Vahid Əhmədov: “İnsanların hazırkı maaş və pensiyalarla bu qiymətlərə uyğun yaşaması çox çətindir”
"Ən böyük problemlərindən biri iş yerlərinin çatışmazlığıdır, yeni iş yerləri yaradılmalıdır"
"Deputat ildə bir dəfə çıxış etməklə fəaliyyətini məhdudlaşdırmamalıdır”
İqtisadçı alim, istiqlalçı millət vəkili Vahid Əhmədov region və ölkə gündəminin aktual mövzuları ilə bağlı "AzPolitika"nın suallarını cavablandırıb.
Müsahibənin ikinci hissəsini təqdim edirik:
(Müsahibənin birinci hissəsi burada)
- Vahid müəllim, Azərbaycandan danışaq. Parlamentdə büdcə müzakirələri başlayıb və əvvəlki illərlə müqayisədə kifayət qədər maraqlı müzakirələr aparılır. Keçmiş deputat, iqtisadçı və alim kimi büdcə müzakirələrindən nə gözləyirsiniz?
- Ümumiyyətlə, dövlət büdcəsinin müzakirəsi çox ciddi aparılmalıdır. Çünki Azərbaycanda insanların həyat şəraiti bunu tələb edir. Mənə də müxtəlif bölgələrdən çoxsaylı müraciətlər daxil olur. İnsanlar müəyyən problemlərini çatdırır, kömək istəyirlər.
Dövlət büdcəsi dövlətin maliyyə güzgüsüdür. Ölkədəki bütün əsas iqtisadi və sosial proseslər büdcədə öz əksini tapır. Həmişə çalışmışıq ki, büdcə müzakirələri zamanı insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən problemlər gündəmə gətirilsin və həllini tapsın.
Lakin son vaxtlar dünyada baş verən proseslər elə bir vəziyyət yaradıb ki, dövlətlər ilk növbədə öz təhlükəsizliklərini təmin etməyə çalışırlar. Buna görə də təhlükəsizlik və müdafiə sahələrinə daha çox vəsait ayrılır.
Mən diqqət yetirdim ki, 2027-ci ilin dövlət büdcəsində təhlükəsizlik və müdafiə sahələrinə təxminən 9 milyard manat vəsait nəzərdə tutulub. Bu, kifayət qədər böyük məbləğdir. Dövlət büdcəsinin ümumi həcmini nəzərə alsaq, təhlükəsizliyə ayrılan vəsaitin payı əhəmiyyətlidir. Üstəlik, il ərzində əlavə ehtiyaclar yarana və bu istiqamətə əlavə vəsait ayrıla bilər.
Dövlət, ilk növbədə, təhlükəsizliyini təmin etməyi düşünür. Ətrafımızdakı geosiyasi vəziyyət də bunu zəruri edir. Şimalımızda Rusiya, cənubumuzda İran, digər istiqamətlərdə isə mürəkkəb regional proseslər var. Bu səbəbdən Azərbaycanın müstəqil dövlət kimi mövqeyini qoruması üçün təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsi başadüşüləndir. Lakin bütün bunlara baxmayaraq, insanların sosial vəziyyətinə diqqət artırılmalıdır.
- Gələn il üçün əsas prioritet hansı sahələr olmalıdır?
- Mənim fikrimcə, əsas prioritetlərdən biri kənd təsərrüfatı, digəri isə sənaye sahələri olmalıdır. Azərbaycan hər zaman güclü sənaye potensialına malik ölkə olub. Bizim böyük zavodlarımız, fabriklərimiz və müxtəlif sənaye müəssisələrimiz fəaliyyət göstərib. Təəssüf ki, son dövrlərdə sənaye zonalarının və iri istehsal müəssisələrinin yaradılmasına kifayət qədər diqqət yetirildiyini görmürəm. Halbuki bunun üçün imkanlarımız və maliyyə resurslarımız var.
İndi müxtəlif müzakirələr aparılır. Bəzən kənd təsərrüfatı ilə bağlı elə məsələlər gündəmə gətirilir ki, onların dövlət büdcəsinə ciddi töhfə verəcəyi inandırıcı görünmür. Məsələn, ev quşlarının və quşçuluq məhsullarının sayılması kimi məsələlər müzakirə olunur. Halbuki dövlət büdcəsinin gəlirlərini artırmaq üçün daha çox əlavə dəyər yaradan, rəqabətqabiliyyətli məhsulların istehsalına diqqət yetirilməlidir. Bu sahədə daha ciddi və sistemli iş aparılmalıdır. İkinci mühüm məsələ məşğulluqdur. Mən həmişə demişəm ki, Azərbaycanın, xüsusən bölgələrin n böyük problemlərindən biri iş yerlərinin çatışmazlığıdır. Kifayət qədər yeni iş yerləri yaradılmalıdır.
Dövlət başçısı kənd təsərrüfatı ilə bağlı müşavirədə kəndlərin boşaldığını, insanların şəhərlərə axın etdiyini bildirmiş və bölgələrdə yeni iş yerlərinin açılmasının vacibliyini vurğulamışdı. Lakin həmin çıxışdan xeyli vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə ciddi nəticələr görmürəm.
Mən dəfələrlə təklif etmişəm ki, ölkənin 14 iqtisadi rayonunun hər biri üçün ayrıca dövlət proqramı hazırlansın. Bu proqramların əsas məqsədi yeni iş yerlərinin yaradılması olmalıdır. Kəndlərdən rayon mərkəzlərinə qədər emal müəssisələri, kənd təsərrüfatı obyektləri və digər istehsal sahələri yaradılmalıdır. İnsanlar iş tapmaq üçün kütləvi şəkildə şəhərlərə üz tutmamalı, yaşadıqları bölgələrdə işləmək imkanı əldə etməlidirlər. Bu sahədə ciddi irəliləyiş görmürəm.
Məsələn, Sumqayıtda böyük sənaye potensialı yaradılıb və orada 12-13 min nəfər çalışır. Mən hesab edirəm ki, bu müəssisələrin bir hissəsini Quba-Xaçmaz, bir hissəsini Lənkəran-Astara, digər hissəsini isə Aran iqtisadi rayonunda yaratmaq daha məqsədəuyğun olardı. Beləliklə, iş yerləri ölkə ərazisi üzrə daha bərabər paylanar, insanlar bir bölgədə cəmləşməz və paytaxta axın azalardı. Sumqayıt da Bakıdan cəmi 30 kilometr məsafədə yerləşir. Bu baxımdan, sənaye müəssisələrinin bölgələrdə yaradılması daha düzgün yanaşma olardı.
- Ərzaq məhsullarının bahalaşması da davam edir...
- Şübhəsiz ki, digər ciddi problem qiymət artımıdır. Azərbaycanda qiymətlər çox yüksəkdir. Üstəlik, bəzi hallarda qiymət artımından sui-istifadə edilir və obyektiv səbəblərlə bağlı olmayan bahalaşma da baş verir.
Xaricdən məhsul idxal edirik və dünya bazarında qiymətlər artdıqda bu, daxili bazara da təsir göstərir. Lakin özümüzün istehsal etdiyimiz məhsulların qiymətlərinin də əsassız şəkildə yüksəlməsi düzgün deyil.
Hətta bəzi meyvə-tərəvəz mağazalarının bağlandığını görürük. Onlar normal fəaliyyət göstərə bilmir, satış imkanları məhdudlaşır. Bu sahədə də kifayət qədər problem var.
- Vahid müəllim, bəs müavinətlər, maaş və pensiyalarda əhəmiyyətli artım gözləyirsiz?
- Bilirsiniz, əməkhaqqı və pensiya məsələləri ciddi diqqət tələb edir. Deyilir ki, yanvar ayında ciddi artımlar olacaq. Lakin bəzi deputatların çıxışlarına qulaq asanda elə təəssürat yaranır ki, guya qeyri-adi artım baş verib. Halbuki hər il inflyasiya olur və qanunvericiliyə uyğun olaraq pensiyalar indeksləşdirilir. Bu, onsuz da həyata keçirilməli olan prosesdir.
Mən bunu real pensiya artımı hesab etmirəm. Pensiyanın indeksləşdirilməsi, əməkhaqqının artırılması və yaşayış minimumunun dəyişdirilməsi fərqli anlayışlardır.
Bir misal çəkim: istehlak səbəti var. Minimum əməkhaqqı və digər sosial göstəricilər müəyyən edilərkən həmin səbət əsas götürülür. Lakin bu səbət çoxdan yenilənməli idi. Hökumət onu yenidən təsdiq etməlidir.
İstehlak səbətində insanların gündəlik ehtiyacları üçün zəruri olan ərzaq və qeyri-ərzaq məhsulları, birinci tələbat malları düzgün əksini tapmalıdır. Bəzən oraya insanın ildə bir dəfə, hətta on ildə bir dəfə istifadə etdiyi məhsullar daxil edilir, halbuki gündəlik ehtiyac duyduğu mallar lazımi səviyyədə nəzərə alınmır.
Ona görə də istehlak səbəti yenidən nəzərdən keçirilməli və təsdiqlənməlidir. Hökumət belə məsələlərə xüsusi diqqət yetirməlidir.
Bir daha vurğulayıram ki, ölkəmizin əsas problemlərindən biri iş yerlərinin yaradılmasıdır. Bu istiqamətdə geniş proqramlar hazırlanmalı, müvafiq qurumlara konkret tapşırıqlar verilməli və işlər sürətləndirilməlidir.

- Vahid müəllim, kənd təsərrüfatında istehsal olunan məhsulların vergidən azad edilməsi müddəti başa çatır. Artıq həmin məhsullardan əldə olunan gəlirin 10 faizinə vergi tətbiq olunması nəzərdə tutulur. Onsuz da kənd təsərrüfatı subsidiyalar hesabına fəaliyyət göstərir.
- Kənd təsərrüfatı bütün dünyada subsidiyalar və dövlət dəstəyi hesabına fəaliyyət göstərir. Bu, təkcə Azərbaycana aid deyil. Azərbaycanda da subsidiyaların verilməsinin səbəbi kənd təsərrüfatında mövcud olan çətinliklərdir. Su təminatı ilə bağlı problemlərimiz var, torpaqların şoranlaşması müşahidə olunur və digər ciddi çətinliklər mövcuddur.
İndi iri fermer təsərrüfatları və aqroparklar yaradılır, dövlət diqqətini daha çox həmin təsərrüfatlara yönəldir. Lakin adi vətəndaşın həyətyanı sahəsində və ya bir neçə hektar torpağında istehsal etdiyi məhsullara da diqqət yetirmək lazımdır.
Bu yaxınlarda torpaq sahələrinin birləşdirilməsi ilə bağlı təkliflər səsləndirildi. Mən hesab edirəm ki, bu, yaxşı ideyadır. Ancaq torpaqların birləşdirilməsi üçün düzgün mexanizm hazırlanmalıdır. Məsələn, beş nəfər könüllü şəkildə birləşərək ortaq təsərrüfat yaratmaq istəyirsə, bunun üçün əlverişli şərait olmalıdır. Bu proses insanlarda yenidən kolxoz və sovxoz sisteminin yaradıldığı təəssüratı yaratmamalıdır.
Bütün tədbirlər elə təşkil olunmalıdır ki, həm dövlətə, həm də insanlara fayda versin. Yoxsa onsuz da çətinliklə yaşayan, zəhmət çəkərək bir parça çörək qazanan insanlara əlavə vergi yükü qoymaq nə dərəcədə doğrudur? Mən hesab edirəm ki, bu məsələyə yenidən baxılmasına ehtiyac var.
- Bəs bahalaşmanın qarşısını almaq üçün nə etmək lazımdır?
- Bahalaşmanın qarşısını almaq üçün, ilk növbədə, Antiinhisar və İstehlak Bazarına Nəzarət qurumları öz işlərini ciddi şəkildə qurmalıdırlar. Subyektiv qiymət artımına yol verilməməlidir. Obyektiv qiymət artımını müəyyən mənada başa düşmək olar. Dünya bazarında qiymətlər yüksəlirsə, bu, Azərbaycana da təsir edəcək. Lakin subyektiv, əsassız qiymət artımı da kifayət qədər geniş yayılıb, bunun qarşısı alınmalıdır.
Mən mağazalarda, marketlərdə və ticarət mərkəzlərində qiymətlərin sürətlə artdığını müşahidə edirəm. İnsanların hazırkı əməkhaqqı və pensiya səviyyəsi ilə bu qiymətlərə uyğun yaşaması çox çətindir. İndi pensiyaların 7-10 faiz artırılmasından danışılır. İnflyasiyanın isə 5-6 faiz olduğu bildirilir. Lakin reallıqda insanların gündəlik xərcləri bundan daha çox arta bilər.
Mən dəfələrlə demişəm ki, Azərbaycanda statistikanın fəaliyyətinə və istifadə olunan metodologiyaya yenidən baxılmalıdır. Qiymət artımının hesablanması metodikası dəyişdirilməlidir. Bundan başqa, istehlak bazarına nəzarət gücləndirilməlidir. Müvafiq qurumlar bazarlara gedərək qiymətləri yoxlamalı, əsassız bahalaşmanın qarşısını almalıdırlar.
İkincisi, dövlətin müəyyən ehtiyat fondları olmalıdır. Bazarda qiymət artımı baş verəndə dövlət ehtiyatlarından istifadə etməklə zəruri məhsulları bazara çıxarmaq və qiymətlərin daha da yüksəlməsinin qarşısını almaq mümkündür. Dövlət bu məsələlərə müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək. Ona görə də bu, çox ciddi məsələdir.
- Deputatlardan Naqif Həmzəyev rayonlarda infrastruktur və məşğulluq problemlərinin çox olduğunu, deputatların isə bu məsələləri qaldırmaq və həll etmək üçün kifayət qədər səlahiyyətlərinin olmadığını bildirmişdi. Siz necə düşünürsünüz?
- Mən həmin çıxışı dinləmişəm. Bu gün də mənə eyni sualı verdilər. Əvvəla, deputatın şəxsi keyfiyyətləri və nüfuzu burada böyük rol oynayır. Mən 20 il Qubadan deputat olmuşam. Heç vaxt elə olmayıb ki, hansısa nazir və ya komitə sədri ilə müəyyən məsələni müzakirə edim, amma onun həllinə nail ola bilməyim. Ola bilərdi ki, ilk müraciətdə nəticə əldə olunmasın. Lakin ikinci və ya üçüncü dəfə müraciət etməklə məsələni həll etdirirdim. Rayon rəhbərliyi qarşısında qaldırdığım problemlər də həllini tapırdı.
Birincisi, bu, deputatın özündən asılıdır. Əgər sən xalqın etimadını qazanaraq deputat seçilmisənsə, öz mövqeyini möhkəm hiss etməli, seçicilərin problemlərini qaldırmalı və onların həlli üçün çalışmalısan.
İkincisi, Azərbaycanda prezident üsul-idarəsi mövcuddur. Əsas qərarları Prezident qəbul edir və icra hakimiyyəti sistemi də onun rəhbərliyi altında fəaliyyət göstərir. Nazirlər Kabineti də Prezidentə tabedir və müvafiq göstərişlər əsasında işləyir.
Parlamentin səlahiyyətlərinin geniş olması məsələsi daha çox parlament üsul-idarəsi olan dövlətlərə aiddir. Azərbaycan parlament respublikası deyil.
Düzdür, mən də istərdim ki, parlamentin səlahiyyətləri daha geniş olsun. Həmkarımız Qüdrət Həsənquliyev də bir neçə dəfə bu məsələni qaldırıb. Hesab edirəm ki, parlamentin səlahiyyətlərinin artırılması yaxşı olardı. Lakin bunun üçün Konstitusiyaya dəyişiklik edilməlidir.
Ümumiyyətlə, Konstitusiyaya yenidən baxılmasının da vaxtı çatıb. Bu gün həm icra hakimiyyəti orqanlarının fəaliyyəti, həm də parlamentin səlahiyyətləri ilə bağlı müzakirələr aparılmalıdır.
Amma bütün bunlara baxmayaraq, deputat yalnız parlamentin ona daha çox səlahiyyət verməsini gözləməməlidir. Deputatın öz fəaliyyət prinsipləri var. İlk növbədə, seçicilərlə müntəzəm görüşlər keçirməlidir. Təmsil etdiyi rayonun problemlərini öz problemi kimi qəbul etməlidir. İnsanların hansı çətinliklərlə üzləşdiyini bilməli, həmin məsələləri Milli Məclisdə qaldırmalıdır.
İldə bir dəfə çıxış etməklə, arada bir neçə məsələni gündəmə gətirməklə deputatlıq fəaliyyətini məhdudlaşdırmaq olmaz.
Milli Məclisdə Naqif Həmzəyevlə vitse-spiker arasında baş verən polemikaya da diqqət yetirdim. Naqif Həmzəyev, əslində, qeyri-adi bir fikir səsləndirməmişdi. Sadəcə, müəyyən məsələni qaldırdığını bildirmişdi. Axı deputatın əsas fəaliyyət yerlərindən biri parlamentdir. O, orada danışmalı, seçicilərinin problemlərini gündəmə gətirməlidir.
Ümumiyyətlə, parlamentdə qarşılıqlı hörmət və həmrəylik olmalıdır. Xalqın xeyrinə olan məsələlərdə bir-birimizi dəstəkləməliyik. Çünki həmin məsələlər bütövlükdə cəmiyyətin maraqlarına xidmət edir.
Elçin Rüstəmli
"AzPolitika.info"


Şərhlər