Menu

DONBAS, FİNLANDİYA, MOLDOVA, PRİBALTİKA... - Rusiyanın yeni tələbləri açıqlandı

13.11.2026, 15:19
DONBAS, FİNLANDİYA, MOLDOVA, PRİBALTİKA... - Rusiyanın yeni tələbləri açıqlandı

Rusiyanın Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlardakı təkliflərindən biri bütün Donbasın təslim edilməsi, eləcə də Finlandiyanın NATO-dan çıxması ilə bağlı sərt tələbləri əhatə edir.

“AzPolitika” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Rusiya planında Moskvanın Ukraynanın işğal olunmuş ərazilərini özündə saxlayacağı və üstəlik, Donetsk və Luqansk vilayətlərinin Kiyev tərəfindən nəzarət edilən hissələri də daxil olmaqla bütün Donbası alacağı nəzərdə tutulur.

Bundan əlavə, Ukrayna blokdan kənar status almalı və NATO üzvlüyündən imtina etməlidir. Lakin onun Avropa Birliyinə üzvlüyü istisna edilmir.

Həmçinin, Ukraynanın Odessa və Nikolayev limanlarının demilitarizasiyası təklif olunur. Qara və Baltik dənizlərində naviqasiya azadlığı haqqında sazişlər də təklif edilir.

Rusiya həmçinin "yeni Avropa təhlükəsizlik qaydası" ilə bağlı sərt şərtlər irəli sürüb. Bu tələblər Əbu-Dabidə keçirilən danışıqlarda Avropa nümayəndələrinə də təqdim edilib.

Məsələn, Rusiya NATO-nun Estoniya, Latviya və Litvada hərbi bazalardan imtina etməsini və Finlandiyanın NATO-dan çıxmasını istəyir.

Moskvanın planı Moldovaya da təsir edir. Rusiya Moldovanı Qaqauz muxtar bölgəsini və qondarma Dnestryanı respublikasını da əhatə edən federal respublikaya çevirməyi təklif edir. Plana görə, əgər Moldova Avropa İttifaqına qoşularsa, Dnestryanı və Qaqauz bölgəsinin müstəqillik referendumları keçirmək imkanı olmalıdır.

Rusiya bunun müqabilində Belarusdan öz nüvə silahlarını çıxarmağı və orada orta mənzilli raketlərin yerləşdirilməsindən imtina etməyi təklif edir. Bundan əlavə, Moskva razılıq əldə edilərsə, qoşunlarını Dnestryanıdan çıxarmağa hazırdır.

Nəşr qeyd edir ki, bunlar danışıqlarda müzakirə olunan təkliflərdən yalnız biridir.

“Bild” yazır: "Hərbçilər də daxil olmaqla, bir neçə vasitəçi qrup paralel fəaliyyət göstərir. Onlar bir-biri ilə rəqabət aparırlar və Vladimir Putinin məhz bu konkret planı dəstəkləyib-dəstəkləmədiyi hələ məlum deyil".

Xatırladaq ki, Donald Trampın elçisi Cared Kuşnerin sözlərinə görə, Ukraynaya dair danışıqların yeni mərhələsi gələn həftə baş tuta bilər. Həmçinin, Avropa ölkələrinin də növbəti danışıqlar mərhələsinə qatılacağına dair razılıq əldə edildiyi bildirilir.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol