Menu

TEMPERATUR 10 DƏRƏCƏ ENƏCƏK, KÜLƏK GÜCLƏNƏCƏK - Xəbərdarlıq

13.11.2026, 16:58
TEMPERATUR 10 DƏRƏCƏ ENƏCƏK, KÜLƏK GÜCLƏNƏCƏK - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

“AzPolitika” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun isə ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Noyabrın 15-i axşam hava şəraitinin Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi gözlənilir.

***

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə "AzPolitika"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Hacıqabul, Xızı, Qusar, Neftçala, Ağstafa, Qazax, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Salyan, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol