Menu

"ONLAR İKİ ÖLKƏ ARASINDA GƏRGİNLİYİN YARANMASINDAN MƏMNUN İDİLƏR..." - "Ukraynada müharibə hələ bir müddət davam edəcək, çünki..."

13.11.2026, 15:33
"ONLAR İKİ ÖLKƏ ARASINDA GƏRGİNLİYİN YARANMASINDAN MƏMNUN İDİLƏR..." - "Ukraynada müharibə hələ bir müddət davam edəcək, çünki..."

Vahid Əhmədov: "Həm Azərbaycanda, həm də Türkiyədə mətbuat bu məsələni düzgün işıqlandırmadı, doğru mövqe nümayiş etdirmədi..."

"Dünya iqtisadi və siyasi sistemində ciddi çətinliklər yaranıb"

İqtisadçı alim Vahid Əhmədov region və ölkə gündəminin aktual mövzuları ilə bağlı "AzPolitika"nın suallarını cavablandırıb.

Müsahibənin birinci hissəsini təqdim edirik:

- Vahid müəllim, Türkiyə-Azərbaycan münasibətlərində bir-neçə gün müşahidə olunan gərgin günlərin artıq geridə qaldığını demək olarmı?

- Hesab edirəm ki, ümumiyyətlə, bu hadisə baş verməməli idi. Həmin vaxt mətbuata açıqlama verməyi də zəruri hesab etmirdim. Çünki Azərbaycan-Türkiyə əlaqələri elə bir səviyyəyə yüksəlib ki, istər 44 günlük müharibə dövründə, istərsə də müharibəyə hazırlıq mərhələsində, eləcə də müharibədən sonrakı proseslərdə iki ölkə arasında çox isti münasibətlər formalaşıb. Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin şəxsi münasibətləri də bunun bariz nümunəsidir.

Belə bir vəziyyətdə məsələnin həm Türkiyə, həm də Azərbaycan mətbuatında bu şəkildə işıqlandırılması, açığı, nə Türkiyə, nə də Azərbaycan mediasına başucalığı gətirirdi. Bütün dünya, xüsusilə də Azərbaycanı və Türkiyəni istəməyən dövlətlər bu münasibətlərə diqqətlə baxırdı. Onlar iki ölkə arasında gərginliyin yaranmasından, təbii ki, məmnun idilər. Lakin bütün bunlara baxmayaraq, hesab edirəm ki, istər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, istərsə də Azərbaycan Prezidenti İlham Əliyev müdriklik nümayiş etdirərək yaranmış anlaşılmazlığı aradan qaldırdılar.

Türkiyə Prezidentinin Şuşaya səfəri, səfər ərəfəsindəki müzakirələr və nümayiş etdirilən isti münasibətlər, eləcə də cənab Prezidentin bu günlərdə Antalyada COP31 çərçivəsində keçirdiyi görüşlər və Ərdoğan tərəfindən yüksək səviyyədə qarşılanması bir daha göstərdi ki, bu iki dövlət ayrılmazdır. Biz bir millət, iki dövlətik. Əslində, bir dövlət kimi fəaliyyət göstərən iki qardaş ölkəyik. Bütün məsələlərdə ortaq mövqedən çıxış etməyə çalışırıq.

Təəssüf ki, burada mətbuatı da qınamaq məcburiyyətindəyəm. Çünki həm Azərbaycanda, həm də Türkiyədə mətbuat bu məsələni düzgün işıqlandırmadı, doğru mövqe nümayiş etdirmədi. Hətta Türkiyə ilə Azərbaycan arasında tarixən mövcud olmuş müəyyən fikir ayrılıqları, Atatürk dövrü və digər məsələlər yenidən gündəmə gətirildi.

Bilirsiniz, dövlətlər arasında müəyyən fikir ayrılıqları, problemlər və maraqların toqquşması ola bilər. Burada qeyri-adi heç nə yoxdur. Azərbaycanın marağındadır ki, Türkiyə ilə münasibətləri yaxşı olsun. Türkiyə də Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olmasını istəyir. İqtisadi, siyasi və digər sahələrdə əlaqələrimiz çox yüksək səviyyədədir.

Türkiyə mətbuatında da bu məsələ ilə bağlı ciddi müzakirələr getdi. İndi də sosial şəbəkələrdə müəyyən yazılara və çıxışlara rast gəlirik. Sanki bu hadisə müəyyən bir narazılıq mühiti yaratmışdı. Çox şükür ki, məsələ müəyyən qədər səngidi və münasibətlərimiz yenidən öz əvvəlki məcrasına qayıtdı.

Mən həmin vaxt da mətbuata açıqlamamda bildirmişdim ki, bu, hicab məsələsi deyil. Bu barədə danışmaq məsələnin mahiyyətini düzgün ifadə etmir. Burada daha dərin səbəblər və məsələlər var idi. Yaxşı ki, problem vaxtında aradan qaldırıldı və münasibətlərimiz yenidən əvvəlki səviyyəsinə qayıtdı.

Bir daha qeyd edirəm ki, istər Azərbaycan, istərsə də Türkiyə mətbuatı belə məsələləri bu səviyyəyə qaldırmamalıdır. Azərbaycan və Türkiyə strateji müttəfiqdir. Şuşa Bəyannaməsi var. Bizim ağır günlərimizdə Türkiyə, Türkiyənin çətin günlərində də Azərbaycan onun yanında olmalıdır. Tarix boyu belə olub.

Türkiyədə meşə yanğınları baş verəndə Azərbaycan yardım göstərib. Zəlzələ zamanı da ilk yardım edən ölkələrdən biri Azərbaycan olub. Azərbaycanın 44 günlük Vətən müharibəsində isə Türkiyə daim yanımızda olub, siyasi dəstəyini nümayiş etdirib. Bütün dünya bunları görür və qiymətləndirir.

Digər tərəfdən, Türk Dövlətləri Təşkilatı yaranıb. Hazırda altı dövlət bu təşkilat çərçivəsində fəaliyyət göstərir. Bu qurumun formalaşmasında Azərbaycan və Türkiyənin birgə səyləri, dövlət başçılarının siyasi iradəsi mühüm rol oynayıb. Təşkilatın gələcəkdə daha da genişlənəcəyi gözlənilir.

Ona görə də münasibətləri belə bir səviyyədə gərginləşdirmək düzgün addım deyildi. Yenə də vurğulayıram, bu məsələnin bu qədər qabardılmasında əsas məsuliyyət mətbuatın üzərinə düşür.

- Regiondakı digər hadisələrə də toxunaq. Abu-Dabidə Rusiya, Ukrayna, Avropa və Amerika nümayəndələrinin iştirakı ilə görüş keçirildi. Görüş nəticəsiz başa çatsa da, əsirlərin dəyişdirilməsi ilə bağlı müəyyən humanitar razılaşmanın əldə olunduğu bildirilir. Bu proseslərin davamını necə qiymətləndirirsiniz?

- Əvvəlcə bir məsələni qeyd edim: belə görüşlər bundan sonra da keçiriləcək. Vaxtilə Türkiyədə, daha sonra Cenevrədə görüşlər oldu. İndi isə Abu-Dabidə danışıqlar aparıldı. Belə görüşlərin keçirilməsi təbiidir.

Mən bunu mətbuatda dəfələrlə bildirmişəm: Rusiya müharibəni başa çatdırmaq istəmir. Ən azı, müharibənin özünün maraqlarına uyğun şərtlərlə başa çatmasını istəyir. Donbası, Zaporojyeni və digər əraziləri ələ keçirmək niyyətindədir. Lakin Ukrayna bununla razılaşmaq fikrində deyil. Ukraynada çoxlu dostlarım var. Onların arasında yüksək vəzifələrdə çalışanlar, vaxtilə prezident olmuş şəxslər də var. Onlar torpaqlarından imtina etmək niyyətində deyillər.

Digər tərəfdən, Rusiyanın indiyədək müharibəni davam etdirmək imkanlarını qoruyub saxlamasında Donald Trampın da müəyyən rolu oldu. Bunu siyasi prosesləri izləyən hər kəs bilir. Trampla Putin arasındakı münasibətlər müəyyən mənada Ukraynaya mənfi təsir göstərdi.

Ukrayna həm silah təminatı, həm də kəşfiyyat məlumatlarının əldə olunması ilə bağlı müəyyən problemlərlə üzləşdi. Sonradan demokratların və Respublikaçılar Partiyasının təzyiqləri nəticəsində bəzi məsələlər yenidən qaydasına düşdü. İlon Mask da "Starlinq" sistemin fəaliyyətində problem olmadığını açıqladı.

Hesab edirəm ki, Tramp hakimiyyətdə olmasaydı, müharibənin Ukraynanın xeyrinə başa çatması ehtimalı daha yüksək olardı. Çünki Avropa tərəfindən Ukraynaya kifayət qədər böyük yardım göstərilir. Avropa bu məqsədlə yüz milyardlarla dollar vəsait ayırıb. Tramp isə bildirdi ki, ABŞ silahı Avropaya satacaq, Avropa da ehtiyac duyduğu silahları özü alacaq. Avropa bu yanaşmanı qəbul etdi.

Ukraynanın müharibədə məğlub olması, əslində, bütün Avropa üçün ciddi məğlubiyyət deməkdir. Rusiya da coğrafi və tarixi baxımdan Avropa məkanının bir hissəsidir. Ona görə də əslində Rusiya bu müharibənin başa çatmasında maraqlı olmalıdır. Ümumiyyətlə, bu müharibə başlanmamalı idi. İndi isə proseslər elə bir mərhələyə çatıb ki, onların arxasında müxtəlif geosiyasi maraqların dayandığı aydın görünür.

Hesab edirəm ki, Əbu-Dabidə keçirilən görüşlər də ciddi nəticə verməyəcək. Ola bilər ki, əsirlərin dəyişdirilməsi və digər humanitar məsələlərlə bağlı müəyyən razılaşmalar əldə olunsun. Lakin əsas problemlərin həlli üçün tərəflər arasında ortaq mövqe yoxdur.

Məsələn, Zelenski atəşkəs elan olunmasını, enerji infrastrukturlarına zərbələrin dayandırılmasını təklif etdi. Putin isə buna razılaşmadı. Digər tərəfdən, Putin Zelenski ilə görüşmək istəmir. Bu da açıq şəkildə görünür.

Açığı, müharibə başlayanda Zelenskinin bu qədər uzun müddət müqavimət göstərə biləcəyinə mən də inanmırdım. Lakin hadisələrin gedişi bunun əksini göstərdi. Müharibə başlamazdan əvvəl də Ukraynaya müxtəlif təkliflər verilmişdi. Zelenski isə geri çəkilməyəcəyini və sona qədər mübarizə aparacağını bildirmişdi. O, sözünün üstündə dayandı.

Ona görə də düşünürəm ki, müharibə hələ bir müddət davam edəcək. Ümumiyyətlə, dünyada siyasi vəziyyət dəyişib. Hazırda dünya idarəçiliyində əsas rol ABŞ-yə məxsusdur. Bunu qəbul etsək də, etməsək də, reallıq budur.

Düzdür, Çin də xeyli güclənib. Lakin Çin iqtisadiyyatı da ABŞ-dən müəyyən mənada asılıdır. İki ölkə arasında böyük ticarət əlaqələri, investisiya layihələri və maliyyə münasibətləri mövcuddur. Bu, ayrıca və geniş müzakirə tələb edən məsələdir. Ona görə də hesab edirəm ki, bir çox qlobal proseslərin həllində ABŞ-nin mövqeyi həlledici olaraq qalır.

- Bu arada ABŞ-də Konqresə keçirilmiş aralıq seçkilərin nəticəsi münaqişənin həllinə tədir edə bilərmi?

- Əlbəttə, ABŞ-də keçirilmiş parlament seçkilərində demokratların Konqresdə və Senatda mövqelərini gücləndirməsi siyasi vəziyyətə təsir göstərir. Trampın qarşıdakı iki ildə necə fəaliyyət göstərəcəyi və siyasi mövqeyini necə qoruyacağı hələ məlum deyil. Demokratlar ona qarşı ciddi siyasi mübarizə aparırlar.

Mən Barak Obamanın bir neçə çıxışını, xalqla görüşlərini izləmişəm. Onun kifayət qədər ağıllı və məntiqli çıxışları var. Bill Klintonun da bu məsələlərlə bağlı fikirlərini dinləmişəm. Eyni zamanda, keçmiş prezidentlər Corc Buş, Obama və Baydenin mövqelərinə diqqət yetirirəm. Onların Trampa münasibətində müəyyən fərqlər olsa da, ölkədə baş verən proseslərə dair ciddi müzakirələr aparılır.

Trampın siyasəti ABŞ-də daxili vəziyyəti də gərginləşdirib. Mənim Amerikada çoxlu əlaqələrim var. Oradakı qiymət artımını da izləyirəm. Benzinin qiyməti, əvvəlki dövrlə müqayisədə, xeyli yüksəlib. Müxtəlif məhsulların, o cümlədən ərzaq və sənaye mallarının qiymətlərində artım müşahidə olunur. Cəmiyyətdə narazılıq da kifayət qədər böyükdür.

Demokratların qarşıdakı iki il üçün öz siyasi planları var. Onlar Trampa müəyyən təzyiqlər göstərməyə çalışacaqlar. Hətta Respublikaçılar Partiyasının daxilində də demokratları müdafiə edən şəxslər var.

Bütün bunları nəzərə alaraq, müharibənin yaxın zamanda başa çatacağını gözləmirəm. Əvvəlki müsahibələrimdə də bu fikri bildirmişəm. Ola bilər ki, Rusiyada hansısa siyasi dəyişiklik baş versin. Belə olan halda danışıqlarda müəyyən irəliləyişlər mümkündür. Ancaq yaxın müddətdə bunun baş verəcəyinə inanmıram.

Digər tərəfdən, Ukraynanın müdafiə sənayesində də ciddi irəliləyişlər var. Uzunmənzilli raketlərin istehsalı və digər hərbi texnologiyaların inkişafı istiqamətində mühüm işlər görülür. Ona görə də müharibənin tezliklə başa çatacağı ilə bağlı müsbət proqnoz verə bilmirəm. Demokratların Trampa təsir göstərməsi və müəyyən dəyişikliklərə nail olması mümkündür. Lakin hələlik bu istiqamətdə ciddi nəticələr görünmür.

Eyni vəziyyəti Yaxın Şərqdə də müşahidə edirik. Bir müddət müəyyən fasilə yaransa da, yenidən İran ərazisinə zərbələr endirilməsinə başlanılıb.

- Yeri gəlmişkən, İran ətrafındakı vəziyyətdən nə gözləyirsiniz?

- İran güclü dövlətdir. İranın hərbi sənayesi ilə tanışlığım olub, bu sahəni müəyyən qədər öyrənmişəm. Əvvəlcə İranda hakimiyyət dəyişikliyinə nail olmaq və daha normal idarəçilik sistemi formalaşdırmaq istəyirdilər. Lakin bu plan baş tutmadı. Hətta Tramp da sonradan Xameneinin öldürülməsinin böyük səhv olduğunu, onunla danışıqlar aparmağın mümkünlüyünü bildirmişdi.

Hazırda İranda hakimiyyətə əsas nəzarəti həyata keçirən qurumlardan biri SEPAH-dır. Generallar ölkənin siyasi və iqtisadi həyatında mühüm rol oynayırlar. Neftin satışı, iqtisadi fəaliyyət və idarəetmə məsələlərində də onların təsiri böyükdür. Ölkədə prezident seçkiləri keçirilsə də, faktiki səlahiyyət bölgüsü daha mürəkkəbdir.

Mən inanmıram ki, Yaxın Şərqdə vəziyyət yaxın zamanda dəyişsin. İsrailin özündə də ciddi siyasi proseslər gedir. İsraildə Baş nazirin hakimiyyətdəki mövqeyi və ölkənin gələcək idarəçiliyi ilə bağlı müzakirələr davam edir. Onun səlahiyyətlərinin müvəqqəti xarakter daşıması, yeni hökumətin formalaşdırılması və digər məsələlər gündəmdədir.

İsraildə müxtəlif siyasi qüvvələr arasında danışıqlar aparılır. Liberman da bu proseslərdə adı çəkilən şəxslərdəndir. O, Azərbaycanın dostu kimi tanınır. Yeni hökumətdə ona İqtisadiyyat naziri vəzifəsi təklif olunub.

- Eyzenkot hökuməti qurularsa, İsrailin xarici siyasətində dəyişiklik mümkündürmü?

- Ümumiyyətlə, İsraildəki proseslər mürəkkəbdir. Yeni siyasi rəhbərlikdən ciddi dəyişikliklər gözləmirəm. Çünki orada da müharibə tərəfdarı olan qüvvələr mövqelərini qoruyurlar. Ona görə də Yaxın Şərqdə sabitlik gözləmirəm. Beləliklə, regionda vəziyyət gərgindir. Türkiyədə iqtisadi problemlər və qiymət artımı davam edir. İranda isə iqtisadi vəziyyət daha mürəkkəbdir. Milli valyutanın dəyəri ciddi şəkildə aşağı düşüb.

Bütün bunlar göstərir ki, problemlər təkcə İran və ya Ukrayna ilə məhdudlaşmır. Dünya iqtisadi və siyasi sistemində ciddi çətinliklər yaranıb. Bir çox ölkələrdə inflyasiya artır, yeni geosiyasi gərginlik ocaqları meydana çıxır.

Hörmüz boğazı ətrafındakı vəziyyət, Qara dənizdəki müharibə və digər proseslər enerji bazarına təsir göstərir. Nəticədə neftin qiyməti yüksəlir, bunun ardınca da digər məhsullar bahalaşır.

Azərbaycan hazırda müəyyən mənada idxal inflyasiyası ilə üzləşir. Çünki özümüzü yerli istehsal hesabına kifayət qədər təmin edə bilmirik. Bir çox məhsulları xaricdən gətirməyə məcburuq. Xaricdə qiymətlər yüksəldikdə həmin məhsulları ölkəmizdə də daha baha qiymətə satmaq zərurəti yaranır. Bu, çox ciddi iqtisadi və siyasi məsələdir.

Ümumiyyətlə, dünya siyasətinə və iqtisadiyyatına baxanda görürük ki, müxtəlif sistemlərdə oxşar problemlər mövcuddur. İstər sosialist, istərsə də kapitalist sistemi olsun, hər yerdə müəyyən qruplar özləri üçün əlverişli şərait yaradır, digər insanların imkanlarını məhdudlaşdırırlar.

- Vahid müəllim, Azərbaycandan danışaq. Parlamentdə büdcə müzakirələri başlayıb və əvvəlki illərlə müqayisədə kifayət qədər maraqlı müzakirələr aparılır. Keçmiş deputat, iqtisadçı və alim kimi büdcə müzakirələrindən nə gözləyirsiniz?

(Ardı var)

Elçin Rüstəmli

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol