız müştərinin müraciətinə deyil, onun aylıq gəlirinə, iş yerinə, kredit tarixçəsinə, ödəmə qabiliyyətinə və digər maliyyə göstəricilərinə diqqət yetirirlər. Digər tərəfdən, bəzi müştərilərə əməkhaqqı kartı, uzunmüddətli bank münasibətləri və ya xüsusi kampaniyalar çərçivəsində daha sərfəli kredit şərtləri təklif olunur. Girov və zaminin olması da müəyyən hallarda kreditin faizinə təsir göstərə bilər. Bəs banklar konkret olaraq hansı şəxslərə və hansı şərtlərlə aşağı faizlə kredit verə bilər? Yüksək gəlir və müsbət kredit tarixçəsi olan vətəndaşların daha aşağı faiz tələb etməsi mümkündürmü? Ümumiyyətlə, Azərbaycanda kredit faizlərinin azalması üçün hansı mexanizmlər tətbiq olunmalıdır?

Mövzu ilə bağlı "AzPolitika"nın suallarını cavablandıran bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, kredit faiz dərəcəsi onun hansı risk səviyyəsi ilə verildiyini göstərir. Yəni risk nə qədər aşağıdırsa, faiz də bir o qədər az olur. Risk yüksəldikcə, faiz də artır:

"Təbii ki, bu faiz dərəcəsinə bankın xərcləri, maya dəyəri və qazancı da daxil edilməlidir. Məsələn, banklar vəsaiti əmanətçilərdən 12%-lə cəlb edirlər. Yəni pulun maya dəyəri, təxminən, 10–12% təşkil edir. Əlbəttə, hər kəs vəsaiti bu faizlə götürmür. Bəzi banklar daha aşağı faizlərlə və ya Mərkəzi Bankın uçot dərəcəsi ilə nisbətən ucuz resurs əldə edə bilirlər. Lakin hər bir halda bankın işçi saxlamaq, inzibati xərcləri ödəmək və qazanc əldə etmək kimi öhdəlikləri mövcuddur. Bütün bunlardan sonra əsas məsələ kreditin qaytarılmama və ya problem yaranma ehtimalının hesablanmasıdır. Məhz buna uyğun olaraq faiz müəyyənləşdirilir. Əgər borcalanın yüksək gəliri, yaxşı fəaliyyət tarixçəsi, etibarlı girovu varsa, təbii ki, ona tətbiq edilən faiz də aşağı düşür".

Ekspertin sözlərinə görə, eyni zamanda kreditin müddəti nə qədər qısadırsa, faiz də bir o qədər aşağı olur:

"Xarici reytinq agentlikləri (Fitch və s.) də məhz bu prinsiplə ölkələrə və şirkətlərə reytinqlər təqdim edirlər. Sənin reytinqin nə qədər yüksəkdirsə, beynəlxalq bazarlardan bir o qədər aşağı faizlə kredit götürə bilirsən. Bütün mexanizm bundan ibarətdir".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol