Menu

"İMTAHANLAR ŞİFAHİ KEÇIRİLSİN..." - Rektordan təklif

13.11.2026, 16:25
"İMTAHANLAR ŞİFAHİ KEÇIRİLSİN..." - Rektordan təklif

Günümüzün ayrılmaz reallığına çevrilən süni intellekt ali məktəb tələbələri tərəfindən geniş istifadə olunmaqdadır. Artıq universitetlərdə tələbələrin diplom işləri və dissertasiyalar yazan zaman süni intellektdən istifadə etməsi adi hala çevrilib. Həmin işlərin süni intellektlə hazırlandığını müəyyən etmək isə ali məktəb müəllimləri üçün asan deyil.

Bəs bu işləri ənənəvi qaydada yoxlayan müəllimlər, professorlar necə ayırd edəcəklər ki, onlar süni intellektlə yazılıb, ya yox?

“AzPolitika” “FED.az”-a istinadla xəbər verir ki, bu sualı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov Bakıda keçirilən 2-ci Süni İntellekt Zirvəsində cavablayıb.

Onun sözlərinə görə, burada əsas məsələ tələbənin süni intellektdən prosesin hansı mərhələsində istifadə etməsidir: "Əgər məqsədimiz tələbəyə öyrətməkdirsə, ilk mərhələrdə tələbələrin işlərini ənənəvi qaydada yerinə yetirməsi daha məqsədəuyğundur. Sonrakı mərhələdə isə süni intellektdən daha geniş istifadə edə bilər.

Məsələn, neft-qaz sənayesində bir nasosda vibrasiya baş verirsə, onun ölçülməsi üçün müvafiq sensor quraşdırılır, məlumatlar toplanır və süni intellekt vasitəsilə təhlil edilir. Lakin tələbə ilk növbədə nasosun nə olduğunu, sensorun necə işlədiyini bilməli, alınan spektri oxumağı və nəticələri təhlil etməyi bacarmalıdır".

Rektor sualın doğru olduğunu bildirərək, qiymətləndirmə metodlarının dəyişməli olduğunu qeyd edib: "Mənim də bu məsələ ilə bağlı əsas yanaşmam ondan ibarətdir ki, qiymətləndirmə sistemini yenidən nəzərdən keçirməliyik. Müəyyən qaydalar müəyyənləşdirilməlidir: tələbə hansı hallarda və hansı mərhələlərdə süni intellektdən istifadə edə bilər və s.

Eyni zamanda, imtahanların tədricən şifahi formada keçirilməsinə üstünlük verilməlidir. Düzdür, bu zaman şəffaflıq və digər məsələlərlə bağlı müəyyən problemlər yarana bilər. Lakin tələbənin düşünmə və mühakimə qabiliyyətini yoxlamaq üçün şifahi imtahanlar əhəmiyyətlidir.

Müəllim yalnız tələbənin əldə etdiyi nəticəyə baxmamalı, həmin nəticəyə hansı prosesdən keçərək gəldiyini də təhlil etməlidir. Əsas məsələ tələbənin nəticəni necə əldə etdiyini, hansı bilik və bacarıqlardan istifadə etdiyini müəyyənləşdirməkdir".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol