Azərbaycanda ərzaq və gündəlik tələbat mallarının qiymətləri hər ötən gün bir qədər də bahalaşır. Belə ki, son illərdə bir sıra məhsulların qiymətində ciddi artımlar müşahidə olunur. Həmçinin ölkədə ərzaq məhsulları ilə yanaşı, yanacaq, kommunal xidmətlər və ictimai nəqliyyatın tarifləri də getdikcə yüksəlir.
"AzPolitika" bu istiqamətdə 10 il əvvəlki və hazırkı qiymətlərin müqayisəsini aparıb.
Məlumat üçün bildirək ki, 2016-cı ildə mal ətinin bir kiloqramının orta qiyməti 7,69 manat olduğu halda, 2026-cı ilin sentyabrında sümüklü mal ətinin orta satış qiyməti 17,43 manata çatıb. Kərə yağının bir kiloqramının qiyməti isə 8,60 manatdan 23 manata qədər yüksəlib. Un və çörək məmulatlarının qiymətində də artım yaşanıb. Məsələn, 2016-cı ildə buğda ununun bir kiloqramı orta hesabla 80 qəpik, çörəyin bir kiloqramı isə 67 qəpik olub. 2026-cı ilin sentyabrında bu göstəricilər müvafiq olaraq 1,50 manat və 1,28 manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2016-cı ildə bir sıra əsas ərzaq məhsullarının orta pərakəndə satış qiymətləri belə olub:
- Kərə yağı (1 kq): 8,60 manat;
- Süd (1 litr): 0,85 manat;
- Buğda unu (1 kq): 0,80 manat;
- Çörək (1 kq): 0,67 manat;
- Mal əti (1 kq): 7,69 manat;
- Qoyun əti (1 kq): 9,01 manat;
- Toyuq əti (1 kq): 3,45 manat;
- Çay (500 qram): 7,50 manat.
2026-cı ilin sentyabr ayına olan statistik göstəricilər isə aşağıdakı kimidir:
- Kərə yağı (1 kq): təxminən 23,15 manat;
- Günəbaxan yağı (1 litr): 5,27 manat;
- Buğda unu (1 kq): 1,50 manat;
- Çörək (1 kq): 1,28 manat;
- Sümüklü mal əti (1 kq): 17,43 manat;
- Sümüksüz mal əti (1 kq): 21,11 manat;
- Qoyun əti (1 kq): 19,48 manat.
Beləliklə, müqayisə göstərir ki, kərə yağının qiyməti təxminən 169 faiz, mal ətinin qiyməti 127 faiz, unun qiyməti 87,5 faiz, çörəyin qiyməti isə 91 faiz artıb.

Son 10 ildə ölkədə yanacağın qiymətləri də əhəmiyyətli dərəcədə artıb. 2016-cı ildə Azərbaycanda Aİ-92 markalı benzinin bir litri 70 qəpik, dizel yanacağının bir litri isə 60 qəpik olub. 2026-cı ildə isə Aİ-92 markalı benzinin qiyməti 1,15 manat, dizel yanacağının qiyməti isə 1,10 manat təşkil edir.
Son 10 ildə kommunal xidmətlərin – elektrik enerjisi, təbii qaz və su təchizatının tariflərində də dəyişikliklər olub. 2016-cı ildə elektrik enerjisinin əhali üçün tarifləri istehlak həcmindən asılı olaraq fərqlənirdi. Həmin ilin iyul ayında bir kilovat-saat elektrik enerjisinin qiyməti 7 qəpiyə yüksəldilmişdi. Noyabrın sonunda qəbul edilən qərarla aylıq istehlakın 300 kilovat-saatadək olan hissəsi üçün 7 qəpik, bundan artıq hissəsi üçün isə 11 qəpik tarif müəyyənləşdirilmişdi.
2026-cı ildə isə əhali üçün elektrik enerjisinin tarifləri belədir:
- Aylıq 200 kVtsaatadək istehlak üçün: 8,4 qəpik;
- 200–300 kVtsaat arasında: 10 qəpik;
- 300 kVtsaatdan çox: 15 qəpik.
Bundan əlavə, 2026-cı il yanvarın 1-dən əhali abonentləri üçün aylıq 1 manat sabit tarif də tətbiq olunur.
Təbii qaza gəlincə, 2016-cı ildə əhali üçün illik istehlakın 1700 kubmetrədək olan hissəsinə 10 qəpik, bundan artıq hissəsinə isə 20 qəpik tarif tətbiq edilirdi.
2026-cı ildə qazın tarifləri belədir:
Əhali üçün:
- İllik 1200 kubmetrədək istehlak: 12,5 qəpik;
- 1200–2500 kubmetr arasında: 22 qəpik;
- 2500 kubmetrdən artıq: 30 qəpik.
Bundan başqa, 2026-cı ildən əhali abonentləri üçün aylıq 1 manat sabit tarif də müəyyən edilib. Beləliklə, qazın aşağı istehlak pilləsində qiyməti 25 faiz, ən yüksək istehlak pilləsində isə 50 faiz artıb.
Su təchizatı tarifləri də son 10 ildə əhəmiyyətli dərəcədə dəyişib. 2016-cı ilin may ayından etibarən əhali üçün suyun bir kubmetrinin qiyməti Bakı, Sumqayıt, Xırdalan şəhərlərində və Abşeron rayonunda 35 qəpik, digər bölgələrdə isə 30 qəpik müəyyən edilmişdi. Tullantı sularının axıdılması üçün əlavə 15 qəpik tarif tətbiq olunurdu.
2026-cı ildə isə su təchizatı tarifləri belədir:
- Bakı, Sumqayıt, Xırdalan və Abşeron rayonu: 70 qəpik/kubmetr;
- Digər şəhər və rayonlar: 60 qəpik/kubmetr;
- Tullantı sularının axıdılması: 30 qəpik/kubmetr.
Beləliklə, Bakı və ətraf ərazilərdə su təchizatının tarifi iki dəfə, digər bölgələrdə isə 100 faiz artıb.
Son 10 ildə ictimai nəqliyyatda gedişhaqları da əhəmiyyətli dərəcədə artırılıb. 2016-cı ildə Bakı metrosunda və şəhərdaxili avtobusların əksəriyyətində bir gedişin qiyməti 20 qəpik idi.
Sonrakı illərdə tariflər mərhələli şəkildə artırılıb:
- 2018-ci ildə: 20 qəpikdən 30 qəpiyə;
- 2023-cü ildə: 30 qəpikdən 40 qəpiyə;
- 2024-cü ildə: 40 qəpikdən 50 qəpiyə;
- 2025-ci ilin oktyabrından metroda: 50 qəpikdən 60 qəpiyə.
Beləliklə, metroda gedişhaqqı 2016-cı illə müqayisədə üç dəfə artıb. Bu isə 200 faizlik bahalaşma deməkdir.
Maraqlıdır, bəs son 10 ildə qiymət artımları ilə müqayisədə əhalinin gəlirləri – əməkhaqqı və pensiyalar nə qədər yüksəlib?
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2016-cı ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 499,8 manat təşkil edib.2026-cı ilin yanvar-sentyabr aylarında isə bu göstərici 1172,7 manata yüksəlib. Beləliklə, son 10 ildə orta aylıq nominal əməkhaqqı təxminən 134,6 faiz artıb.
Pensiyalara gəlincə, 2016-cı ilin sonunda orta aylıq əmək pensiyasının məbləği 192,2 manat olub. 2026-cı ilin martına olan məlumata görə, orta aylıq pensiya 593 manat təşkil edib. Bu isə 10 il ərzində orta aylıq pensiyanın təxminən 208,5 faiz artması deməkdir.
E. Bəyməmmədli
"AzPolitika.info"


Şərhlər