Azərbaycanda ortalama ərzaq qiymətləri və əhalinin alıcılıq qabiliyyətilə bağlı müxtəlif hesablama üsullarından istifadə edilir. Bu hesablamalar müxtəlif olduğundan, əhalinin istehlak xərclərinin strukturu ilə bağlı da fərqli nəticələrə rast gəlinir. Lakin qiymətlərin mütəmadi artımı fonunda ümumilikdə görünən odur ki, Azərbaycan əhalisinin xərc “menyusu”nda ərzaq alışına ödənən aylıq vəsait kifayət qədər yüksək xüsusi çəkiyə malikdir.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı paylaşımında Azərbaycan əhalisinin ərzaq xərclərini digər ölkələrlə müqayisə edib: “İstənilən ölkədə əhalinin maddi durumunu ölçmək üçün müxtəlif indikatorlar var, onlardan biri də əhalinin aylıq xərclərində ərzağa ödədiyi vəsaitin payıdır - ərzaq xərclərinin ümumi xərclərdəki payı nə qədər çoxdursa, vətəndaş bir o qədər kasıbdır.
Azərbaycanda əhali aylıq xərclərinin 50%-ə yaxınını ərzağa xərcləyir. Gürcüstanda bu rəqəm 38,7%, Ermənistanda isə 40,7%-dir.
Avropa Birliyinin ən kasıb ölkəsi olan Bolqarıstanda bu rəqəm 29,3%-dir.
AB-nin varlı ölkələrindən biri olan Almaniyada əhali aylıq xərclərinin cəmi 14%-i ərzağa yönəldir. ABŞ-da isə bu rəqəm 13%-dir”.
İqtisadçı qeyd edir ki, ölkə əhalisinin xərclərində ərzaq və dərman alışına xərclənən pullar üstünlük təşkil edir: ”Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manat məhsul satılıb. Bu məbləğın 28 677,3 mln. manatı sırf ərzağa, 1 560,4 mln. manatı dərmana gedib. Bizdə əhali aylıq xərclərinin 53-55% arasını ərzağa və dərmana verir”.
İqtisadçı hesab edir ki, bu statistika əhalinin həyat səviyyəsinin yüksək olmadığının göstəricisidir. Onun sözlərinə görə, hökumətin əsas hədəfi də əhalinin varlanması olmalıdır. Çünki bu zaman büdcəyə də daha çox vergi-rüsum şəklində vəsait daxil olacaq.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər